AZ

Bizi mədəni davranmağa məcbur edən yalnız cərimə olmalıdır? -KÖŞƏ

Metro, sadəcə nəqliyyat vasitəsi deyil, şəhərin ritmidir, insanların gündəlik həyatının aynasıdır. Səhərin erkən saatlarında işə tələsənlər, dərsə gecikməməyə çalışan tələbələr, yorğun halda evinə qayıdan insanlar… hamısı eyni vaqonda, eyni məkanda, eyni qaydalar çərçivəsində bir araya gəlir. Amma bəzən bu ortaq məkanın qaydaları unudulur , ən sadə davranış mədəniyyəti belə gözardı edilir.

Otura biləcək qədər yer olduğu halda uzanaraq bir neçə yeri tutanlar, ayaqlarını qarşıdakı oturacağa qoyanlar, yaşlı və ya ehtiyacı olan insanlara yer verməyənlər… bunlar sadəcə “kiçik qayda pozuntusu” deyil. Bu, cəmiyyətin bir-birinə olan hörmətinin ölçüsüdür. Və təəssüf ki, bəzən bu ölçü çox aşağı düşür.

Metrolarda düzgün oturmayanlara qarşı tətbiq olunan cərimələr məhz bu səbəbdən gündəmə gəlib. Bu cərimə sadəcə maddi cəza deyil , bu, bir mesajdır: “Bu məkan hamımızındır və hər kəs buna hörmət etməlidir.” Bəzən insanları qaydaya qaytarmaq üçün söz kifayət etmir, məsuliyyət hissi maddi sanksiya ilə gücləndirilir.

Ancaq gəlin düşünək: doğrudanmı bizi mədəni davranmağa məcbur edən yalnız cərimə olmalıdır? Axı ictimai nəqliyyatda düzgün oturmaq, başqasının haqqına girməmək, yaşlıya yer vermək, bunlar qanunla deyil, vicdanla ölçülən dəyərlərdir.

Əgər biz metroda özümüzü düzgün aparmağı öyrənsək, bu, təkcə bir nəqliyyat vasitəsində nizam yaratmaz , bu, bütövlükdə cəmiyyətin davranış mədəniyyətini yüksəldər. Cərimələr isə sadəcə son çarədir. Əsas dəyişiklik hər birimizin içində başlamalıdır.

Müəllif: Günay Hacıyeva
Seçilən
16
1
sia.az

2Mənbələr