AZ

WUF13 təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Bakı, 4 may, AZƏRTAC

Müstəqillik dövründə Azərbaycan şəhərsalma siyasətini təkcə infrastrukturun yenilənməsi istiqamətində deyil, həm də dövlət idarəçiliyi, iqtisadi inkişaf və milli təhlükəsizlik strategiyasının mühüm elementi kimi formalaşdırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, xüsusilə son illərdə həyata keçirilən layihələr şəhərlərin yalnız fiziki görünüşünü dəyişməyib, eyni zamanda, onların dayanıqlılıq, rəqəmsallaşma, nəqliyyat bağlantıları və sosial inteqrasiya imkanlarını da gücləndirib.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir şəhərsalma modeli isə postmünaqişə dövrü üçün yeni yanaşma nümunəsi kimi diqqət çəkir.

"Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan bu yanaşma enerji səmərəliliyi, ekoloji balans, rəqəmsal idarəetmə və təhlükəsizlik komponentlərini birləşdirərək regionun yenidən qurulmasını sadəcə bərpa prosesi deyil, gələcəyin dayanıqlı inkişaf modeli səviyyəsinə yüksəldir.

"WUF13-ün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunması coğrafi seçim olmaqla bərabər, həm də regionun artan strateji əhəmiyyətinə və qlobal gündəmdə yüksələn roluna verilən siyasi mesajdır.

Bu qərar şəhərsalma, dayanıqlı inkişaf, nəqliyyat-kommunikasiya əlaqələri, enerji təhlükəsizliyi və regional inteqrasiya kimi məsələlərdə region ölkələrinin artıq passiv müşahidəçi deyil, müzakirə və həll platformasının iştirakçısına çevrildiyini göstərir.

Region ölkələri artıq yalnız daxili inkişaf gündəliyi ilə kifayətlənmir, eyni zamanda, öz milli maraqlarını qlobal inkişaf çağırışları ilə uzlaşdırmağa çalışırlar.

Şəhərsalma, iqlim dayanıqlılığı, rəqəmsallaşma, nəqliyyat və sosial təminat kimi sahələrdə yerli ehtiyacların beynəlxalq standart və məqsədlərlə uyğunlaşdırılması həm regionun institusional çəkisini artırır, həm də onu qlobal proseslərin daha fəal iştirakçısına çevirir.

Bu baxımdan belə platformalar region üçün, həm də gələcəyin şəhər modellərinin formalaşmasına təsir imkanları yaradan mühüm fürsət hesab olunur", - deyə Y.Hacıyeva vurğulayıb.

Onun sözlərinə görə, Bakı artıq yalnız milli paytaxt kimi deyil, regionda urban inkişaf gündəliyini formalaşdıran mərkəzlərdən biri kimi mövqe nümayiş etdirir.

Davamlı şəhərsalma, iqlim dayanıqlılığı, ağıllı infrastruktur və digər sahələrdə Bakının oynayacağı rol region ölkələri arasında təcrübə və idarəetmə modelinin paylaşılmasına imkan yaradacaq.

"Məsələ ondadır ki, şəhər inkişafına artıq təkcə tikinti və genişlənmə prizmasından baxmaq doğru deyil. Müasir dövrdə şəhər inkişafı artıq yalnız yeni binalar və yolların tikilməsi ilə ölçülmür.

Şəhərlərin təhlükəsizlik risklərinə, sosial və iqtisadi böhranlara davamlı olması, insanların rahat, təhlükəsiz və keyfiyyətli həyat şəraitində yaşaması əsas prioritetə çevrilib.

Yəni, məqsəd yeni binalar və infrastruktur inşa etməklə yanaşı, iqtisadi böhranlara, iqlim risklərinə, miqrasiyaya, enerji və su çatışmazlığı kimi çağırışlara davam gətirə bilən şəhər modelləri qurmaqdır.

Burada “insan yönümlü inkişaf” anlayışı prioritet elan edilməli, şəhər siyasətinin mərkəzində vətəndaşın rahatlığı, təhlükəsizliyi, sosial ədalət və əlçatan xidmətlər dayanmalıdır.

WUF13 kimi platformalar region ölkələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi, ortaq standartların formalaşması və gələcək risklərə qarşı koordinasiyalı yanaşmanın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu, gələcəkdə şəhərlərin sadəcə yaşayış məkanı deyil, həm də strateji sabitlik elementinə çevrilməsinə töhfə verə bilər",- deyə politoloq əlavə edib.

 

Seçilən
19
1
azertag.az

2Mənbələr