Hazırda Azərbaycanın avtomobil bazarındakı qiymətlərdə kəskin fərq müşahidə edilmir.
Bunu İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, avtomobil bazarı spesifikdir və özünü tənzimləməyi bacarır:
“Ölkəmizə avtomobillər müxtəlif ölkələrdən idxal olunur, müxtəlif marşrutlarla gətirilir. Yəni bizdə alternativlər həddindən artıq çoxdur və hazırda ölkəmizdə avtomobil qıtlığı, demək olar ki, müşahidə edilmir. Ona görə də avtomobillərin qiymətinin kəskin yüksəlməsi, kəskin enməsi halları baş vermir. Sadəcə mövsümlə əlaqədar olaraq müəyyən kampaniyalar təşkil olunur və müxtəlif modellər daha ucuz qiymətə təklif edilir”.
Ekspert bildirib ki, qanunvericilikdə olan bəzi dəyişikliklər zamanı qısa müddətdə hansısa modelin qiyməti çox az yüksələ bilir və yaxud da enə bilir:
“Amma sonra bunu bazarın özü tənzimləyə bilir. Yəni hazırda bazarda vəziyyət stabildir və seçim də, çeşid də çoxdur. Sadəcə mövsümlə əlaqədar olaraq avtomobil alıcıları bir qədər gözləmə mövqeyini tutublar. Çünki bazara vaxtilə bir qədər əlçatan qiymətə olan avtomobillər gətirildi və alıcılar daha ucuz avtomobillər əldə etmək üçün gözləmə mövqeyində dayandılar. Amma bu, baş vermədi. Çünki iri avtomobil istehsalçısı olan ölkələrdə də qanunvericilikdə müxtəlif dəyişikliklər oldu. Həmçinin, daşınma qiymətlərinin sürətlə artması səbəbindən artıq qiymətlərin kəskin ucuzlaşmasını gözləmək olmaz”.
Ekspert vurğulayıb ki, mövsümlə əlaqəli həmişə durğunluq olub: “Amma bu vəziyyət qiymətlərə o qədər təsir etmir və hazırda biz may ayına qədəm qoymuşuq. May ayı avtomobil bazarının daha çox canlandığı bir aydır. İnsanlar daha çox may-iyun aylarında avtomobil almağa meyilli olurlar, həm də alqı-satqı prosesləri artır. Yəni bazarda fəallaşma hələ bundan sonra artacaq”.
E.Cəfərov hesab edir ki, qiymətlərin kəskin artması və azalması gözlənilmir: “Hazırda ölkəyə gətirilən yeni avtomobillərin qiymətində azalma yox, bir qədər yüksəlmə nəzərə çarpır. Biz təxminən 5-10% civarında yüksəlməni qeyd edə bilərik. Yeni modellər gəldikcə onların qiymətində dəyişiklik olur. Bu artım həm ixrac edən ölkələrdəki mövcud qanunvericiliklə bağlı olur, həm də Avropa İttifaqı ölkələrində hər il avtomobillərə qoyulan yeni tələblərlə bağlı olur. Bu tələblər texnoloji, təhlükəsizlik və keyfiyyət baxımdan irəli sürülür. Avtomobilə yeni texnologiyalar tətbiq olunursa, istər-istəməz avtomobilin qiymətinə təsir edir. Heç olmasa, həmin avtomobillərdə 5% civarında qiymət artımı olur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



