AZ

Diplomatiya ittiham dili ilə yox, balanslı yanaşma ilə inkişaf edir ŞƏRH

Bakı, 4 may, AZƏRTAC

Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə təkcə siyasi sənəd kimi deyil, həm də regiona münasibətdə nümayiş etdirilən seçici yanaşmanın nümunəsidir. Həmçinin Azərbaycan haqqında irəli sürülən müddəalar obyektivlikdən uzaqdır, regionun mürəkkəb tarixi və hüquqi reallıqlarını tam şəkildə əks etdirmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirb ki, Avropa Parlamenti uzun illərdir insan hüquqları, demokratiya və azadlıq anlayışlarını siyasi ritorikanın əsas elementi kimi təqdim edir. Lakin həmin prinsiplərin tətbiqində ardıcıl yanaşmanın müşahidə olunmaması ciddi tənqid doğurur. Əgər hüquq universaldırsa, onun tətbiqi də universal olmalıdır. Əgər demokratiya bütün dövlətlər üçün eyni ölçü ilə qiymətləndirilməlidirsə, bu zaman bizim regiona münasibətdə fərqli siyasi standartların tətbiqi nə ilə izah olunur? Azərbaycan haqqında qəbul edilən bu qətnamə, heç şübhəsiz, hüquqi təhlildən daha çox siyasi mövqe nümayişi xarakteri daşıyır. Çünki sənəddə regionun təhlükəsizlik reallıqları, uzun illər davam etmiş münaqişənin nəticələri, işğal dövründə yaranmış humanitar problemlər və Azərbaycanın üzləşdiyi tarixi təcrübə yetərli səviyyədə nəzərə alınmır. Bu isə sənədin qərəzli qiymətləndirmə olduğunu bir daha təsdiq edir. Ən diqqət çəkən məqam isə odur ki, Avropa Parlamenti bir tərəfdən insan hüquqları və hüququn aliliyi barədə danışır, digər tərəfdən regionun geosiyasi reallıqlarını nəzərə almayan qərarlar qəbul edir. Bu yanaşma bir çox hallarda siyasi idealizm ilə strateji realizm arasında ziddiyyət yaradır.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan regionda təsadüfi dövlət deyil. Yaxşı olar ki, tarixə də bir nəzər salsınlar. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, logistika imkanları və geosiyasi sabitlik baxımından mühüm strateji aktordur. Avropada enerji təhlükəsizliyinin yenidən formalaşdığı bir dövrdə Azərbaycan alternativ və etibarlı tərəfdaş kimi xüsusi əhəmiyyət qazanır. Bu reallıq artıq beynəlxalq iqtisadi sistemin qəbul etdiyi siyasi faktdır. Onda ortaya ciddi sual çıxır: Avropa Parlamenti strateji tərəfdaş hesab etdiyi ölkəyə münasibətdə niyə qarşıdurma yaradan ritorikaya üstünlük verir? Bir tərəfdən enerji əməkdaşlığından danışaraq, digər tərəfdən siyasi təzyiq təsiri bağışlayan qətnamələr qəbul edib nə demək istəyirlər. Yaxşı bilirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropanın enerji marşrutlarının şaxələndirilməsi siyasətində Azərbaycanın iştirakı iqtisadi məsələ olmaqla yanaşı, siyasi sabitlik, enerji davamlılığı və strateji balans məsələsidir. Avropa üçün enerji təhlükəsizliyi prioritetdirsə, bu təhlükəsizliyin əsas iştirakçılarından biri olan Azərbaycanla münasibətlər məqsədli şəkildə emosional yanaşma üzərində qurulmamalıdır.

Sadiq Qurbanov qeyd edib ki, qətnamədə səsləndirilən ittihamlar regionda davam edən normallaşma prosesinə xidmət etmir. Əksinə, bu cür sənədlər qarşılıqlı etimadı zəiflədə, dialoq imkanlarını daralda və tərəflər arasında siyasi gərginliyi artıra bilər. Diplomatiya ittiham dili ilə yox, balanslı yanaşma ilə inkişaf edir. Avropa Parlamenti Avropada bu gün baş verən hadisələrdən nəticə çıxardaraq nəzərə almalıdır ki, müasir dünya artıq birtərəfli siyasi diktə modeli ilə idarə olunmur. Dövlətlər öz maraqları, təhlükəsizlik ehtiyacları və suveren qərarvermə hüquqları əsasında siyasət yürüdür. Azərbaycan da bu hüququnu açıq şəkildə qoruyan dövlətdir. Azərbaycan heç bir xarici siyasi mərkəzin təsdiqini almaq üçün mövqe dəyişən dövlət deyil. Bunu tarix dəfələrlə sübut edib. Ulu Öndər Heydər Əliyevin Lissabon sammitində nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycanın milli maraqlarının beynəlxalq platformada qətiyyətlə müdafiəsinin mühüm nümunəsi idi. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyü məsələsinin beynəlxalq gündəmdə saxlanılması məhz müstəqil siyasi iradənin nəticəsi idi. Bu siyasi xətt sonrakı mərhələdə də davam etdirildi. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycanın müstəqil siyasətini ardıcıl şəkildə müdafiə edib.

“Dövlətimizin siyasəti milli maraqlara, hüquqi legitimliyə və suveren qərarvermə prinsipinə əsaslanır. Avropa Parlamenti regionla bağlı qərar qəbul edərkən nəzərə almalı idi ki, Cənubi Qafqaz artıq əvvəlki geosiyasi məkan deyil. Azərbaycan burada yeni reallıq formalaşdırıb. Bu reallığın əsas xüsusiyyəti isə dövlətlərin öz siyasi iradəsini daha açıq şəkildə müdafiə etməsidir. Müasir Azərbaycanın gücü yalnız enerji resursları ilə məhdudlaşmır. Ölkənin əsas gücü xalq-hakimiyyət birliyindədir. Eyni zamanda, müstəqil qərarvermə imkanında, regional təsir qabiliyyətində və beynəlxalq münasibətlərdə balanslı siyasət aparmaq bacarığında ifadə olunur. Heç bir qətnamə bu siyasi xətti dəyişdirə bilməz,” – deyə S.Qurbanov vurğulayıb.

 

Seçilən
43
2
azertag.az

3Mənbələr