AZ

AP-nin sənədi siyasi sifariş və qərəz nümunəsidir -

“Təəssüflər olsun ki, Qərbin bəzi dairələri, o cümlədən Avropa Parlamenti öz ənənəvi xislətindən əl çəkə bilmir. Biz bunu Azərbaycana münasibətdə həm ötən dövrlərdə, həm də müasir mərhələdə dəfələrlə müşahidə etmişik. Bu qərəzli yanaşmanın növbəti təzahürü isə aprelin 30-da bir daha açıq şəkildə üzə çıxdı. Həmin tarixdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, əsassız və açıq desək, yalnız gülüş doğuran iddialarla dolu bir qətnamə qəbul etdi. Əslində, bunu qətnamədən çox, Avropa Parlamentində yuva salmış Azərbaycan düşmənlərinin, ölkəmizin uğurlarından dəliyə dönən bəzi siyasətçilərin iftiralarının toplandığı bir kağız parçası kimi dəyərləndirmək daha doğru olar”. Bunu Metbuat.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib. Bildirib ki, bu sənədin heç bir hüquqi əsası yoxdur, ikincisi isə, onun məzmunu bir daha göstərir ki, Avropanın bir çox siyasətçiləri necə ki, 30 illik işğal dövründə Ermənistana müxtəlif formalarda dəstək verirdilər, bu gün də həmin riyakar mövqelərini davam etdirirlər: “Hazırda da onlar Azərbaycana qarşı düşmən münasibətlərini fərqli formalarda ifadə etməkdədirlər”. Nadir Azəri onu da xüsusi vurğulayıb ki, Avropa Parlamentinin məhz indiki məqamda belə bir “qətnamə” qəbul etməsi təsadüfi deyil: “Bunun arxasında Qərbdəki bəzi dairələrin Cənubi Qafqaza əbədi sülhün gəlməsindən ciddi şəkildə narahat olması dayanır. Görünür, həmin dairələr müharibələrdən, qanlı toqquşmalardan və fəlakətlərdən “qidalanmağa” öyrəşiblər. Vampirlər günəşdən qorxduqları kimi, sabitlik və sülh də bu ünsürlər üçün qorxu yaradır. Lakin onların nə istəməsindən asılı olmayaraq, ortada dəyişməz bir reallıq var. Onların “siyasi məhbus” kimi təqdim etməyə çalışdıqları şəxslər əslində cinayətkarlardır, terrorçulardır, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş şəxslərdir. AP üzvləri bu şəxslərin “qayğısına qalmaq” əvəzinə, kaş ki, 30 il ərzində Xocalıda qətliam törədənləri qınayaydılar. Heç olmasa, bu yolla vicdanlarını az da olsa təmizləyə bilərdilər. Amma görünən odur ki, onların vicdanı yalnız günahsız insanların qanı ilə “sulanır”.

“Digər tərəfdən, onu da unutmamalıyıq ki, Avropa deputatlarının zaman-zaman müxtəlif qaranlıq dairələrdən, mafiya qruplarından rüşvət almaları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Görünür, bu “qətnamənin” qəbulunda da həm Azərbaycanın uğurlarına qarşı qısqanclıqdan doğan qəzəb, həm də bu kimi qaranlıq maraqlar öz sözünü deyib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz yolu ilə inamla irəliləyir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıq artıq danılmazdır və hər kəs bunu qəbul etməlidir. Əks halda, Azərbaycana qarşı atılan hər bir addım, nəticə etibarilə, həmin addımı atanların öz əleyhinə çevriləcək”, - deyə siyasi şərhçi sonda əlavə edib.

Seçilən
9
1
metbuat.az

2Mənbələr