AZ

Ziyad Səmədzadə: "Ermənilər qızımın mahnılarını özlərinki kimi qələmə verirlər"

Tanınmış iqtisadçı-alim, akademik Ziyad Səmədzadənin APA-ya müsahibəsində səsləndirdiyi fikirlər böyük maraqla qarşılanıb.

Kulis.az xəbər verir ki, adətən ciddi rəqəmlər və iqtisadi təhlillərlə çıxış edən akademik bu dəfə mədəniyyət, milli musiqi, sənət adamları ilə dostluğu və texnologiyaya münasibəti ilə diqqət çəkib.

"Gəlinin Qərb musiqisi ilə zala daxil olmasını qəbul etmirəm"

Müsahibəsində milli dəyərlərin qorunmasına xüsusi diqqət çəkən akademik toylarımızda bəy və gəlinin zala "Mendelson marşı" kimi Qərb musiqisinin sədaları altında daxil olmasına kəskin etiraz edib:

"Sənət adamları millətin sərvətidir. Mən qətiyyən toylarımızda gəlinin 'Vağzalı' ilə yox, bizə yad olan Qərb musiqisinin sədaları altında zala daxil olmasını qəbul etmirəm. Biz 'Vağzalı'nı başqa musiqi ilə necə əvəz edə bilərik?"

O, həmçinin ermənilərin "Vağzalı"ya və ümumilikdə musiqimizə iddialarına da toxunaraq sərt danışıb:

"Ermənilər day nəyi çalmırlar ki? Azərbaycan musiqisinin ən yaxşı nümunələrini oğurlayıblar. Qızım, bəstəkar Aygün Səmədzadənin "Tut ağacı", "Məktəb illəri" mahnılarını onlar özlərinki kimi qələmə verirlər".

"Bitlz" yoxsa Vaqif Mustafazadə?

Gənclik illərində "The Beatles", rok və caz kimi xarici musiqi cərəyanlarına münasibəti soruşulduqda isə akademik buna qəti şəkildə qarşı olduğunu gizlətməyib:

"Mən onlardan uzaq olmuşam. Caz musiqisi dinləmək üçün Vaqif Mustafazadənin ifaları bəs edərdi. Mən heç indi də Qərb musiqisinə çox qulaq asmaram".

Alim həmçinin səhər saatlarında radiolarda xarici musiqilərin səsləndirilməsini də tənqid edərək yüz minlərlə sürücünün dinlədiyi dalğalarda milli musiqimizin təbliğinin vacibliyini xüsusi vurğulayıb.

Azad Mirzəcanzadənin təkidi ilə oxunan "Ay Laçın"

Müsahibədə akademikin sənət dünyası ilə sıx əlaqələri və musiqi istedadı da üzə çıxıb. Ziyad Səmədzadə mərhum elm və sənət adamları – Azad Mirzəcanzadə, Arif Məlikov, Yaşar Qarayev, həmçinin xanəndələr Tələt Qasımov, Ağaxan Abdullayev və şair Hacı Maillə səmimi dostluğundan bəhs edib.

Hətta 90-cı illərdə bir toy məclisində akademik Azad Mirzəcanzadənin təkidi ilə necə mahnı oxuduğunu da xatırlayıb:

"Birdən Azad durdu, getdi çalğıçıların yanına, dedi ki, mən istəyirəm akademik Ziyad Səmədzadə mahnı oxusun. Azadın sözündən çıxmaq olar? Gəldim, başladım 'Ay Laçın'ı oxumağa".

Z.Səmədzadə gəncliyində ansamblda tar çaldığını və hətta bəstələdiyi bir mahnının məşhur bəstəkar Nazim Əliverdibəyov tərəfindən nota köçürüldüyünü də qeyd edib.

Süni intellekt xofu və əlyazma sevgisi

Dövrün əsas trendi olan rəqəmsallaşma və süni intellekt mövzusunda akademik ənənəvi mövqedən çıxış edib. İş masasında kompüter olmamasına aydınlıq gətirən Səmədzadə yazıları əllə yazmağa üstünlük verdiyini bildirib:

"Adamdan gərək iz qalsın. Kompüterin üstünlükləri çoxdur, amma mən gərək kağızda yazım. Məsələn, "Azərbaycan iqtisadiyyatı 100 ildə" adlı beş cildlik ensiklopediyanın əlyazmasını əlbəttə ki, saxlayıram".

Süni intellekt barədə danışan iqtisadçı-alim insan əməyinin texnologiyadan qat-qat üstün olduğuna inandığını əlavə edib:

"Kompüterin canında sünilik var. Süni intellektin nə qədər müsbət cəhətləri olsa da, bir o qədər də problemlər meydana çıxaracaq. İnsan əməyi ilə formalaşan hər bir əsər texnologiyanın yaratdıqlarından qat-qat güclüdür".

Seçilən
18
kulis.az

1Mənbələr