Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kredit faizlərinin artması həm vətəndaşlar, həm də biznes subyektləri üçün yeni çətinliklər yaradıb. Bankların kredit şərtlərini sərtləşdirməsi nəticəsində borclanma daha bahalı və əlçatmaz hala gəlib. Bu vəziyyət xüsusilə orta və aşağı gəlirli ailələr üçün daha qabarıq hiss olunur. Əvvəllər daha asan əldə edilən istehlak kreditləri indi ya yüksək faizlə təklif olunur.
Bu mövzuyla bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi, xüsusilə manatla verilən kreditlərdə, son 2–3 illə müqayisədə təxminən 4 faizə qədər artıb.

“Əgər 1 mart 2025-ci il tarixinə yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 19,45% idisə, 1 mart 2023-cü ildə bu göstərici 16,43% təşkil edirdi. Yəni son iki ildə faizlərdə 3%-dən çox artım müşahidə olunur. Bunun müxtəlif səbəbləri mövcuddur. Əsas səbəblərdən biri bankların cəlb etdiyi resursların dəyərinin bahalaşmasıdır. Yəni banklar əvvəlki illərlə müqayisədə daha yüksək faizlə depozit cəlb edirlər və nəticədə bu vəsaiti daha yüksək faizlə kredit kimi təqdim edirlər. Burada həm iqtisadi risklər, həm də Mərkəzi Bankın monetar siyasəti mühüm rol oynayır. Son 2–3 ildə faiz dərəcələrinin artmasında Mərkəzi Bankın sərtləşdirici siyasəti də təsirli olub. Belə ki, 2023-cü ilin dekabrından məcburi ehtiyat normaları artırılıb. Əvvəllər bu norma 0,5–2% arasında idisə, sonradan 20–25%-ə qaldırılıb. Nəticədə, bankların sərbəst vəsaitləri azalıb və cəlb etdikləri resursların dəyəri yüksəlib. Hətta cari hesablardakı qalıqlara da ehtiyat normasının tətbiqi banklar üçün “faizsiz pul” anlayışını demək olar ki, aradan qaldırıb. Bu da öz növbəsində kredit faizlərinin yüksəlməsinə səbəb olub. Bundan əlavə, risklərin artması və kredit portfelinin strukturu da bu prosesə təsir edir. Kredit portfelində əsas üç istiqamət var: biznes kreditləri, ipoteka kreditləri və istehlak kreditləri. Son illərdə bu sahələr üzrə artım tempinə baxdıqda görürük ki, ən sürətli artım istehlak kreditlərindədir. İstehlak kreditlərinin faiz dərəcəsi isə həm biznes, həm də ipoteka kreditlərindən daha yüksəkdir. Buna görə də onların ümumi portfeldə payının artması orta faiz dərəcəsinin yüksəlməsinə səbəb olur. Bəs niyə biznes və ipoteka kreditləri istehlak kreditləri qədər sürətlə artmır? Bunun əsas səbəbi biznes sektorunun inkişaf tempinin və rentabelliyinin aşağı olmasıdır. Sahibkarlar biznes krediti götürərkən onun geri qaytarılması və gəlir əldə olunması imkanlarını nəzərə alırlar. Son illərdə isə bu sahədə gəlirlilik zəiflədiyi üçün biznes kreditlərinə tələbat da nisbətən aşağıdır. İstehlak kreditlərində isə vəziyyət fərqlidir. Banklar bu sahədə daha aktivdir və kredit portfellərini əsasən bu istiqamətdə genişləndirirlər. Nəticə etibarilə, istehlak kreditlərinin payının artması ümumi kredit faizlərinin yüksəlməsinə gətirib çıxarır”.
Fatimə Dadaşova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.