AZ

Apreldə orta aylıq temperatur iqlim normasından 1 dərəcə yuxarı olub

Cari ilin aprel ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Yarımadada maksimal temperatur aprelin 3-də 25 (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29 dərəcə isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12 dərəcə şaxta (Şahdağ) olub.

“Aprel ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 27 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 479 faizi olmaqla Bakıda və Abşeron yarımadasına (Bakı – 111 millimetr), aylıq normanın 185 faizi olmaqla Balakən–Şəki zonasına (Oğuz – 181 millimetr), eləcə də aylıq normanın 351 faizi olmaqla Quba–Qusar zonasına (Xaçmaz – 106 millimetr) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahdağda 107 santimetr qeydə alınıb”, - deyə o vurğulayıb.

Nazim Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu hadisələri də müşahidə olunub. Aprelin 4-də Yardımlıda, aprelin 7-də Gədəbəydə, aprelin 14-də isə Bakı və Abşeron yarımadasının lokal ərazilərində qısamüddətli fasilələrlə dolu düşüb.

“2026-cı ilin aprel ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 19, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti saniyədə həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 metrədək güclənib”, - deyə xidmətin rəisi diqqətə çatdırıb.

Seçilən
7
30
sia.az

10Mənbələr