AZ

Mənim küçəm Rəsul Rzanın ev muzeyindən reportaj

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yol gedirəm, yağış yağır. Tələsirəm, çünki Rəsul Rza ev-muzeyinə baş çəkməli, muzey əməkdaşları ilə həmsöhbət olmalıyam. Yağış suları altında ildən-ilə “əriyən” 19-cu əsr Yeraltı  Hamam abidəsini sürətlə keçib istiqamət alıram muzeyə.

Budur, Səyyaf Xəlilov küçəsi, budur kiçik, daşı-daş üstə qoyulmuş neçə ömür ilməsini özünə hopdurmuş, böyümüş əziz küçənin doğma ev-muzeyi. Böyük şair ömrünün neçə ilini, saat-saat, gün-gün, ay-ay bu küçənin daşları üstündə qoyub gedib. “Mənim küçəm” adlı şeirində də yenidən doğma küçəsini görsəydi, o,  tərəddüdsüz eyni misaraları deyərdi. Zamanla adı dəyişsə belə.

Mənim köhnə dostum,

əziz küçəm.

Maşallah, necə böyümüsən!

Yekə xiyaban olmusan.

Elə bil ki,

yeni anadan olmusan.

Ucalan büstün qarşısında dayanıb seyr etdim. Şairin ağ divar üzərində yazılmış: “Belə məğrur dayanmağa haqlıyam. Mən kökümlə bu torpağa bağlıyam” şeirini xəfifcə oxuyub muzeyin meynə ağacları ilə göz oxşayan yaşıl həyətinə daxil oluram. Şair bu torpağa, bu evə bütün kökləri ilə bağlı olub. Doğma olmamaq da qeyri-mümkündür. Ağ divarlı, aynabəndli 4 otaqlı, xudmani təmir olunmuş ev-muzey daimi seyrçilərin də doğma məkanı, ədəbiyyat ocağıdır.

İçəri daxil olanda əsas zaldakı sakitlik və səliqə şairin poetik ruhuna, filosof düşüncəsinə, yaradıcılıqda novotorluq əzminə həmahəng idi, sərbəst vəzn idi. Budur, muzey direktoru Solmaz Həsənova ilə salamlaşıb birbaşa zalda doğma masa ətrafında söhbətə keçirik. Ona görə doğma ki, o masa neçə ədibin, çoxsaylı ədəbi-bədii görüşlərin, poeziya günlərinin milli tar sədaları altında ev sahibi olub, xoş görüntüsü ilə ruhunu oxşayıb. Peşəkar mərhum tarzən Rövşən Zamanovun tar sədası, publisist pedaqoq Adil Məmmədin sənətsevərlərlə ədəbiyyat söhbətləri, poeziya müzakirələri bu muzeyin divarlarına hopub. O divarda indi  şairin

“Nə ədavət saxlayın,

nə dava-dalaş salın!

İnsanda insan oyadın!

Kamança çalın!” -

bəndi nəsihət tablosu kimi asılıb.

Döşəmədən tavana qədər süküt var otaqlarda.  Bu sükut içində:

“Mənə bir sərgi salonu verin!

Orda bir insan şəkli asacağam,

adi bir insan” -

misrasını xatırladacaq həcmcə nə elə kiçik, nə də elə böyük olan Şairin öz tablosu seyrçilərinə doğru boylanır. O tablo ki, “Baxışında sınaq günləri, dözüm sənələri. Şəklin müəllifi - Zaman. Adı - insanlığın ömür yolu”dur. Analı, anasız uşaqların ağlamağını, amanlı amansız güllələrin açılmasını istəməyən şair nə yaxşı ki, 21-ci əsrin müharibə dolu kədərli günlərini, acı göz yaşlarını, gücsüz insan simalarını görmədi.

Rəsul Rzanın ev-muzeyi 2004-cü ildə Mədəniyyət Nazirliyinin 148 saylı əmrinə əsasən yaradılıb. 2010-cu ildə isə əsaslı təmir olunub. Rəsmi açılışda oğlu, yazıçı Anar Rza başda olmaqla Rəsul Rzanın ailə üzvləri, bir sıra mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər. Muzeyin fondunda bu gün 1332 eksponat saxlanılır ki, onlardan 449 eksponat ziyarətçilərə nümayiş olunur. Təbii ki, bu eksponatlar dörd zalda  şairin həyat və yaradıcılığını əks etdirən, uşaqlıq və gənclik dövrünə, ailə üzvlərinə dair  fotoşəkillər, miniatür kitablar, xüsusi buraxılış qəzetlər, albomlar, əlyazmalar, sənədlər, afişalar sərgilənir. Rəssam Tahir Salahovun çəkdiyi eskizlər, həyat yoldaşı Nigar xanım və anası Məryəm xanıma aid olan müxtəlif dəyərli məişət əşyaları, suvenirlər, stolüstü saat, eləcə də şairin özünə aid əşyalar da ayrı-ayrı zallarda nümayiş olunur.  

Bir cüt qara əlçək, qara rəngli pianino, divarlardan boylanan uşaqlıq, gənclik, yetkinlik dövr ağ-qara fotolar, yazıçı, şair dostları ilə gülümsənən anlar, eskizlərdən boylanan fikirli baxışlar “Bəlkə, bütün keçən günlər ən gözəl günün müqəddiməsi imiş” şairin sədaqət səsli, nigaran dolu misrasını xatırladır. İkinci zalda şairin ov tüfəngi, sevimli tarı, ailəyə məxsus iki tarixi süfrə, Qarabağ xalçası və Nigar xanıma, Rzayevlər ailəsinə aid digər cehizlik əşya və qablar nümayiş olunur ki, sanki özünü o ailədə qonaq sanırsan. Bəli, qonaq.

“Mən istəyirəm: sevinc, səadət bol olsun. Ürəkdən-ürəyə,  ölkədən-ölkəyə, açıq yol olsun” deyən Rəsul Rzanın ev-muzeyi çoxlu qonaq, seyrçi, tamaşaçı arzulayır. Bunun üçün də muzeylə bağlı həmsöhbət olduğum direktorun illər öncə və indi də maraqlı təklifi var.

- Seyrçilərimiz var və arzu edirəm ki, çox olsun. Muzeydə həvəslə səkkiz işçi olaraq çalışırıq.  Beşimiz ali təhsillidir. Bizə etibar olunan muzeyi qoruyuruq. Son iki ildir ki, Elm və Təhsil Nazirliyinin əmri ilə şifahi və açıq şəkildə ədəbiyyat aylığı keçirilir. İl ərzində 1500-2000 ziyarətçimiz olur. Hələ 2013-2014-cü illərdə mədəniyyət nazirinin qəbulunda olaraq təklif etdim ki, Göyçay rayonu Qəbələ-Şəki marşrutu üzərində yerləşdiyindən bu turizm marşrutuna salınsın. Xeyli turist həm də Rəsul Rza ev-muzeyinə və digər muzeylərə baş çəkər, məlumat alar. Hər il Göyçayda keçirilən ənənəvi Nar festivalına gələn qonaqların da yolunu muzeyimizdən salması məqsədəuyğundur. Həm maarifləndirərik, həm də əyani vəsaitləri onlara təqdim edərik.

Hər bir amal istəkdən yaranır. Sevgi, istək və təbliğat güclü olarsa, muzeydə istədiyimiz tamaşaçı sayını toplaya bilərik.

- Dünyada bu istiqamətdə çox örnək nümunələr var. Yəqin ki, siz həmin inkişaf etmiş ölkələrin  muzey mədəniyyətinin tətbiq olunmasını istərdiniz.

- Dünyanın bir çox ölkələrində muzey əməkdaşı olaraq səfərlərdə olmuşam. Orda muzey və kitabxanalarda gördüyüm ənənələri öz muzeylərimizə tətbiq olunmağını istəyərdim. Amerikada  müşavirdə olarkən bir mütəxəssis bildirdi ki, muzeyin iki mindən çox fərdi təqaüddə olan tamaşaçısı var. O tamaşaçılar həm muzey mədəniyyətini yaşadır, həm də onun qorunmasında müəyyən xidmət göstərir, çatışmazlıqlarına yardım edir. İstərdim ki, bizdə də belə bir müsbət ənənənin formalaşmasına maraq göstərilsin və birlikdə ölkəmizdə muzey mədəniyyətini formalaşdıraq. Azərbaycan ədəbiyyatına sərbəst vəzn, yenilik gətirən, zəngin və oxunaqlı yaradıcılığı ilə seçilən böyük şair Rəsul Rzanın ev-muzeyini göz-bəbəyimiz kimi qorumalı, yaşatmalı, hətta istərdim ki, istənilən göyçaylı ailəsi onun şeirlərindən bir bənd belə olsa əzbər öyrənsin. Xaçmazda iki qazaxlı həkimin Səməd Vurğundan bir saat şeir söyləməsinin şahidi oldum. İstərdim ki, biz göyçaylılar da öz ədiblərinin şeirlərinə, yaradıcılığına belə dərindən bələd olaq, uşaqlarımıza təlqin edək.

- Bölgədə muzeylə bağlı təbliğat işini necə aparılır və gənc ədəbiyyatsevərləri muzeyə necə cəlb edirsiniz?

- Muzeyimizdə “poeziya klubu”  fəaliyyət göstərir. Hər ay, yaxud ay yarımda bir dəfə rayonda poeziyaya həvəsi və istedadı olan müxtəlif sahənin insanları, ziyalılar, hətta evdar qadınlar və təqaüdçülər bura toplanır. Onların  müəllifi olduqları şeirlər,  hekayələr, esselər dinlənilir, düzəlişlər, redaktələr edilir. Daha sonra ölkənin tanımış qəzet və saytlarında nəşr edilir. Təbii ki, bunların arasında yeni imzalarla yanaşı, seçilən, tanınan yazıçılar birliyinin üzvləri də var.

- Təklifiniz olub?

- Şagird və tələbələrlə bağlı təbliğat məsələsi məni narahat edir. Bura təyin olunan gündən bu məsələni həmişə müxtəlif idarə, qurum qarşısında qaldırmışam ki,  Mədəniyyət və Təhsil idarələri arasında müqavilə bağlanılsın, biz məktəbliləri, kollec tələblərini, yəni gənc nəsli muzeylərə cəlb edə bilək. Bunu özümüz etsək, o effekti verməz, amma idarə səviyyəsində məntiqlidir. Şagirdlərin uşaqlıq, gənclik dövrləri var. Bu uşaqlıq illərində dövlətin qarşımıza qoyduğu uşaq strategiyası proqramına, əsasən maarifləndirmə işlərini aparaq, eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli istifadəsi ilə  bağlı başqa proqramda da  gənclərlə məşğul olaq. Bu mənada məktəbliləri tək ədəbiyyatla bağlı deyil, yuxarı sinif şagirdlərini korrupsiya, narkomoniya, erkən nikah, insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edək.  Həm psixoloq, həm hüquq-mühafizə orqanlarından, tibb mütəxəssisləri dəvət edib  maarifləndirmə tədbirləri keçiririk. Uşaqların beyni ağ kağızdır. Onlarla belə maarifləndirmə işləri aparanda ayılır, dərk edirlər, hətta özləri belə mütəxəssislərlə dialoqa keçid alırlar. İstərdik ki, bu cür tədbirlər davamlı olsun və daha çox şagird, tələbəni muzeyimizə cəlb edək. Məktəblərdə “uşaq aylığı” çərçivəsində elmçi işçi və bələdçimiz gedir, maarifləndirmə aparır. Erkən yaşda, hətta bağçalardan belə uşaqları muzeyə cəlb etmək lazımdır. Onlara həvəsləndirici mükafat və hədiyyələrin verilməsi stimul yaradır. Sosial dəstəyə ehtiyacı olan və kənd uşaqları cəlb edirik, onların istedadını dinləyir  bacardığımız qədər onları  mükafatlandırırıq ki, həvəslənsinlər. İstədiyim odur ki, muzeyi sevən, sevərək üz tutan seyrçisi çox olsun. Mən şəxsən ədəbiyyatçı olsam da, dünyanın müxtəlif ölkə və şəhərlərində olarkən kitabxana, muzeylər cəlb edib. Kitabxanada, muzeydə əhalinin təbəqə, yaş kateqoriyasını müşahidə edirəm. İnsanın ən böyük sərvəti elə dünyagörüşü, mədəniyyəti və intellektual səviyyəsidir. İnsanın ən böyük sərvəti iç dünyası, düşüncələri, ziyalılığıdır, yəni dünyagörüşündədir. Onu gəncliyə təbliğ etmək, yol açmaq lazımdır.  Niderlandda “Madam Tüsso” muzeyində olanda özümü bir ayrı dünyada kəşf elədim. Memar işi, muzeyə münasibət, seyrçi növbəsi və izləyici izdihamı böyük mədəniyyətdir. Düşünürəm ki, bizdə də muzeylər müasir dövrə uyğun qurulmalıdır.

- Hazırda təmirdən sonra muzeydə çatışmayan, yaxud təmirə ehtiyacı olan nədir?

- 2010-cu il təmirindən sonra yeni avadanlıqlarla təmin olunduq. Xatirə muzeyləri şairin, yazıçının  yataq, qonaq, mətbəx otaq dəstləri modern üslubda qurulmalıdır. Məsələn Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun ev-muzeylərindəki kimi. Ötən il Rəsul Rzanın Bakıda ev-muzeyi açıldı. Həmin evdə şairin kiçik qızı Təranə xanım yaşayırdı. Çox güman ki, mənzillə təmin olunub deyə ev-muzey açıldı. Həmin muzeydə Rəsul Rzanın özünə məxsus yataq, qonaq, mətbəx otağı olduğu kimi qorunub saxlanılır. Bu muzeyə qədər hər il 19 Mayda Beynəlxalq Rəsul Rza muzeyi bizim muzeydə şair və yazıçılara təqdim olunurdu. Bu il isə Bakıdakı muzeydə təqdim olunacaq. Hazırda Göyçaydakı  muzeydə ən böyük ehtiyac və çatışmazlıq istilik sistemimizin işləməməsidir. İstilik sistemi çəkilsə də, döşəmə altındakı sızıntını aradan qaldırmaq  gücümüz daxilində deyil. Mütəxəssis gəlib araşdırıb iş aparmalıdır. Bu, yalnız sağlamlığımız üçün deyil, burdakı eksponatlarımıza da nəmişlik pis təsir göstərir. Məsələn, Rəsul Rzanın özünə məxsus tarını rütubətdən zərər görməsin deyə müəyyən dərəcədə qızdırdığımız fond kimi yerdə saxlayırıq. Bu, ciddi problemdir.

- Adətən regionlarda muzeyin tərəfdaşı daha çox ədəbiyyatçılar, filoloqlar və ziyalılar olur. Yuxarıda qeyd etdiniz ki, muzeyə şagird, tələbə cəlbi zəif gedir. Bəs Ədəbiyyat fənn müəllimlərinin bu istiqamətdə hansısa təşəbbüsləri, cəhdləri olurmu?

- Rayonlarda ədəbi proseslərə cəlb, iştirak zəifdir. Bu mənada son illər gənclərin mütaliəyə qabiliyyəti az, şagirdlər ədəbiyyata sadəcə dərslik kimi baxır. Bu mənada orta məktəblərdə çalışan ədəbiyyat fənn müəllimlərinin öhdəliyinə bir missiya düşür ki, şagirdlərə açıq dərsləri muzeydə də keçə, muzey vasitəsilə ədəbiyyatı onlara təbliğ edə bilərlər. Muzeyimiz ədəbiyyat profilli olduğundan istərdik ki, ədəbiyyat sevərlər, müəllimlər uşaqlarda həvəs yaratsın. Şagirdlərə motivasiya vermək üçün mükafatlandırırıq. “Tərifnamə”, “Təşəkkürnamə” veririk. Qoy yaxşı mənada yarışa girsinlər. Hətta o müəllimlər, gənclər üçün bu muzeydə şərait yaradırıq ki, gəlin açıq dərslərinizi burda keçin. Çünki burda əyani vəsait var. Rəsul Rzanın ailəsində altı nəfər yaradıcılıqla məşğul olub və olur. Nisbətən şəhər 1, 3, 4, 6 nömrəli, eləcə də Göyçay rayon Ulaşlı kənd məktəbi, peşə məktəbi bu mənada digərlərindən seçilir. Təklif edirəm ki, uşaqlarınızı mütəmadi bura gətirin. Ən azından muzeyi tanısınlar. Rəsul Rzanın da uşaq şeirləri var. Nə yazıqlar ki, bu mənada müəllimlərdə passivlik var. Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək. Ən böyük arzumdur. Bizim uşaqlıq illərdə belə ədəbi görüşlər keçirilirdi. Şairlər günündə belə bir görüşün olması arzuolunandır.

- Muzeydə hər il açıq qapı günləri nə vaxt olur və izləyici kütləsini bu il maarifləndirmə marafonu gözləyir?

- Muzeyə üz tutan şəxslərin dünyagörüş və intellekt səviyyəsinə görə onlara geniş, yaxud lakonik məlumat verilir. Onun yaradıcılıq otağında şəxsi əşyaları barədə tanışlıq yaradılır. Ailə üzvləri, dostları və ailə üzvlərinə aid əşyalar barədə də məlumat verilir. Ənvər Məmmədxanlı nəslindən olduğu üçün guşəmiz var ki, qonaqlara bu barədə, eləcə də  şairin beş yaşında itirdiyi atası Mirzə İbrahim,  anası Məryəm xanım, həyat yoldaşı Nigar Rəfibəyli və onu himayəsində saxlayan dayısı Məmmədhüseyn Rzayev barədə məlumat verilir. Rzayev soyadı ilə  ömür boyu yazıb yaradıb və ailə üzvləri də bu familyanı daşıyıb.  Düşünürük ki, dayısına olan sevgisindən dolayı bu soyadı götürüb ki, uğurlu da alınıb. Bu il Rəsul Rzanın 116 illiyi qeyd olunacaq. Rayonda bir başqa yerdə evləri olsa da, nostalji, doğma hisslər bu evin muzey kimi yaradılmasına səbəb olub. Rəsul Rza heç vaxt Göyçaysız qalmayıb. Yurduna bağlı olub. Ən mötəbər qonaqlar Toğrul Nərimanbəyov,  Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlər onun evinin qonağı olub. Bizim üçün şərait yaradılsın ki, çox şair və yazarlar bu evdə oxucuları ilə görüşə gəlsin. Gənclər ədəbiyyatına, muzeyinə sahib çıxmalı və mütləq belə ədəbi görüşlərdə iştirak etməlidir. Hər il 18 maydan etibarən muzeyimizdə açıq qapı günü keçirilir. Tamaşaçılarımızı muzeydə gözləyirik. Digər günlərdə bizi nigaran saxlasalar da, istərdik ki, açıq qapı günlərində onların sayı çoxalsın, seyrçilər bizi yaxşı mənada təəccübləndirsin. Bu gün etiraf edək ki, uşaqların maraq dairəsində olacaq məkanlar çox azdır. Ona görə də uşaqları az sayda olan tək parklara deyil, elə uşaqlıqdan kitaba, muzeyə, sərgilərə cəlb etmək lazımdır. Bağçadan bura yönəldilsə, onlarda bu mədəniyyət formalaşar. Müxtəlif əyləncəli oyunlar, uşaq  şeirləri öyrənsinlər. Böyüklərin yolu davamlı muzeydən keçsə, uşaqlarımızda da bu təqdirli mədəniyyət formalaşar. Hamını dəvət edirik.

***            

“Neyləyim, çox ağırdır - yaxşı İnsanı əbədi itirmək dərdi. Bir insan ki, ömrünün hər günü insanlığın ömrü-günüydü” - bu misraları Nazim Hikmət barədə yazan şairi indi oxucuları da eyni misralarla xatırlayır. Muzeyi bələdçi Gülnar Ağayeva ilə otaq-otaq gəzərək həmsöhbət olur, o illərə, o dövrlərə, şairin ömür yoluna nəzər salırıq. Elə bu an  diqqətimi divarda asılan rəssam Arif Hüseynovun tənha insan portreti fonunda  Rəsul Rzanın bir bəndlik şeiri çəkir...

Vaxt var ikən,

Elə yaşa, elə çalış,

Bir gün sən olmayanda,

Hər kəsə aydın görünsün

Yerində qalan boşluq.

Yerində qalan boşluq şair, aydın görünür. Yaradıcılığında qəlbinin istisi, işıqlı fikrin və mehriban hissin əbədidir. Misarlarındakı azadlığın, tənqidin, tərənnümünlə.

Yaşadı, döyüşdü.

Qəlbində insanların Kədərini,

sevincini daşıdı.

Ünvanı, pasportdan məlum,

nə bir şəhər, bir küçə, bir tindədir.

Ünvanı milyonlarla insan qəlbindədir.

Yağış hələ də yağır. Bu misralarla sağollaşıb muzeyi, tini çevrilib  daha sonra küçəni, ardınca qocaman çinarları geridə qoyuram.

 Günel Sabirqızı

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Mənim küçəm - Rəsul Rzanın ev-muzeyindən reportaj

Şəkil sayı: 15

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr