ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il Formula 1 mövsümünün Mayami Qran-prisi gənc istedad Kimi Antonelli üçün tarixi uğurla yadda qalıb. Sport24.az xəbər verir ki, "Mercedes" komandasının 19 yaşlı pilotu ABŞ-da nümayiş etdirdiyi möhtəşəm performansla adını F1 tarixinə yazdırıb.
Yarışa pouldan başlayan gənc pilot liderliyini sona qədər qoruyaraq damalı bayrağı birinci keçib. Bu, Antonellinin karyerasında üçüncü qələbəsidir. O, Formula 1 tarixində qazandığı ilk üç poulun hər birini qələbə ilə taclandıran ilk sürücü kimi yeni rekorda imza atıb.
Qələbədən sonra təəssüratlarını bölüşən gənc ulduz Mayamidəki hava şəraitinin onu çətinə saldığını gizlətməyib:
"Çox çətin mübarizə idi. Hava həddindən artıq isti, rütubət isə yüksək idi. Sərt təkərlərlə dövrə vurarkən tabloda hələ 20 dövrənin qaldığını görürdüm. O an yeganə istəyim yarışın bir an əvvəl bitməsi idi".
Yarışdan sonra ən maraqlı anlar isə "Mercedes"in qarajında yaşanıb. Dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Lionel Messi ailəsi ilə birlikdə komandanın qonağı olub. Əfsanəvi futbolçu şəxsən Kimi Antonelliyə yaxınlaşaraq onu tarixi qələbəsi münasibətilə təbrik edib.
Qeyd edək ki, bu nəticədən sonra Kimi Antonelli pilotların sıralamasında liderliyini daha da möhkəmləndirib. O, komanda yoldaşı Corc Rasseli 20 xal qabaqlayaraq mövsümün startında ciddi üstünlük əldə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.