AZ

Vətəndaşlar niyə kreditlə yaşayır?

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda əhalinin banklara olan ümumi borcu son illərdə sürətlə artaraq təxminən 19 milyard manata yaxınlaşıb. İlk baxışda bu göstərici kritik görünmür. Hətta beynəlxalq müqayisədə nisbətən aşağı sayılır.

Amma əsas məsələ borcun həcmi yox, onun strukturudur.

Banklara olan bu borc istehlak kreditləri,ipoteka kreditləri, avtomobil və digər fərdi kreditləri əhatə edir. Yəni bu, dövlət borcu deyil. Sırf vətəndaşların banklara olan borcudur.

Əhalinin bu borcu ÜDM-in təxminən 14–15%-i civarındadır, gəlirlərə nisbətdə isə bu göstərici təxminən 18%-ə yaxındır. Bu səviyyə beynəlxalq müqayisədə çox yüksək sayılmır. Məsələn, Avropada bu rəqəm 60–100% olur.

Azərbaycanda təxminən 19 milyard manatlıq borcun 11–12 milyard manatı istehlak kreditləridir. Qalan hissə isə əsasən ipoteka və digər kreditlərdir. Mövcud mənzərə göstərir ki, bu borcun 60–65%-i istehlak kreditlərinin payına düşür. Bu isə iqtisadi sistem üçün daha dərin və uzunmüddətli risklər yaradır.

İstehlak kreditlərinin dominantlığı: iqtisadi siqnal nədir?

Mövcud kredit portfelinin böyük hissəsinin istehlaka yönəlməsi bir neçə vacib məqamı üzə çıxarır. Bu göstərir ki, əhali kreditləri əsasən gündəlik xərclər, məişət ehtiyacları və qısaömürlü istehlak malları üçün götürür.

Beləliklə, kreditlər gəlir yaradan fəaliyyətə deyil, xərclərin kompensasiyasına xidmət edir, bank sektoru isə daha çox tez dövriyyəli və yüksək faizli kreditlərə üstünlük verir. Bu model klassik iqtisadi inkişaf istiqamətlərindən fərqlənir. Normalda kreditlər iqtisadiyyatda istehsalı artırmalı, biznesləri genişləndirməli və yeni iş yerləri yaratmalıdır. Azərbaycanda isə kreditlər daha çox istehlakı süni şəkildə stimullaşdırır.

 Ekspertlər nə deyir?

İqtisadçılar hesab edir ki, istehlak kreditlərinin bu qədər yüksək payı uzunmüddətli perspektivdə risklidir. Onların fikrincə, əgər kreditlər gəlir yaratmırsa, bu borc gec-tez sosial problemə çevrilir. Mütəxəssislər hesab edir ki, istehlak kreditlərinin artımı əslində əhalinin real gəlirlərinin yetərli olmadığını göstərir. Banklar üçün qısamüddətli qazanc olsa da, bu struktur sistem risklərini artırır.

Əsas problem ondadır ki, kreditlərin artım tempi əhalinin gəlir artımını qabaqlayır, nəticədə insanlar borcla yaşayış səviyyəsini qorumağa çalışır. Nəticədə gecikmiş kreditlərin artması, sosial narazılığın yüksəlməsi, maliyyə sistemində sabitliyin zəifləməsi riskləri yaradır. Xüsusilə iqtisadi şoklar (məsələn, qiymət artımı və ya işsizlik) zamanı bu model tez dağılır.

Ekspetlərin fikrincə, kredit strukturunda sağlam modeldən söhbət gedərsə bu zaman ipoteka və biznes kreditləri üstünlük təşkil etməlidir. İstehlak kreditləri isə ikinci planda qalır. Azərbaycanda isə əks vəziyyət müşahidə olunur: istehlak kreditləri dominantdır, ipoteka kreditləri isə daha məhdud paya malikdir. Bu da onu göstərir ki, kreditlər uzunmüddətli aktivlər yaratmır və iqtisadi dəyər formalaşdırmır.

 Banklar niyə istehlak kreditlərinə üstünlük verir?

Mövcud vəziyyət təkcə əhalinin davranışı ilə izah olunmur. Burada bank sektorunun strategiyası da mühüm rol oynayır. Belə ki, istehlak kreditləri daha yüksək faiz gətirir, verilməsi daha asan və sürətlidir, girov və uzun prosedurlar tələb etmir. Bu səbəbdən banklar üçün bu segment daha cəlbedici görünür. Amma bu yanaşma uzunmüddətli iqtisadi inkişafdan çox, qısamüddətli gəlirə fokuslanır.

Bugünkü reallıqda Azərbaycanda borcun ümumi həcmi hələ kritik deyil, amma onun strukturu riskli və qeyri-dayanıqlıdır.

Əsas problem iqtisadi perspektiv üçün yaranır. İqtisadiyyat kreditlə böyümür, istehlak kreditlə saxlanılır. Bu model davam edərsə, əhalinin borc yükü artacaq, iqtisadi artımın keyfiyyəti zəifləyəcək, sosial və maliyyə riskləri dərinləşə bilər.

Analitik yanaşmaya görə, vəziyyəti balanslaşdırmaq üçün biznes kreditlərinin stimullaşdırılması, ipoteka imkanlarının genişləndirilməsi, maliyyə savadlılığının artırılması və istehlak kreditlərinin daha ciddi tənzimlənməsi kimi addımlar vacibdir.

Sunay AYDIN

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azpost.info

2Mənbələr