AZ

Rusiya Merefaya raket zərbəsi endirdi – ölənlər və yaralılar var

Ukraynanın Merefa şəhərinə Rusiya tərəfindən endirilən raket zərbəsi nəticəsində azı 5 nəfər həlak olub, 19 nəfər isə yaralanıb. Bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.

Vətəninfo.az xəbər verir ki, qurumun açıqlamasına görə, həlak olanlar arasında üç qadın və iki kişi var. Hücumun səhər saat 09:35 radələrində həyata keçirildiyi bildirilir. İlkin məlumatlara əsasən, zərbə İsgəndər raketi ilə endirilib.

Daha əvvəl Oleq Sinegubov hücum nəticəsində 4 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını açıqlamışdı. Sonradan rəqəmlər dəqiqləşdirilərək artırılıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Rəsmi məlumatlara görə, hücum nəticəsində şəhərdə geniş dağıntılar qeydə alınıb. Belə ki, azı 10 yaşayış evi, 4 mağaza, yanacaqdoldurma məntəqəsi, inzibati bina, restoran və bir neçə avtomobil zərər görüb. Hadisə yerində axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

Eyni zamanda bölgədə hərbi vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Kupyansk istiqamətində Rusiya qüvvələrinin aktivliyinin artdığı qeyd olunur. Birləşmiş Qüvvələr Qrupunun sözçüsü Viktor Trequbov bildirib ki, işğalçı qüvvələr son həftələrdə hücum potensialını artıraraq şəhərə müxtəlif istiqamətlərdən təzyiq göstərir.

Onun sözlərinə görə, xüsusilə Qolubovka kəndi strateji baxımdan mühüm rol oynayır və Rusiya qüvvələri bu ərazidən istifadə edərək Kupyansk istiqamətində irəliləməyə çalışır.

Seçilən
25
veteninfo.az

1Mənbələr