AZ

“GameStop” “eBay”i $56 milyarda almağı təklif edib

Videooyun şirkəti “GameStop” kanadalı milyarder Royan Koenin rəhbərliyi ilə “eBay”i almaq qərarına gəlib və bunun üçün $56 milyard məbləğində nağd və səhm formasında təklif irəli sürüb. Bu barədə “Bloomberg” məlumat yayıb.

“GameStop”eBay” üçün hər səhmə görə $125 təklif edib (50% nağd, 50% səhm), bu isə 30 aprel bağlanış qiymətindən 20% yüksəkdir. Şirkət bildirib ki, “TD Ban”k ilkin olaraq təxminən $20 milyard borc maliyyələşməsi təqdim etməyə hazırdır. “GameStop”un özündə isə təxminən $9 milyard nağd vəsait var.

“eBay” səhmləri “Nasdaq”da əvvəlcədən ticarətdə 8,53% artaraq $113-ə yüksəlib. Bu, təklif qiymətindən xeyli aşağıdır və investorların sövdələşmənin baş tutmasına şübhə ilə yanaşdığını göstərir.

Eyni zamanda “GameStop” səhmləri 1,91% azalaraq $26,01 səviyyəsinə düşüb.

“Bloomberg” bu potensial sövdələşməni Koenin “GameStop”dan bir neçə dəfə böyük olan məşhur e-ticarət platformasını ələ keçirmək üçün “cəsarətli cəhd” kimi qiymətləndirib. Cümə günü “GameStop”un bazar dəyəri $12 milyard, “eBay”in isə təxminən $46 mlrd olub.

“eBay daha çox dəyərə layiqdir və belə də olacaq. Mən onu yüz milyardlarla dollar dəyərində şirkətə çevirməyi düşünürəm”, — deyə Royan Koen bildirib. Daha əvvəl o, “GameStop”un bazar kapitallaşmasını $100 mlrd-a çatdırmağı vəd etmişdi.

Bununla belə, “Bloomberg Intelligence” analitikləri bu sövdələşmənin baş tutma ehtimalını aşağı qiymətləndirir.

Agentlik qeyd edir ki, “GameStop”un son illərdəki yüksəlişi gözlənilməz olub. 2021-ci ildə şirkət pərakəndə investorların yaratdığı ajiotajın mərkəzinə çevrilmişdi. Maykl Berri və Kit Gill kimi fiqurların təsiri ilə investorlar “Reddit” vasitəsilə koordinasiya olunmuş şəkildə səhmləri alaraq qiyməti təxminən $20-dən $483-ə qədər yüksəltmişdilər.

Koen 2020-ci ilin sonunda $76 milyon qarşılığında “GameStop”un 13% səhmini alıb və 2021-ci ilin yanvarında direktorlar şurasına daxil olub. Qısa müddət sonra “Reddit” treyderlərinin fəaliyyəti nəticəsində onun sərvəti kəskin artıb.

Hazırda hər iki şirkət dəyişən istehlakçı davranışlarına uyğunlaşmaqda çətinlik çəkir. “GameStop” mağazalarını bağlayaraq kolleksiya oyuncaqları və kartlara fokuslanıb, çünki videooyunlar getdikcə daha çox onlayn alınır. “eBay” də öz platformasında kolleksiya məhsullarını aktiv şəkildə inkişaf etdirir.

Seçilən
15
banker.az

1Mənbələr