AZ

Ramin Məmmədov: Qloballaşma və sürətli informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması getdikcə daha da aktuallaşır

Din xadimlərinin Naxçıvan görüşü

Naxçıvan, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə və Gürcüstandan gələn, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətini, eləcə də onun dövlət-din siyasətindəki misilsiz xidmətlərini əks etdirən fotoşəkillər və eksponatlarla tanış olublar.

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanda azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olub. Bu ənənə əsrlər boyu formalaşaraq dövlət siyasəti səviyyəsində qorunub və inkişaf etdirilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dini-mənəvi dəyərlərə münasibət yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir.

Ceyhun Cəlilov vurğulayıb ki, müasir dövrdə Azərbaycan yalnız tolerantlıq mühiti ilə seçilən ölkə deyil, eyni zamanda, bu modeli beynəlxalq səviyyədə təşviq edən mərkəzə çevrilib. Multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunub, bu sahədə mühüm təşəbbüslər irəli sürülüb. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, dinlərarası dialoq platformaları və humanitar tədbirlər Azərbaycanın bu istiqamətdə qlobal rolunu daha da möhkəmləndirib. Konfrans çərçivəsində aparılacaq müzakirələrin Zəngəzur dəhlizinin tarixi, mədəni və strateji əhəmiyyətinin daha dərindən öyrənilməsinə, mənəvi dəyərlərin qorunması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsinə, eləcə də dini həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən səlahiyyətli nümayəndə tədbirin işinə uğurlar arzulayıb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Zəngəzur dəhlizini ayrılmış bağların bərpasını, keçmişlə gələcəyin qovuşmasını ifadə edən unikal xəritə kimi dəyərləndirib. O bildirib ki, bu xəritədə tarixi yaddaşımızın bir hissəsi və gələcəyə sonsuz ümidlərimizin ifadəsi əks olunur.

Ramin Məmmədov qeyd edib ki, qloballaşma və sürətli informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması, onların mahiyyətinin qorunması getdikcə daha da aktuallaşır. Müxtəlif ideoloji təsirlərin və dəyərlər sistemlərinin toqquşduğu bir şəraitdə mənəvi kimliyin qorunması ideoloji təhlükəsizlik, mənəvi dayanıqlıq və milli özünüdərk məsələsinə çevrilib.

Bildirilib ki, ortaq və ümummilli dəyərlər ətrafında birləşmək cəmiyyətləri parçalanmadan qoruyan, onları yad və zərərli təsirlər qarşısında daha dayanıqlı edən əsas amillərdəndir. Türkiyə və Gürcüstandan olan din xadimlərinin tədbirdə iştirakı da mənəvi dəyərlərin qorunmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən əməkdaşlıq niyyətinin göstəricisi kimi qiymətləndirilib.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Zəngəzur yolu ideoloji və mənəvi inteqrasiyanın mühüm aləti kimi dəyərləndirilməlidir. Bu yol xalqlar arasında ünsiyyəti intensivləşdirəcək, ortaq dəyərlərin daha geniş coğrafiyada möhkəmlənməsinə, milli-dini kimliklərin sağlam əsaslar üzərində qorunmasına imkan yaradacaq. Qeyd olunub ki, Zəngəzur yolu yalnız bir layihə deyil, yaddaşımızın davamı, kimliyimizin ifadəsi və region tarixində yeni mərhələnin başlanğıcıdır. Yeni reallıqlar və imkanlar fonunda qarşıda duran əsas vəzifənin mövcud dəyərləri qorumaqla yanaşı, onları inkişaf etdirmək olduğu bildirilib.

Konfransdakı çıxışlarda din xadimlərinin missiyasının zərərli ideoloji təsirlərə qarşı maarifləndirici mövqenin gücləndirilməsi, sağlam düşüncə tərzinin formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Tədbir “Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə” və “Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar” mövzularında müzakirələrlə davam edib.

Müxbir - Nail Əsgərov

Seçilən
16
2
azertag.az

3Mənbələr