AZ

AMEA ləğv edilir? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı son dövrlər səslənən “faydasız qurumdur, ləğv edilsin” kimi fikirlər cəmiyyətdə birmənalı qarşılanmır. Müzakirələrdə diqqət çəkən məqamlardan biri də odur ki, çox zaman bu qurumun fəaliyyəti və Azərbaycan elminin keçdiyi inkişaf yolu barədə yetərli məlumatı olmayan şəxslər daha fəal mövqe sərgiləyirlər. Digər tərəfdən müzakirələr daha geniş bir problemi – ölkədə elmin idarə olunması modelinin səmərəliliyini gündəmə gətirir.

 

AMEA ləğv oluna bilərmi?

 

Pravda.az mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikirlərini öyrənib.

İlqar

Onun sözlərinə görə, AMEA-nın ləğvi və ya strukturunun köklü şəkildə dəyişdirilməsi ilə bağlı müzakirələr uzun müddətdir həm elmi mühitdə, həm də ictimaiyyətdə davam edən həssas məsələlərdəndir və bu məsələyə birtərəfli yanaşmaq doğru deyil: “Burada həm dövlətçilik maraqları, həm elmi irs, həm də müasir elmi idarəetmə prinsipləri toqquşur. AMEA-nın ləğvi deyil, onun funksionallığının artırılması və idarəetmə modelinin müasirləşdirilməsi əsas hədəf olmalıdır”.

 

İ.Orucov qeyd edib ki, son illərdə AMEA-nın bir sıra institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elmin təhsillə inteqrasiyasını gücləndirmək məqsədi daşıyır: “Dünyanın inkişaf etmiş ölkələrində elmi tədqiqatlar əsasən universitetlərdə və ya ixtisaslaşmış müstəqil mərkəzlərdə aparılır. Sovet dövründən qalan mərkəzləşdirilmiş model bəzi ekspertlər tərəfindən müasir rəqabətə mane olan struktur kimi qiymətləndirilir. Amma bu o demək deyil ki, AMEA bütövlükdə bürokratik qurumdur. Müəyyən dövrlərdə idarəetmədə qüsurlar olub və bu da qurumun nüfuzuna təsirsiz ötüşməyib”.

 

Mütəxəssis maliyyə və resursların səmərəli idarə olunmasının vacibliyini də vurğulayıb: “Elm üçün ayrılan vəsait birbaşa tədqiqatlara və alimlərin dəstəklənməsinə yönəlməlidir. AMEA-nın saxlanması ilə bağlı inzibati xərclər müzakirə mövzusu olsa da, bu, qurumun ləğvi üçün əsas sayıla bilməz”.

 

O, AMEA-nın Azərbaycan üçün yalnız elmi deyil, həm də milli-mənəvi dəyər daşıdığını bildirib: “AMEA ölkəmizin intellektual və mədəni məbədidir. Ulu öndər Heydər Əliyev bu qurumu xalqımızın milli sərvəti adlandırıb. Necə ola bilər ki, biz AMEA-nın ləğvini bu şəkildə tələb edək? Burada Azərbaycan və dünya elminə böyük töhfə vermiş alimlər yetişib, güclü elmi məktəblər formalaşıb. Vaxtilə AMEA-da çalışan alimlərin keçdiyi həyat yolu, xalqımıza xidmətləri, eyni zamanda yaratmış olduqları elmi məktəblər bir nümunə idi. Onların ruhu qarşısında hansı cavabı verəcəyik? Bu gün həmin ənənəni qorumaq vacibdir”.

 

Alimin fikrincə, AMEA-nın tam ləğvi bu məktəblərin parçalanmasına və beyin axınına səbəb ola bilər: “İdarəetmədə problemlərin olması qurumun bağlanması üçün əsas deyil. Mən özüm də zaman-zaman maliyyənin səmərəsiz istifadəsini, elmlə bağlılığı olmayan şəxslərin AMEA-nın üzvü seçilməsini tənqid etmişəm. Amma bu, o demək deyil ki, AMEA ləğv olunmalıdır”.

 

Ekspert xüsusilə ictimai və humanitar elmlərin roluna diqqət çəkib: “Milli ideologiyanın formalaşması, dövlətçiliklə bağlı tədqiqatların aparılması baxımından bu sahələrin xüsusi əhəmiyyəti var və bu istiqamətdə fəaliyyət göstərən institutların AMEA tərkibində olması mühümdür”.

 

Müsahibimiz hesab edir ki, elmin universitetlərdə cəmləşdirilməsi müəyyən üstünlüklər versə də, hazırda ali məktəblərin maddi-texniki bazası bütün institutları qəbul etməyə hazır deyil: “Əgər elmi tədqiqatlar universitetlərə köçürüləcəksə, bu proses mərhələli və hazırlıqlı şəkildə aparılmalıdır. Əks halda, elmi fəaliyyət zəifləyə bilər”.

 

İ.Orucov vurğulayıb ki, əsas məsələ AMEA-nın ləğvi deyil, onun idarəetmə strukturunun təkmilləşdirilməsidir: “AMEA yaşamalıdır. Bu qurumun ənənələri qorunmalı, eyni zamanda müasir tələblərə uyğun islahatlar aparılmalıdır. Qərarlar emosional və ya həvəskar yanaşmalar əsasında deyil, məsuliyyətli və peşəkar müzakirələr nəticəsində verilməlidir”.

 

Aygün İbrahimli

Tarix: 4 May 2026, 15:46   
Seçilən
39
pravda.az

1Mənbələr