AZ

Azərbaycanın atdığı bu addımlarobyektiv qiymətləndirməlidir- ÖZƏL

" Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında səsləndirdiyi fikirlər iştirakçı dövlətlərin və beynəlxalq təşkilat rəhbərlərinin məlumatlandırılması ilə yanaşı, ölkəmizə qarşı aparılan qeyri-obyektiv və qərəzli kampaniyaların hələ də davam etdiyini göstərir. Daim sülhə, əməkdaşlığa və bərabər tərəfdaşlığa önəm verən Azərbaycan hazırda ədalətsiz təzyiqlərlə üzləşir. Bunun əsas səbəbi isə ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Məlumdur ki, bəzi beynəlxalq təsisatlar və Avropa strukturları, o cümlədən Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti  müxtəlif dövrlərdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib və bu yanaşma hazırda da davam edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın əraziləri işğal altında olduğu müddətdə bu qurumlar tərəfindən işğalçıya qarşı ciddi addımlar atılmadı, beynəlxalq hüququn tələbləri tam şəkildə təmin olunmadı.
Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra isə bu qurumların aktivliyi artdı və regionda yaranmış yeni reallıqlar fonunda ölkəmizə qarşı müxtəlif kampaniyalar və antitəbliğat xarakterli fəaliyyətlər genişləndi. 2024-cü ildə AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüquqlarının məhdudlaşdırılması bu münasibətlərin daha da gərginləşdiyini göstərdi. Antiterror tədbirlərindən sonra Azərbaycana qarşı informasiya təzyiqlərinin artması və müxtəlif sənədlərin qəbul edilməsi də bu yanaşmanın davamı kimi qiymətləndirilir. Diqqət çəkən əsas məqamlardan biri odur ki, Ermənistanın uzun illər davam edən işğal siyasəti dövründə bu qurumlar tərəfindən eyni prinsipial mövqe nümayiş etdirilmədi. BMT qətnamələrinin mövcudluğuna baxmayaraq, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq olunmadı. Əksinə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə yönəlmiş addımlara qarşı tənqidlər səsləndirildi, hətta sanksiya çağırışları və enerji əməkdaşlığının yenidən nəzərdən keçirilməsi ilə bağlı təhdid xarakterli bəyanatlar verildi. Bu faktlar regiondakı proseslərə münasibətdə ikili standartların tətbiq olunduğunu göstərir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazilərində həyata keçirdiyi tədbirlərə müdaxilə cəhdləri də bu yanaşmanın tərkib hissəsidir. Eyni zamanda, bəzi hallarda bu mövqelərin arxasında siyasi amillərlə yanaşı, dini və etnik faktorların da rol oynadığı istisna edilmir.
Bu şəraitdə Azərbaycan heç bir təhdid, təzyiq və qərəzli bəyanatlar qarşısında geri çəkilmir. Əksinə bu kimi kampaniyaların mahiyyətini ifşa edərək öz mövqeyini qətiyyətlə ortaya qoyur. Ölkəmiz ədalətsiz yanaşma sərgiləyən tərəflərlə münasibətlərini yenidən nəzərdən keçirir və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə uyğun siyasət yürütmək iradəsini nümayiş etdirir.
Artıq bütün tərəflər anlamalıdır ki, Azərbaycan diktə olunan tərəf deyil. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan, ədalətli və dayanıqlı sülhə yönəlmiş siyasət həyata keçirir və regionda qalib dövlət kimi real təşəbbüslərlə çıxış edir. Bu siyasət konkret addımlarla da təsdiqlənir. Vaşinqton görüşündən sonra müəyyən tranzit məhdudiyyətlərinin aradan qaldırılması, uzun illər davam edən qarşıdurmadan sonra Ermənistana neft məhsullarının tədarük edilməsi, eləcə də Azərbaycanın ərazisindən taxıl, gübrə və digər məhsulların Ermənistana göndərilməsinə şərait yaradılması ölkəmizin səmimi sülh niyyətinin göstəricisidir.
Qərb ölkələri və beynəlxalq təşkilatlar əgər həqiqətən sülhə, sabitliyə və beynəlxalq hüquqa əhəmiyyət verirlərsə, Azərbaycanın atdığı bu addımları obyektiv qiymətləndirməli və bərabərhüquqlu əməkdaşlığa üstünlük verməlidirlər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr