AZ

Balıq alarkən diqqətli olun – Həyatınız TƏHLÜKƏDƏDİR

“Kürü tökmə dövründə balıq istehlakı mövzusu hər il aktuallaşan, yanlış anlaşılan məsələlərdən biridir. Bir çox insan düşünür ki, balığın qarnında kürünün mövcudluğu onun daha zəngin olması deməkdir, amma əslində bioloji reallıq bunun tam əksini deyir.

Balıqlar kürü tökməyə hazırlaşarkən bütün daxili enerji ehtiyatlarını, yəni əzələlərindəki zülalları və bədənlərindəki o qiymətli piy qatını, bizim çox önəm verdiyimiz omega-3 turşularını kürülərin formalaşmasına xərcləyirlər. Belə olduqda balığın əti öz elastikliyini itirir, sulu və dadsız bir hala gəlir. Həmin ətin toxuma strukturu zəifləyir. Belə balığı bişirdikdə bədənimiz üçün lazım olan faydalı maddələrdən məhrum bir məhsula çevrilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

Asim

“Məsələnin ən kritik tərəfi isə təhlükəsizlikdir. Kürü tökmə dövründə balıqların orqanizmində ciddi hormonal dəyişikliklər baş verir. Bu dövrdə balığın immun sistemi xeyli zəifləyir. İmmuniteti aşağı düşən balıq isə su mühitindəki müxtəlif parazitlər və patogen mikroorganizmlər üçün asan hədəfə çevrilir. Xüsusilə, çay balıqlarında bəzi parazitlərin aktivliyi bu dövrdə pik həddə çatır. Digər tərəfdən bəzi balıq növləri öz kürülərini və daxili orqanlarını kənar müdaxilələrdən qorumaq üçün təbii müdafiə mexanizmi kimi spesifik zülallar və toksinlər ifraz edə bilir. Bu maddələr insan tərəfindən istehlak edildikdə, balıq çox yaxşı bişirilsə də həssas orqanizmlərdə kəskin allergik reaksiyalara, həzm sisteminin ciddi pozulmalarına və intoksikasiyaya yol açacaq”.

Ekspert qeyd edir ki, mətbəxdə daha diqqətli olmaq lazımdır.

“Əgər bir şəkildə kürü dövründə olan balıq əlimizə düşübsə, onu təmizləyərkən daxili orqanlarını, xüsusən də kürüsünü tamamilə kənarlaşdırmaq lazımdır. Çünki əsas mikrobioloji və toksiki yük məhz həmin hissələrdə toplanır. Təmizləmə prosesindən sonra balığın qarın boşluğunu axar suyun altında çox diqqətlə yumaq, çarpaz çirklənmənin qarşısını almaq üçün istifadə etdiyiniz bıçağı və lövhəni isə dərhal dezinfeksiya etmək vacibdir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr