AZ

Səssiz şəkillərin danışdığı tarix MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İlqar Cəfərovun obyektivində tarixə çevrilən kadrlar...

Bakı, 4 may, AZƏRTAC

Onun fotoaparatının obyektivi bəzən tarixin ən sərt üzünə, bəzən isə ən parlaq zəfərlərinə şahidlik edib. Qarabağ müharibəsinin ağrılı-acılı hadisələrindən tutmuş, Olimpiya Oyunlarındakı qələbə anlarına qədər. O, dünən olduğu kimi, bu gün də iş başındadır. Yenə harasa tələsir, yenə çəkmək, göstərmək eşqindədir. İlqar Cəfərov 35 ildən çoxdur ki, AZƏRTAC-da bu əzmlə, yorulmadan fəaliyyət göstərir.

Əməkdar mədəniyyət işçisi İlqar Cəfərov peşəsinə olan sonsuz sevgisi və dövlət agentliyində keçən uzunmüddətli fəaliyyəti barəsində səmimi xatirələrini bölüşüb.

İlqar Cəfərovun foto ilə tanışlığı 10 yaşına təsadüf edir. Həmin vaxt atası ona ad günündə “Smena-8M” fotoaparatı hədiyyə etmişdi və İlqar müəllim fotonun sehrli aləminə elə o vaxtdan baş vurdu. “Fotoqrafiyanı bilən qohum, qonşu və dostlardan bu sənətin sirlərini öyrəndim. Artıq o yaşlarımda lenti özüm aşkarlayır, şəkilləri çap edir və mənə maraqlı gələn hər obyekti - istər küçədə, istərsə də ailədə çəkirdim. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa peşəkar səviyyədə bu işlə məşğul olaram. Bəlkə də ilahi bir qüvvə insanı sevdiyi peşəyə yönəldir. Əslində, mən mühəndis ixtisası üzrə təhsil almışam. Tələbəlik illərim Sovet İttifaqının dağılması dövrünə təsadüf etdi. Universiteti bitirdikdən sonra 3-4 il öz sahəm üzrə Mühəndis və layihə bürosunda çalışdım, çertyojlar çəkdim. Daha sonra Moskvada fotojurnalistika fakültəsinə qəbul olaraq qiyabi təhsil aldım”, - deyə fotoqraf o günləri gözünün qabağında canlandırır.

Həmsöhbətimizin həmin illərdən idman çəkilişlərinə daha çox marağı olub. Bu maraq onu Tbilisiyə də aparıb, gəzməyə yox, “Dinamo” ilə SSRİ komandasının futbol oyununu çəkməyə: “Bu, mənə çox maraqlı gəlirdi. Bir var bu idmançıları televiziyada görəsən, bir də var onları lap yaxından görüb çəkəsən. Bir neçə dəfə o illərdə Moskvada və Sankt-Peterburqda olarkən idman oyunlarını lentə almışam. Həvəskar olduğum üçün meydana çıxıb çəkə bilmirdim. Tribunada elə yerlər seçirdim ki, idmançılar meydana çıxanda və geri qayıdanda onları görüb çəkə bilim. AZƏRTAC-da işə başladıqdan sonra isə müxtəlif çəkilişlərə getməyimə baxmayaraq, yenə də idmana daha çox meyil göstərmişəm. Məhz buna görə də müxtəlif idman növlərini, Avropa və dünya çempionatlarını, həmçinin dəfələrlə Olimpiya və Paralimpiya oyunlarını çəkmək şansım olub”.

Fotojurnalistikaya bədiilik gətirən son dövrün ən parlaq siması

İllərdir onunla çiyin-çiyinə çalışan Azərbaycan Fotoqraflar Birliyinin üzvü, tanınmış fotoqraf Mirnaib Həsənoğlu deyir ki, İlqar Azərbaycan fotoqrafiyasına 1990-cı illərdən sonra gələn parlaq nümayəndələrdən biridir. “Onunla çox yaxın tanışlığımız var. İlqar elə bir şəhərdə doğulub ki, ora Azərbaycan fotoqrafiyasının tanınmış nümayəndələrinin vətənidir. 1880-ci ildə Gəncədə 30 il fotoqraf işləmiş Məşəd Abbasəli Abbasov, Lev Daşkeviç və ən böyük idman fotoqraflarından olan Faiq Rəcəbli də həmin şəhərdəndir. İlqar məhz onlardan sonra gələn yeni nəslin təmsilçisidir”.

İlqarla tanışlığımız 1996-cı ilə təsadüf edir. O dövrlər AZƏRTAC-da işləyən Oleq Litvinin onun haqqında dediyi müsbət sözlər həmişə yadımdadır: “Bu oğlanın gələcəyi var, o, daim öz üzərində işləyir”. Doğrudan da İlqar haqqında danışan hər kəs bunu təsdiqləyirdi. Onun bu sahəyə gəlişi 1990-cı illərin çətin, qarışıq dövrlərinə - müharibə və mitinqlər zamanına düşdü. İlqar reportyor kimi fəaliyyətə başlasa da, daxilindəki sənətkar hər zaman öz mövqeyini qorudu. O, sadəcə hadisəni çəkmirdi, onun hər bir kadrında özünəməxsus bədii yanaşma var idi”.

İlqar Cəfərovu fotojurnalistikaya bədiilik gətirən son dövrün ən parlaq simalarından sayan M.Həsənoğlu deyir: “Biz ilk dəfə UNICEF-in “Keçid dövrünün portretləri” layihəsində yaxından tanış olduq. Sonra dörd nəfər “Refugees” kitabı üzərində işləyirdik. Onlardan biri də İlqar idi. O vaxt o, Tərtər-Ağdam istiqamətindəki rayonları çəkirdi”.

2011-ci ildə Çelyabinskdə keçirilən fotofestivalda Azərbaycanı birlikdə təmsil etdiklərini xatırladan Mirnaib Həsənoğlu İlqarın orada Kəlbəcərdə, Ömər aşırımında çəkdiyi və qaçqınların taleyindən bəhs edən “Долгое эхо войны” sərgisi ilə ölkəmizi təmsil etdiyini bildirib.

“O, bu gün də böyük arzularla yaşayır. İlqar nadir fotoqraflardandır ki, 1990-cı illərdən bu günədək AZƏRTAC-da işləyir. Onun yaradıcılığının əsas xəttini Birinci Qarabağ müharibəsi təşkil edir. Xocalı faciəsi zamanı qatarlar vağzala gələndə insanların nələr çəkdiyini, hansı acıları yaşadığını İlqar əbədiləşdirib. Onun bu mövzudakı fotoları əvəzolunmaz tarixi sənədlərdir. İlqarın yaradıcılığının öz spesifikliyi var, o, Azərbaycan fotojurnalistikasına dəqiqlik gətirən ən böyük fotoğraflarımızdan biridir”, - deyə M.Həsənoğlu qeyd edib.

İdmançı meydanda necə mübarizə aparırsa, sən də fotoaparatla onun kimi yarışmalısan

İdmana böyük sevgisi olan İlqar müəllim meydandakı həyəcanı və atletlərin keçirdiyi hissləri əbədiləşdirməyin yollarını hər zaman gənc fotoqraflarla bölüşməyi özünə borc bilir. Onun sözlərinə görə, fotoqraf üçün yarışlarda çox vaxt hər şey özündən asılı olmur: “Konkret nöqtələr, mövqelər var ki, sən yalnız orada durub çəkiliş aparmalısan. Əsas odur ki, diqqətini tam yarışa yönəldəsən. İdmançıların emosiyalarını, o gərgin vəziyyətləri, pik nöqtələrini əks etdirə biləsən. Bir anlıq fikrin yayınsa görürsən ki, ən gözəl kadr gözünün qabağından qaçdı. Yəni əgər yarışdasansa, idmançı meydanda necə mübarizə aparırsa, sən də yaxşı kadr uğrunda fotoaparatla onun kimi yarışmalısan.

Bu təcrübə illərlə formalaşır, birdən-birə mümkün deyil. İndi 25-30 il əvvəl çəkdiklərimə baxanda görürəm ki, insan pillə-pillə ustalıq səviyyəsinə çatır. Amma yenə də bu, bir yarışdır, istər yaşlı ol, istər cavan, gərək həmişə diqqətli olasan. Ümumiyyətlə, fotoqrafda müşahidəçilik qabiliyyəti güclü olmalıdır ki, o, mühüm məqamları ötürməsin və tarixə həkk edə bilsin”.

Fotoqraf dörd Paralimpiya Oyununu – 2004-cü, 2008-ci, 2012-ci və 2016-cı illərdə - lentə alıb. Bu yarışlar onun çəkdiyi fotolarda daha da maraqlı görünür. İlqar müəllim bunun səbəbini belə izah edir: “Bəzən insan düşünür ki, biz sağlam olduğumuz halda bəzi işləri görə bilmirik, amma bu fiziki məhdudiyyətli insanlar necə əzmlə yarışır, mübarizə aparır və nəticə əldə edirlər. Onlara baxdıqca istəyirsən ki, bu anları mütləq tarixə həkk edəsən. Paralimpiya mövzusunda mənim sərgilərim də keçirilib. Bu, çox təsirli və maraqlı mövzudur. Bu günün özündə də həmin şəkillərlə beynəlxalq fotomüsabiqələrdə iştirak edirəm”.

Səmimi, dostluqda isə son dərəcə mehriban

Onunla uzun müddət işləyən tanınmış fotoqraf, Əməkdar mədəniyyət işçisi Ağaəli Məmmədov İlqarın çox səmimi, dostluqda isə son dərəcə mehriban olduğunu deyir: “Yadıma gəlmir ki, o, uca səslə danışsın. Tapşırılan işi böyük məsuliyyətlə görüb tamamlayar. Onun Kəlbəcərdə çəkdiyi bir çox kadrları var, amma ən yaddaqalanı ayaqyalın uşaq və çəliklə gələn qoca kişinin əks olunduğu görüntülərdir. Həmin kadrlar dünyanın ən nüfuzlu jurnal və qəzetlərində öz əksini tapıb”.

İlqarın gözəl sənətkar, bir çox fotomüsabiqələrin qalibi olduğunu xatırladan A.Məmmədov onun insan və dost kimi hər bir məsələdə həmişə səmimiyyətlə kömək etdiyini bildirib. “O, fotoxronika kimi çətin və məsuliyyətli bir məktəbdə yetişib və özünü tam doğrulda bilib. Şəkillərin ağ-qara dövründə laboratoriyamızın olmasına baxmayaraq, hər şeyi özü etməyi sevirdi”, - deyə o əlavə edib.

Əsas şərt sevgi və işgüzarlıqdır

İlqar müəllim fikrincə, əgər nə vaxtsa mükəmməl kadrı yaxalaya bilsə, yəqin ki, həmin an dayanmalı və yaradıcılığına son qoymalıdır. “Əlbəttə, sevdiyim kadrlar var. Bəzən baxıram, düşünürəm ki, bu məqamı yaxşı tutmuşam, amma kaş idmançının emosiyası bir az da fərqli olardı. Həmişə ən yaxşısını çəkməyə çalışırsan, lakin yüz faiz istədiyin kadrı, o pik nöqtəsini tutmaq bəzən çox çətin olur. Məhz buna görə də fotoqrafın müşahidə qabiliyyəti çox güclü olmalıdır. Sən hər hansı bir idman növünü çəkməyə gedəndə həmin sahə barədə məlumatlı olmalısan. Bəzən o kadrı bir saniyə öncədən hiss etməli, indi nəsə olacaq deyib həmin məqamı gözləməlisən ki, vaxtında çəkə biləsən”, - deyə fotoqraf bildirib.

Müəllimə və məktəbə gəldikdə isə İlqar müəllim həyatın özünün bir məktəb olduğunu qeyd edir: “Əvvəllər məlumatı kitablardan oxuyurduq, indi isə internetdə istənilən informasiyanı tapmaq mümkündür. Ancaq fotoqrafiyada nəticə əldə etmək üçün gərək əziyyət çəkəsən, axtarasan, tapasan, səhv edib o səhvi düzəldəsən, həmçinin ətrafa baxıb başqalarının bu sahədə nələr çəkdiyini izləyəsən. Fotoqrafiya cürbəcür qol-budağı olan bir ağacdır, janrları çoxdur. Bütün janrlarda mükəmməl olmaq mümkün deyil. Hansı daha yaxşı alınırsa, onunla məşğul olmaq, yaxşı nəticə üçün məhz onun üzərində işləmək lazımdır. Əsas şərt sevgi və işgüzarlıqdır. Mən kiməsə ehtiyac duyduğu halda istiqamət, məsləhət verə bilərəm. Lakin kiminsə əlindən tutub onu yaradıcılıqla zorla tanış etmək olmur. Bu elə bir sənətdir ki, gərək daima inkişaf edəsən və formada qalasan”.

İlqar bütöv bir dövrün simasıdır

Tale İlqar müəllimlə və litvalı jurnalist Riçardas Lapaytis Birinci Qarabağ müharibəsinin ən ağır günlərində bir araya gətirib. Riçardas Lapaytisin sözlərinə görə, İlqar Cəfərov taleyin onu qarşılaşdırdığı ən dəyərli insanlardandır. “Bunu bütün ürəyimlə deyə bilərəm. Biz Xocalı soyqırımından dərhal sonra - vəhşicəsinə qətlə yetirilmiş günahsız uşaqların, qadınların və yaşlıların Ağdama gətirildiyi o dəhşətli günlərdə görüşdük. Bu görüşü heç vaxt unuda bilmərəm. O, mənim üçün hər şey idi və hələ də elədir: dost, müəllim və qardaş. Baxmayaraq ki, illər keçib, biz hələ də sıx əlaqədəyik. Mənə ən çox təsir edən onun Azərbaycana olan sonsuz sevgisidir. İlqar unikal bir şəxsiyyətdir. O qədər istedadlı, yanaşmasında o qədər orijinaldır ki, onunla bağlı ürəyimdən gələni deməyə bilmərəm: “Bu insan həyatımda çox mühüm rol oynayan, mənə taleyin göndərdiyi bir hədiyyədir.

İlqar dünyanın ən yaxşı fotoqraflarından biridir. Bunu inamla deyirəm. Düşünmürəm ki, başqa bir fotoqraf bu qədər nüfuzlu mükafat qazansın. Bütün bunlara rəğmən, o, həmişə təvazökar, sadə və gülərüz qalıb. İlqar bütöv bir dövrün simasıdır. Məhz onun sayəsində dünya Xocalı və Qarabağ həqiqətlərini gördü. Buna görə onun qarşısında baş əyirəm. O, ən yüksək diqqətə layiqdir”.

O çəkilişlər zamanı böyük sarsıntı keçirirdim...

İlqar Cəfərov Birinci Qarabağ müharibəsini belə xatırlayır: “Çox ağır və çətin illər idi - müharibə, dağıntı, bombardmanlar... Şuşa, Füzuli, Qubadlı, Qazax, Tovuz, Gədəbəy. Dəfələrlə Xocalı qaçqınlarını lentə almışam. Ömründə uşaq meyiti görməmişdim, lakin o dəhşəti çəkməyə məcbur idim. Bilmirdim kameranın obyektivinə baxım, yoxsa gördüklərimə dözüm. Amma çəkməli idim ki, bu vəhşiliyi dünyaya göstərə bilək. Körpə uşağın, qadının, yaşlı insanın nə günahı var idi? O illərdə əlimdən gələni etdim. Sonra qaçqınlıq dövrü başladı. Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıldan didərgin düşən insanların taleyini çəkdim. Çadır düşərgələrində dəfələrlə çəkilişlər etdim. Bakıya qayıdanda keçirdiyim hissləri izah etmək çətindir. Düşünürdüm ki, sən öz evinə gedirsən, amma bu insanlar yayda, qışda, ən ağır şəraitdə çadırda qalırlar. O çəkilişlər zamanı böyük sarsıntı keçirirdim...”.

2000-ci ildə İlqar müəllimin “Gülüstan” sarayında Birinci Qarabağ müharibəsi, qaçqınlar, dağıntılar və bombardmanlara həsr olunmuş sərgisi açılıb. Sərgidə Prezident Heydər Əliyev də iştirak edib. Daha sonra həmin ekspozisiya Azərbaycan Milli Kitabxanasında bir neçə ay nümayiş olunub.

“O illər həm də böyük bir inamsızlıq dövrü idi və bu, adama çox pis təsir edirdi. İkinci Qarabağ müharibəsində də eyni vəhşiliklərin şahidi oldum. Gəncəyə edilən beş bombardmanın beşini də yerindəcə lentə aldım. Goranboyun kəndlərini, Mingəçeviri çəkdim. Lakin bu dəfə çəkə-çəkə anlayırdım ki, biz qalib gəlirik. İnsanlarda ruh düşkünlüyü yox idi. Şükürlər olsun ki, Qələbə çaldıq. İnsanlarımız artıq öz doğma yurdlarına qayıdırlar. Yaddaşımda ən ağrılı hadisələrdən biri Kəlbəcərdə yaşandı. Bəzən deyirlər ki, “kişi ağlamaz”. Amma Kəlbəcərdə ayaqyalın, ağlayaraq evinə tərəf gedən kişini görəndə sarsılmamaq mümkün deyildi”, - deyə o bildirir.

Fotoqrafiyada hazır resept yoxdur

Fotoqraf qeyd edir ki, əgər birinci dəfə alınmasa da, ikinci, üçüncü cəhddə mütləq uğur qazanacaqsan. “Beləcə, ildən-ilə, yarışdan-yarışa təcrübən artacaq, yaxşı kadrların çoxalacaq. Fotoqrafiyada hazır resept yoxdur. Çəkdiyin şəkillərlə müsabiqələrdə iştirak edə bilərsən. Orada qalib gəlmək də var, uduzmaq da. Elə kadrların olmalıdır ki, onlarla beynəlxalq səviyyəyə çıxa biləsən. Orada 500, hətta 1000 nəfər iştirak etsə də, sən əslində özün-özünlə yarışırsan. Özünə sübut etmək istəyirsən ki, şəkillərin hansı səviyyədədir – müsabiqədə yer tuta bilər, ya yox? Bununla özünü təsdiq edirsən. Beynəlxalq müsabiqə həm məktəbdir, həm müəllimdir, həm də öz səviyyəni anlamaq üçün bir sınaqdır”, - deyə İlqar Cəfərov fikirlərini yekunlaşdırır.

Müxbir- Leyla Muradzadə

Fotomüxbir- Orxan Kərimov

Videooperator- Mir Rəsul Cəfərov, Namiq Abdullayev, Ceyhun Mustafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr