AZ

Gürcüstanda 1,5 milyondan çox şəxsə qumar qadağası qoyulub – Sistem necə işləyir?


Gürcüstanda 1 milyon 576 mindən çox vətəndaşın qumar oyunlarında iştirakına məhdudiyyət qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu siyahı Maliyyə Nazirliyinin Gəlir Xidməti tərəfindən tərtib olunur.
Hazırda qurum iki əsas reyestr aparır: qumar asılılığı riski olan şəxslər və qumar oynaması qadağan edilən şəxslər. Qanuna əsasən, bu siyahılara yalnız Gürcüstan vətəndaşlarının məlumatları daxil edilir.
2026-cı ilin statistikasına görə, “asılı şəxslər” siyahısında 41 mindən çox insan var. Onların böyük əksəriyyəti – 40 min 978 nəfəri öz istəyi ilə qumardan uzaq durmaq üçün müraciət edib. Cəmi 64 nəfər isə məhkəmə qərarı ilə bu siyahıya daxil edilib. Bu qərarlar əsasən ailə üzvlərinin müraciəti əsasında qəbul olunur.
Qumar oyunlarına çıxışı məhdudlaşdırılan şəxslərin sayı isə daha genişdir. Bu kateqoriyaya dövlət qulluqçuları, sosial yardım alan şəxslər, borcu olan və ya maliyyə risk qrupuna daxil edilən vətəndaşlar da daxildir.
Sistemə daxil olmaq və ya özünü məhdudlaşdırmaq üçün vətəndaşlara bir neçə imkan yaradılıb. Onlar xüsusi onlayn platforma vasitəsilə üz tanıma sistemi ilə qeydiyyatdan keçə, elektron xidmət portalından müraciət edə və ya birbaşa xidmət mərkəzlərinə gedə bilərlər.
Qanunvericiliyə edilən son dəyişikliklər qumar bazarına nəzarəti daha da gücləndirib. Məsələn, reklamların məhdudlaşdırılması, yaş həddinin artırılması və onlayn platformalara daha sərt tələblərin qoyulması bu tədbirlər sırasındadır. Bundan başqa, operatorlar istifadəçilərin kimliyini yoxlamaq və qadağan olunmuş şəxslərin sistemə daxil olmasının qarşısını almaq üçün xüsusi texnoloji nəzarət mexanizmlərindən istifadə etməlidirlər.
Gürcüstanda qumar oynamaq qadağası hər kəs üçün eyni qaydada götürülmür. Bu, şəxsin siyahıya hansı əsasla daxil edilməsindən asılıdır. Əgər vətəndaş özü müraciət edərək qumardan imtina siyahısına daxil olubsa, bu qadağanı dərhal ləğv etmək mümkün deyil. Qanuna görə, belə şəxslər minimum müəyyən müddət (adətən bir neçə il) bu siyahıda qalmalıdır. Bu müddət bitdikdən sonra onlar yenidən Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidməti vasitəsilə müraciət edərək siyahıdan çıxarılma tələb edə bilərlər. Müraciət yenə onlayn sistem, elektron kabinet və ya xidmət mərkəzləri üzərindən edilir.
Əgər şəxs ailə üzvlərinin müraciəti və məhkəmə qərarı ilə siyahıya salınıbsa, qadağanın götürülməsi yalnız məhkəmə yolu ilə mümkündür. Bunun üçün həmin şəxs yenidən məhkəməyə müraciət etməli və artıq risk qrupunda olmadığını sübut etməlidir.
Bəzi vətəndaşlar (məsələn, sosial yardım alanlar və ya borc problemi olanlar) avtomatik olaraq məhdudiyyətə düşür. Bu halda qadağanın aradan qaldırılması üçün əvvəlcə həmin status dəyişməlidir. Yəni borclar bağlanmalı, sosial status yenilənməli və ya qanunda göstərilən səbəb aradan qalxmalıdır.

Murad Məmmədov
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr