AZ

“İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməlidir” Deputat çağırış etdi

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Məlumdur ki, Ermənistan–Azərbaycan münaqişəsi başa çatsa da, onun ağır nəticələri qalmaqdadır. Hətta demək olar ki, ən ağır məsələlərdən biri – həm psixoloji, həm də beynəlxalq humanitar hüquq baxımından 4 minə yaxın itkin düşmüş azərbaycanlı vətəndaşın taleyinin hələ də qeyri-müəyyən qalmasıdır”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Bu şəxslər haqqında məlumatların tam müəyyən edilməməsi ciddi problemdir. Ermənistan isə bu günədək həmin vətəndaşların taleyi ilə bağlı dolğun və tam məlumat təqdim etməmişdir. Yalnız Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan axtarış və qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilir ki, bu da münaqişə dövründə törədilmiş ağır müharibə cinayətlərinin göstəricisidir.

Həm humanitar, həm beynəlxalq hüquq, həm də psixoloji baxımdan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi böyük faciədir. Bu məsələdə beynəlxalq təşkilatların, xüsusilə daim bu kimi problemlərlə məşğul olmalı olan qurumların susqunluğu təəccüb doğurur. Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklərə baxmayaraq, insan hüquqları və demokratiya barədə danışan bəzi beynəlxalq qurumlar itkin düşmüş azərbaycanlılarla bağlı mövqelərini açıq şəkildə ifadə etmirlər. Bununla belə, bu hal Ermənistanın üzərinə düşən məsuliyyəti azaltmır.

Təəssüf ki, Ermənistan hələ də açıq şəkildə bu şəxslərin taleyi barədə məlumat verməmişdir. Bu isə həmin ailələr üçün ağır psixoloji yük yaradır. Nəticədə sanki bitməyən bir yas vəziyyəti yaranır. Psixologiyada bu hal “qeyri-müəyyən itki” kimi xarakterizə olunur və insanlarda davamlı kədər hissi yaradır.

İtkin düşmüş şəxslərin ailə üzvləri və yaxınları ömür boyu bu qeyri-müəyyənliklə yaşamaq məcburiyyətində qalır ki, bu da ağır psixoloji travmalara səbəb olur. Təbii ölüm xəbəri belə ağırdır, lakin insanın taleyi haqqında heç bir məlumatın olmaması daha sarsıdıcıdır və bir növ davamlı iztirab yaradır.

Bu baxımdan həm beynəlxalq humanitar təşkilatlar, həm Ermənistan dövləti, həm də ümumilikdə bəşəri dəyərlərə hörmət edən hər kəs bu məsələyə diqqət yetirməli və itkin düşmüş azərbaycanlılarla bağlı səsini ucaltmalıdır. Dünya təcrübəsində də oxşar hallarda fəal addımların atıldığını görmək mümkündür.

Məsələn, 1990-cı illərin əvvəllərində Balkanlarda baş verən müharibələrdən sonra itkin düşmüş şəxslərlə bağlı xüsusi qurumlar yaradılmışdır. Xüsusilə Bosniya müharibəsindən sonra bu sahədə beynəlxalq səviyyədə mühüm təşəbbüslər həyata keçirilmişdir. Bu isə göstərir ki, problemin həlli üçün mexanizmlər mövcuddur.

Nəticə etibarilə, Azərbaycan 4 minə yaxın itkin düşmüş vətəndaşın taleyinin müəyyən edilməsini tələb edir. Ermənistan bu məsələyə görə məsuliyyət daşıyır, beynəlxalq təşkilatlar isə öz mövqelərini açıq şəkildə ifadə etməlidirlər. Bu problemin diqqətdən kənarda qalması nə beynəlxalq humanitar hüquqa, nə də ümumbəşəri dəyərlərə uyğun deyil”.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr