Bakı, 4 may, AZƏRTAC
Genişmiqyaslı müharibələr dünya iqtisadiyyatında çoxşaxəli və ciddi mənfi nəticələrə - neft hasilatı və ixracının azalmasına, enerji qiymətlərinin kəskin artmasına, təchizat zəncirinin pozulmasına, qlobal inflyasiyanın güclənməsinə, ticarət marşrutlarının pozulmasına, logistika sistemində gecikmələrə, nəqliyyat xərclərinin artmasına, ərzaq və sənaye məhsullarının qiymətlərinin bahalaşmasına və s. səbəb olur. Dünya bazarında neftin qiymətindəki dalğalanmalar ölkəmizin də iqtisadiyyatına təsir edir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ixrac gəlirlərinin böyük hissəsi – təxminən 80 faizi neft və qaz sektorunun payına düşür.
“Bu səbəbdən dünya bazarlarında neftin qiymətinin artması ölkə gəlirlərinə birbaşa müsbət təsir göstərir. Neft ixracından əldə olunan gəlirlərin artması ölkəyə daxil olan valyuta həcmini artırır. 2026-cı ilin dövlət büdcəsində neftin bir bareli 65 dollar səviyyəsində nəzərdə tutulsa da, ilin ilk rübündə qiymətlər daha yüksək olub. Mart ayının yekunlarına əsasən aylıq orta qiymət təqribən 100 dollar təşkil edib. Aprel ayında isə “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 122,32 dollara çatıb. Bu, həm dövlət büdcəsinə, həm də aidiyyəti qurumların gəlirlərinə müsbət təsir göstərib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 3,6 milyon ton neft, bitumlu neft məhsulları ixrac edib və 1,7 milyard dollar gəlir əldə edib”, - deyə Rəsmiyyə Abdullayeva vurğulayıb.
Ekspert qeyd edib ki, artan gəlirlər investisiya imkanlarını genişləndirir: “İnfrastrukturun inkişafı sosial layihələrin icrası və qeyri-neft sektorunun inkişafına şərait yaradır. Qısa müddətdə neftin bahalaşması iqtisadiyyat üçün əlverişli olsa da, əsas məsələ bu vəsaitlərin uzunmüddətli və səmərəli idarə olunmasıdır. Azərbaycan neftinin qiymətinin artımı müsbət tərəfləri ilə yanaşı, həm də müəyyən risklər də yarada bilər. Neft gəlirlərinin artması digər sahələrin inkişafını kölgədə qoya bilər və bu, uzunmüddətli dövr üçün risk yaradır. Eyni zamanda, iqtisadiyyata daxil olan vəsaitin artması inflyasiya təzyiqlərini gücləndirə bilər. Bu baxımdan əsas prioritet qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir”.
Müxbir-Nailə Həsənova