AZ

“Vaşinqton və Tehran münasibətləri qarşılıqlı güc nümayişi mərhələsinə daxil olur”

“Vaşinqton

“ABŞ prezidenti Donald Trampın İranın təqdim etdiyi 14 bəndlik təklif planını “qəbuledilməz” adlandırması Vaşinqton Tehran xəttində gərginliyin yaxın dövrdə azalacağına dair ümidləri zəiflədib. Trampın “İrana qarşı kampaniya çox yaxşı davam edir” açıqlaması isə göstərir ki, Ağ Ev hazırda diplomatik yumşalma deyil, təzyiq strategiyasını davam etdirmək niyyətindədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva söyləyib.

Y.Hacıyeva bildirib ki, məsələ yalnız iki dövlət arasındakı siyasi qarşıdurma ilə məhdudlaşmır və burada söhbət Yaxın Şərqdə yeni güc balansından, enerji təhlükəsizliyindən və regional təsir uğrunda geosiyasi mübarizədən gedir: “ABŞ hesab edir ki, İran nüvə proqramı və regiondakı proksi qüvvələr vasitəsilə strateji təsirini genişləndirir. Tehran isə bunu öz milli təhlükəsizlik doktrinasının bir hissəsi sayır. Tramp administrasiyasının sərt ritorikası həm də daxili siyasi auditoriyaya hesablanıb. ABŞ-də seçki mühiti yaxınlaşdıqca təhlükəsizlik və milli güc mövzuları daha çox ön plana çıxır və bu kontekstdə Tramp İranla kompromisə gedən lider obrazı deyil, sərt mövqe nümayiş etdirən lider modelini üstün tutur”.

O əlavə edib ki, hazırkı vəziyyətdə ən real ssenari “idarə olunan gərginlik” kimi görünür və tərəflər bir-birinə təzyiq göstərəcək, lakin birbaşa genişmiqyaslı müharibədən yayınmağa çalışacaqlar.: “Çünki belə müharibə yalnız region üçün deyil, qlobal enerji bazarı üçün də ağır nəticələr doğuracaq. Xüsusilə Hörmüz boğazında mümkün risklər neft qiymətlərinə və beynəlxalq logistika xətlərinə ciddi təsir edə bilər. Bununla yanaşı, məhdud hərbi eskalasiya ehtimalı da istisna deyil. İranın regiondakı müttəfiq qüvvələri vasitəsilə ABŞ və İsrail maraqlarına təzyiqlərin artması mümkündür. Buna cavab olaraq lokal hərbi əməliyyatlar, hava zərbələri və təhlükəsizlik əməliyyatları gündəmə gələ bilər”.

Onun sözlərinə görə, proseslərin digər mühüm tərəfi isə regional ölkələrin mövqeyidir: “Türkiyə, Körfəz ölkələri, Rusiya və Çin kimi aktorlar vəziyyətin tam nəzarətdən çıxmasını istəmirlər. Çünki İran ətrafında böyük müharibə Yaxın Şərqdən Cənubi Qafqaza qədər geniş coğrafiyada təhlükəsizlik zəncirini poza bilər. Cənubi Qafqaz üçün də bu proseslər xüsusi həssaslıq daşıyır. İran ətrafında artan gərginlik regionun nəqliyyat-kommunikasiya layihələrinə, enerji marşrutlarına və sərhəd təhlükəsizliyinə təsir göstərə bilər. Bu səbəbdən bölgə dövlətləri üçün əsas prioritet emosional siyasi mövqe deyil, regional sabitliyin qorunması olacaq. Hazırkı mərhələdə görünən odur ki, Vaşinqton və Tehran arasında münasibətlər kompromis deyil, qarşılıqlı güc nümayişi mərhələsinə daxil olur. Bu isə yaxın aylarda Yaxın Şərqdə siyasi və təhlükəsizlik gündəmini müəyyən edən əsas amillərdən biri olaraq qalacaq”.

Röya İsrafilova

Seçilən
5
1
xalqcebhesi.az

2Mənbələr