AZ

Mirzə Qədim İrəvani irsi dünya dahiləri ilə eyni tərəzidə - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin maliyə dəstəyi ilə "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin icra etdiyi "Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq" layihəsi uğurla yekunlaşıb.

 Qaziler.az bildirir ki, layihə rəhbəri, araşdırmaçı tətbiqi sənət ustası,Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlının apardığı genişmiqyaslı elmi-jurnalist tədqiqatları nəticəsində Azərbaycanın dahi rəssamı Mirzə Qədim İrəvaninin yaradıcılıq fəlsəfəsinə tamamilə yeni və qlobal bir baxış gətirilib.
Onun apardığı tədqiqatlar Mirzə Qədim İrəvaninin realizmini Qacar, Osmanlı, Orta Asiya, Çin və Hindistan realist məktəbləri ilə müqayisəli şəkildə təhlil edib. Araşdırmanın ən diqqətçəkən məqamı İrəvaninin riyazi məntiqində Albrext Dürer, işıq fəlsəfəsində isə Yohan Vermeyer kimi dünya şöhrətli dahilərlə aparılan paralellərdir. Bu tədqiqat sübut edir ki, İrəvani nəinki Azərbaycanın, həm də bütün Şərq-İslam aləminin öz unikal yaradıcılıq formatına görə dahi sənətkarıdır.

Eləcə də  Almaniyanın Nürnberq şəhərində yerləşən "Türk Tarixi və Mədəniyyətləri Muzeyi" ("Medina" dərnəyi) və "Sərdar Sandıq-Mücrü Ocağı"nın birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransında bu tapıntıların geniş miqyasda təqdimatı olub. "Dünya Bilgi Platforması"nda 10 ölkədən 100-dən çox nümayəndənin iştirakı ilə keçirilən müzakirələrdə İrəvaninin heç bir Avropa məktəbi keçmədən bütün Şərq islam coğrafiyasında şərti təsvirdən realizmə keçidi təmin edən ilk realist rəssam olduğu elmi dəlillərlə təsbit edilib.

Layihənin praktiki icrası çərçivəsində isə "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İB-nin sədri,dizayner,dekorativ tətbiqi sənət ustası,Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı tərəfindən dekorativ-tətbiqi sənətdə ilk dəfə tətbiq olunan xüsusi müəllif texnikası işlənib hazırlanıb. "Mirzə Qədim İrəvani işığı" kolleksiyasında tekstura pastası vasitəsilə elementlərə lay-lay həcm verilərək təsvirlər barelyef formasına gətirilib (manual 3D prototipləşmə).
​Azərbaycanın əməkdar rəssamı, ali dərəcəli bərpaçı, Azərbaycan Milli İncəsənət Muzeyinin Bərpa şöbəsinin müdiri Natiq Səfərov layihənin əsas məsləhətçisi kimi bu metodun rəsmiləşdirilməsi üçün müvafiq addımların atılmasının gərək olduğunu bildirib.

Eləcə də Sərdar Sandıq-Mücrü Ocağı"nda hazırlanan kolleksiyaya ölkənin ən nüfuzlu ekspertləri, Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Tətbiqi Sənət bölməsinin rəhbəri, Aydın Rəcəbov, Azərbaycanın əməkdar rəssamı, sənətşünas, Azərbaycan Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov tərəfindən rəy verilib.

Layihənin sonunda, "Sərdar Sandıq-Mücrü Ocağı" nda keçirilən   "Mirzə Qədim irəvani irsinin işığı" adlı kolleksiyanın ilkin təqdimatı zamanı çıxışlarında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili, Hikmət Babaoğlu, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim, Almaz Həsrət, Bakı Slavyan Universitetinin Elmi Şurasının katibi, həmin təhsil müəssisəsində fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Dürdanə Hümbətova aparılan maarifləndirmə işlərinin yüksək əhəmiyyətini vurğulamış, görülən işlərin davamlılığının təmin edilməsinin vacibliyini diqqətə çəkmişlər.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin informasiya mərkəzi.

Seçilən
12
qaziler.az

1Mənbələr