AZ

Masallıda mədəniyyət işçisinin yubileyi

Masallıda mədəniyyət işçisinin yubileyi

 

“Mədəniyyətin etibar qalası”: Vəkil İsmailov-70

 

Masallıda “Tərəqqi” medallı mədəniyyət işçisi Vəkil İsmailovun 70 illik yubileyi qeyd olunub.
Mayın 4-də N.Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində keçirilən “Mədəniyyətin etibar qalası” adlı tədbirdə idarə və təşkilat rəhbərləri, əməkdaşlar, mədəniyyət işçiləri, ağsaqqallar və ziyalılar, yubilyarın dostları və qohumları iştirak ediblər.
Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin ehtiramla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra tanınmış mədəniyyət işçisi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Vəkil İsmailovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və şəhid anası Ziba Əsgərova yubilyarın mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətindən, rayonun ictimai-mədəni həyatına verdiyi töhfələrdən söz açaraq ona ən xoş arzularını çatdırıblar.
Qeyd olunub ki, Vəkil oğlu İsmailov 1956-cı il mayın 4-də Masallı rayonunun Ərkivan kəndində (hazırda qəsəbə) anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə başlayan Vəkil İsmailov 1975-1977-ci illərdə hərbi xidmətdə olub, 1978-ci ildən isə ömrünü bütövlükdə mədəniyyət sahəsinə həsr edib.
Onun peşəkar fəaliyyəti əsasən Masallı rayonunun mədəniyyət müəssisələri ilə bağlı olub. 1999-cu ildən Masallı Rayon Mədəniyyət Evinin direktoru, eyni zamanda Həmkarlar Komitəsinin sədri təyin olunan Vəkil İsmailov, sonradan struktur dəyişikliklərindən sonra Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirib. Uzun illər bu vəzifədə çalışaraq rayonun mədəni həyatının inkişafına mühüm töhfələr verib, zəngin ənənələrin qorunması və yeni layihələrin həyata keçirilməsinə rəhbərlik edib.
Onun rəhbərliyi dövründə Masallıda çoxsaylı mədəni tədbirlər, teatr tamaşaları, konsert proqramları, festivallar və müxtəlif layihələr təşkil olunub. Bu təşəbbüslər rayonun ictimai-mədəni həyatını canlandırmaqla yanaşı, gənc nəslin estetik zövqünün formalaşmasına da müsbət təsir göstərib.
Vəkil İsmailovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə döş nişanları, fəxri fərmanlar və digər mükafatlarla təltif olunub. 2023-cü ildə isə ölkədə həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Hazırda Vəkil İsmailov fəaliyyətini Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri kimi davam etdirir.
Çıxış edənlər yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə 9 yaşlı Lamiyə, 4 yaşlı Əsma və Mələk babalarını şeirlərlə təbrik ediblər.
Bədii hissədə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin əməkdaşı, müğənni Miriş Hüseynov, Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor-rəqs kollektivi, solistlər Atamoğlan Zahidov və Şamo İbayev, Masallı İncəsənət Məktəbinin müəllimi Mirəhməd Kərimov, həmçinin Lerik və Astara mədəniyyət mərkəzlərinin solistləri Aygün Hüseynova və Emil Tağıyev rəngarəng musiqi nömrələri ilə tədbirə xüsusi ab-hava qatublar.
Sonda yubilyara hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Vəkil İsmailov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Akif AĞAYEV,
foto Faiq Mirzə, Elevər Əliyev

 

Seçilən
19
qht.az

1Mənbələr