Novruzəli Aslanov: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirilən prinsipial mövqe dövlət siyasətinin dəyişməz xəttini əks etdirir”
“Prezident İlham Əliyev tərəfindən Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın regional diplomatiyada balanslı, prinsipial və təşəbbüskar mövqeyini bir daha ortaya qoydu. Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Zirvə toplantısında həm siyasi mesajların məzmunu, həm də diplomatik yanaşmanın forması regionda yeni mərhələnin formalaşdığını göstərir. Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Zirvə görüşlərinin coğrafi balansına dair yanaşma oldu. Ermənistanın ev sahibliyi etdiyi tədbirə Azərbaycanın dəstək verməsi, eyni zamanda növbəti görüşlərdən birinin Azərbaycanda keçirilməsi təklifinin irəli sürülməsi diplomatik tarazlığın qorunmasına xidmət edən rasional mövqedir. Təklifin qəbul olunması isə Azərbaycanın beynəlxalq platformalarda konstruktiv tərəfdaş kimi qəbul edildiyini göstərir və ölkənin siyasi çəkisinin artdığını təsdiqləyir.”
Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən sülh prosesinə dair səsləndirilən fikirlər xüsusi əhəmiyyət daşıyır: “Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması artıq formal danışıqlardan real nəticəyə doğru irəliləyişin göstəricisi kimi qiymətləndirilə bilər. Prezidentin ifadə etdiyi kimi, bu mərhələ sülhün yalnız siyasi niyyət deyil, faktiki reallıq kimi formalaşdığını göstərir. Bu, regionda uzun illər davam etmiş gərginliyin aradan qalxması istiqamətində mühüm dönüş nöqtəsidir. Sülhün əldə olunması fonunda Azərbaycanın atdığı birtərəfli addım – 1990-cı illərin əvvəllərindən tətbiq edilən tranzit məhdudiyyətlərinin aradan qaldırılması – ölkənin sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Bu qərar yalnız siyasi jest deyil, eyni zamanda regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xidmət edən strateji addımdır. Beləliklə, Azərbaycan sülhü konkret əməli addımlarla dəstəkləyən tərəf kimi çıxış edir. Eyni zamanda, dövlət başçımızın çıxışında bəzi beynəlxalq təsisatların mövqeyinə dair tənqidi yanaşma da öz əksini tapdı. Xüsusilə Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində müşahidə olunan qeyri-bərabər yanaşma məsələsi diqqətə çatdırıldı. Bu, beynəlxalq münasibətlər sistemində obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirilən prinsipial mövqe isə dövlət siyasətinin dəyişməz xəttini əks etdirir. Prezidentin vurğuladığı kimi, hər bir ölkənin ərazi bütövlüyü eyni dəyərə malikdir və bu sahədə ikili standartların tətbiqi qəbuledilməzdir. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın suveren mövqeyinin ifadəsidir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.