AZ

Tıxaclar iqtisadiyyata xeyirdi, ya ziyan? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Böyük şəhərlərdə müşahidə olunan tıxaclar təkcə nəqliyyat problemi deyil, eyni zamanda iqtisadi proseslərə birbaşa təsir edən amillərdən biridir. Uzun müddət yollarda qalan avtomobillər əlavə yanacaq sərf edir, vaxt itkisi yaranır, məhsuldarlıq aşağı düşür. Digər tərəfdən isə yanacaq satışının artması müəyyən iqtisadi dövriyyə yaradır. Bu isə tıxacların iqtisadiyyata təsiri ilə bağlı ziddiyyətli yanaşmalar formalaşdırır.Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, iri şəhərlərdə tıxacların mövcudluğu faktiki olaraq iqtisadi aktivliyi azaldır:“Yanacaq satışından əldə edilmiş gəlirlər iqtisadi aktivliyin zəifləməsi baxımından azalan gəlirlərlə müqayisədə çox aşağıdır. Yəni nə qədər avtomobil yanacağı satılsa da, böyük şəhərlərin əhalisinin hərəkətinin məhdudlaşması, iqtisadi aktivliyin aşağı düşməsi həm loqistika, həm xidmət sektoru, həm səhiyyə, həm də təhsil sektorunda bütün sahələrdə gecikmələrə səbəb olur ki, bu da iqtisadiyyatda zəifləmə, geriləmə yaradır. Geriləmənin yaranması nəticə etibarilə əmsal olaraq iki üzərindən götürülür. Son iki il ərzində Bakı artıq dünyanın əsas iri şəhərlərinin ilk iyirmilik siyahısına düşüb. Bakı artıq 1.2 əmsalında geriləmə şkalası üzrə qeydə alınmış paytaxtdır. Yəni burada Azərbaycanda artıq paytaxt olaraq Bakı şəhərində iqtisadi aktivlik sürətlə zəifləməyə başlayır. Həm əhalinin sıxlığı, həm tıxacların sayının artması, həm də xüsusi olaraq əsas ticarət mərkəzi olaraq Bakının rol oynaması bu geriləməyə gətirib çıxarır”.O deyib ki, Bakı həm ticarət limanları baxımından, həm loqistik əsas xab rolunu oynamaq baxımından strateji əhəmiyyətli şəhərdir:“Lakin şəhərin yüklənməsi, tıxacların olması və müvafiq olaraq bir kvadrat üçün əhali sayının normadan bir neçə dəfə çox olması iqtisadi gəlirlərin azalmasına, aktivliyin zəifləməsinə və sürətlə passiv nöqtəyə keçməsinə gətirib çıxarır. Və bu təsadüfi deyil ki, Azərbaycan hökuməti Bakının əsasən baş planının təsdiqlənməsi və şəhərin yenidən və daha düzgün qurulması istiqamətində addımlar atır. Bu istiqamətdə bir sıra qanunlar qəbul olunur və 2035-ci ilə qədər qarşıya qoyulmuş hədəflər var ki, Bakı şəhərində əhali sıxlığının azaldılmasına nail olunmalıdır. Əks təqdirdə Azərbaycanın əsas ticarət, əsas iqtisadi mərkəzi olan paytaxtda gəlirlərin azalması və iqtisadi aktivliyin sürətlə zəifləməsi tendensiyası baş verəcək. Nə qədər tıxacların çox olması və nə qədər yanacaq satılsa belə, yanacağın satışından əldə edilən gəlirlər iqtisadi aktivlik yaratmır. Yeni bir dəyər yaratmayan, passiv alıcı, istehlakçı formalaşdıran yanacaq satışı əvəzində bütöv bir iqtisadiyyatın geriləməsinə gətirib çıxarır və əlbəttə ki, bu müqayisəolunmaz bir istiqamətdir. Yəni, yanacaq satışından əldə edilmiş gəlirlər heç bir halda bütöv paytaxtın, Azərbaycanın əsas iqtisadi mərkəzinin iqtisadi passivliyə sürüklənməsinə adekvat ola bilməz”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr