AZ

Deputat: “Kreditin də həddi olmalıdır, istəyirik ki, hamısı birdən olsun"

“Doğuşun artırılması üçün də müəyyən amillər nəzərə alınmalıdır. Götürürsən bir rayonu, orada min nəfərlə sorğu aparırsan, görürsən necə olur ki, boşanma əvvəllər iki-üç idi, indi isə yeddi-səkkizə çıxıb. Niyə? Ərin işi varmı? Arvadın işi varmı? Bunların evləri varmı? Hər şeyi ipoteka krediti ilə həll etmək olmaz. Kreditin də bir həddi olmalıdır. Biz elə böyüməmişik. Mən hələ elmlər doktoru idim, iki otaqlı mənzildə yaşayırdım. Evə tədricən ayrı-ayrı malları alanda uşaq kimi sevinirdik. Bu gün bizim evimizdə televizor oldu, sabah köhnə soyuducunu təzələdik... İndi isə istəyirik ki, hamısı bir yerdə olsun. Sən bir gəlirini ölç, qazancını hesabla, bu qədər kredit götürmək olarmı? Neçə illərdir deyirəm ki, ipoteka kreditinin həddi olmalı, əhalinin pul gəlirləri ilə əlaqələndirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu APA-ya müsahibəsində Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib.

 

“Bilirsiniz, burada düşünülmüş icraedici siyasət olmalıdır. Bu gün ev probleminin yaranmasının əsas səbəblərindən biri urbanizasiyadır. 10 milyon əhalisi olan respublikanın Bakı boyda şəhəri olmamalıdır. Bu gün Bakıda rəsmi statistikadan qat-qat çox insan yaşayır. 2004-cü ildə cənab Prezident Regionların İnkişafı Proqramını irəli sürdü, xeyli işlər görüldü, amma müvafiq strukturlar bir çox məsələləri tam həll etmədilər. Mən bunları təhlil etmişəm və bu təhlilim də çap olunub. Biz gərək regionlarda inkişaf prosesini qat-qat artıraq. Necə ola bilər ki, regionlarda kənd təsərrüfatı məhsulları istehsal edilir, ancaq onların emal müəssisələri azdır. Bu baxımdan Prezidentin iştirakı ilə bu yaxında Şamaxıda açılan heyvandarlıq müəssisəsi gələcəkdə millətin sərvətinə çevriləcək. Burda böyük, gizli maraqlar var. Amma siz bizi inkişaf etmiş ölkələrlə müqayisə edirsiniz, halbuki inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələri bu cür müqayisə etməzlər. Biz də inkişaf etmiş ölkələr səviyyəsinə çatanda təbii ki, o proseslər olacaq. Mənim hazırda kənd təsərrüfatı sahəsində əmək məhsuldarlığım ABŞ-ın, İsrailin əmək məhsuldarlığından dörd-beş dəfə azdır. Mən bunu artırsam, təbii ki, əhalinin maaşı artacaq, xammal emal olunacaq, mənim metallarım hazır məhsul şəklində olsa, mənim mühəndis-texniki işçilərə tələbim artacaq. Mən istəməzdim ki, hər yerdə robotlaşma getsin. Heç bu Allaha da xoş getməz. Robot qoy ən ağır işlərdə olsun. Bu gün biz gərək müasir gənclər üçün yeni müəssisələr yaradaq. Bunu cənab Prezident də dəfələrlə qeyd edib. Bunun üçün texnoparklar yaradılır, insan kapitalını inkişaf etdirmək üçün tədbirlər görülür, sabah dördüncü, beşinci sənaye inqilabları gələcək. Biz gərək indidən bunlara hazırlaşaq”, - o qeyd edib.

Tarix: 4 May 2026, 18:48   
Seçilən
30
pravda.az

1Mənbələr