AZ

İranın sabiq Xİ nazirindən fantastik yalanlar - İlham Əliyev və Siyasi Büro, İŞİD?..



İranın sabiq xarici işlər naziri Manuçöhr Mottəki son açıqlamalarında Azərbaycan və Prezident İlham Əliyev haqqında bir sıra ciddi, lakin faktiki əsası olmayan ittihamlar səsləndirib. Onun iddiaları həm tarixi təhriflərlə, həm də sübut olunmamış böhtanlarla doludur.

Əvvəlcə Mottəki iddia edib ki, İlham Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü və KQB əməkdaşı olub, ona görə də dövləti idarə etməyi bacarıb. Halbuki bu, açıq şəkildə yanlışdır. İlham Əliyev heç vaxt nə MK üzvü olub, nə də KQB-də çalışıb. Bu bioqrafik məlumatlar əslində onun atası, ümummilli lider Heydər Əliyevə aiddir. Heydər Əliyev uzun illər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və sonradan Sov.İKP MK Siyasi Bürosunun üzvü olub. Görünür, Mottəki ya qəsdən, ya da savadsızlıqdan ata ilə oğulu qarışdırır. Belə kobud faktiki səhv onun digər iddialarının da nə dərəcədə “etibarlı” olduğunu ortaya qoyur.

Mottəki daha sonra bildirib ki, İlham Əliyevin hakimiyyətinin ilk illərində ona qarşı sənədlər hazırlanıb, təzyiqlər göstərilib və o, müəyyən qüvvələrlə əməkdaşlığa məcbur edilib. Bu ittiham da heç bir konkret fakta, sənədə və ya mənbəyə əsaslanmır. Tamamilə spekulyativ və siyasi təzyiq xarakterli bəyanatdır.

Ən ağır ittiham isə təhlükəsizlik məsələsi ilə bağlıdır. Mottəki iddia edir ki, İsrail təyyarələri İranın şimal vilayətləri Gilan və Mazandarana zərbələr endirərkən Azərbaycanın hava məkanından istifadə edib, yanacaqdoldurma isə Azərbaycan aeroportlarında həyata keçirilib. Bundan əlavə, Mottəki Bakıdakı İsrail səfirliyinin İrana qarşı casusluq mərkəzi kimi işlədiyini və orada iranlı turistlərin işə cəlb olunduğunu deyir. İran rəsmiləri bu cür ittihamları illərdir səsləndirsə də, indiyədək bir dənə də olsun təsdiqlənmiş sübut, peyk görüntüsü, radar məlumatı və ya rəsmi sənəd təqdim etməyiblər. Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bu iddiaları dəfələrlə qəti şəkildə təkzib edib və bildirib ki, ölkə ərazisindən üçüncü dövlətlərə qarşı istifadə olunmasına imkan verilmir.

Maraqlıdır ki, bütün bu ittihamlardan sonra Mottəki "İran Azərbaycanla qardaşlıq münasibətləri istəyir" deyir və xatırladır ki, onun nazirliyi dövründə İŞİD təhlükəsi ilə bağlı Prezident Əliyevlə fəal məsləhətləşmələr aparılıb. Eyni zamanda, Azərbaycanın hərbi və texniki strukturlarından bu iddiaları rəsmən təkzib etməyi tələb edir. Yəni əvvəlcə böhtan atır, sonra isə "qardaşlıq"dan danışır və Bakını cavab verməyə məcbur etmək istəyir.

Bəs Mottəkinin bu yalan və böhtanları haradan qaynaqlanır və nəyi hədəfləyir?

Birincisi, məqsəd İran-Azərbaycan münasibətlərini gərginləşdirmək və Bakıya psixoloji təzyiq göstərməkdir. Son illərdə Zəngəzur dəhlizi, İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığı, Güney Azərbaycan məsələsi fonunda Tehran Bakıdan narahatdır. Bu cür bəyanatlarla İran ictimai rəyində Azərbaycanı "sionist rejimin forpostu" kimi təqdim etməyə çalışır.

İkinci hədəf Azərbaycan-İsrail əməkdaşlığını beynəlxalq müzakirəyə çıxarmaq və Bakını müdafiə mövqeyinə salmaqdır. Mottəki yaxşı bilir ki, İsrailin Bakıdakı səfirliyi leqal diplomatik korpusdur. "Casusluq mərkəzi" ittihamı ilə o, Azərbaycanı guya beynəlxalq hüququ pozmaqda günahlandırır və Qərb paytaxtlarında şübhə yaratmaq istəyir.

Üçüncüsü, bu, İranın daxili auditoriyasına hesablanmış mesajdır. İqtisadi çətinliklər, etirazlar və rejimin legitimlik böhranı fonunda Tehrana "xarici düşmən" obrazı lazımdır. Azərbaycan isə ən yaxın, ən rahat hədəfdir. "Günahkarı" kənarda göstərməklə diqqəti daxili problemlərdən yayındırırlar.

Nəticə etibarilə, Mottəkinin çıxışı diplomatik bəyanatdan çox, informasiya müharibəsinin elementidir. Açıq faktiki səhvlər, sübutsuz ittihamlar və ziddiyyətli "qardaşlıq" çağırışları onun arqumentlərini etibarsız edir. Azərbaycan bu cür bəyanatlara, hər dəfə olduğu kimi, faktlarla və təmkinlə cavab verir. Çünki əsassız ittihama ən yaxşı cavab şəffaf siyasət və güclü dövlətçilikdir.

Akif NƏSİRLİ

Seçilən
48
baki-xeber.com

1Mənbələr