AZ

“Bu cür təmaslar sülhə aparan yolda mühüm addımlardır”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan və Türkiyə nümayəndələrinin İrəvanda keçiriləcək forumda iştirakı müsbət hadisə kimi qiymətləndirilməlidir”.

Bunu politoloq Oqtay Qasımov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, artıq ötən ilin 8 avqust tarixindən sonra regionda, xüsusilə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində intensiv dinamika müşahidə olunur:

“Bu gün biz münasibətlərin inkişafında yeni bir tendensiyanın formalaşdığını görürük. Bu cür səfərlər və beynəlxalq tədbirlərdə iştirak qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə ciddi töhfə verir. Ermənistanda qarşıdan gələn seçkilər də prosesin gələcək istiqamətinə təsir göstərə bilər.

Nəzərə alsaq ki, Ermənistanda seçki kampaniyası gedir və yaxın zamanda seçkilər keçiriləcək, əgər hazırkı hökumət hakimiyyətdə qalarsa, münasibətlərin normallaşması istiqamətində daha konkret addımların atılması gözləniləndir. Bu baxımdan qarşılıqlı səfərlər və müxtəlif platformalarda təmaslar mühüm əhəmiyyət daşıyır”.

O.Qasımov vurğulayıb ki, həm ictimai sektorun, həm də rəsmi nümayəndələrin belə tədbirlərdə iştirakı etimad quruculuğunun vacib elementidir:

“Bu prosesdə yalnız rəsmi dairələrin deyil, eyni zamanda ekspert və ictimai nümayəndələrin iştirakı münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Azərbaycanın əsas strateji xətti regionda sülhün təmin olunmasına yönəlib.

Azərbaycanın əsas siyasi strategiyası Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar ardıcıl xarakter daşıyır”.

Sonda politoloq bildirib ki, bu kimi tədbirlər böyük nəticələrə aparan kiçik, lakin vacib addımlar kimi qiymətləndirilməlidir:

“Bu cür platformalarda iştirak sülhə gedən yolda atılan mühüm addımlardan biridir və ümumi prosesə müsbət təsir göstərir”.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr