AZ

Əl-Fuceyrədə neft emalı zavodunda böyük yanğın var

Abu-Dabidə raket təhlükəsi elan olunub, sakinlərə sığınacaqlara çəkilmək çağırışı edilib...

Əl-Fuceyrə əmirliyində yerləşən neft emalı zavodunda İranın pilotsuz uçuş aparatlarının hücumundan sonra iri yanğın baş verdiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hadisə nəticəsində infrastrukturun zədələndiyi ehtimal olunur, lakin itkilərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Eyni zamanda, BƏƏ Müdafiə Nazirliyi ölkə ərazisi istiqamətində İran tərəfindən buraxıldığı iddia edilən dörd qanadlı raketin aşkarlandığını bəyan edib. Rəsmi açıqlamaya görə, raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, dördüncü raket isə dənizə düşüb.

Nazirliyin sosial şəbəkə platforması X-də yaydığı məlumatda qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyəti ilə bağlıdır. Qurum vurğulayıb ki, bu səslər havadan gələn təhlükələrin uğurla qarşısının alınmasının nəticəsidir.

Bununla yanaşı, Abu-Dabi əmirliyində raket təhlükəsi elan edilib. Yerli hakimiyyət orqanları sakinlərə dərhal sığınacaqlara çəkilməyi və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Analitiklər qeyd edirlər ki, BƏƏ ərazisinə yönəlmiş bu cür hücumlar regionda hərbi eskalasiyanın yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə enerji infrastrukturlarının hədəfə alınması qlobal enerji bazarlarında qeyri-sabitliyi daha da dərinləşdirə bilər.

Ekspertlərin fikrincə, Fars körfəzi regionunda baş verən son hadisələr beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərir və qarşıdurmanın genişlənməsi riskini artırır.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr