AZ

“10 gün olardı ki, ağır idi, həkimlər səhv müalicə etmişdilər”- Günəş Mehdizadənin həyat yoldaşı üçün donor tapılmayıb - FOTO+ÖZƏL

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib. Rasim Mehdizadə aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. Onlar 2008-ci ildə ailə həyatı qurub, 2 övladı var. 41 yaşlı aktrisa “Vətəndaş A” serialındakı Almaz obrazı ilə məşhurlaşıb.

Akademik Musiqili Teatrın aktrisası, dublyaj sənətçisi Ofeliya Novruzqızı Moderator.az-a açıqlamasında sözügedən ailə ilə 25 ilə yaxındır dostluq etdiyini və 2 il öncə mərhumda böyrək çatışmazlığının yarandığını bildirib:

“Rasim 2 iki il idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi, dializ xəstəsi idi. Müraciət olunsa da donor tapa bilmədilər. Xəstəliyi gizli irəliləyib, heç birimizin xəbəri olmayıb. Mən 25 ildir ki, Günəş və Rasimlə ailə dostluğu edirəm. Rasimlə dublyajda da işləmişik, reklam çarxları da yazmışıq. Xəzər televiziyasında səs rejissoru işləyirdi. Rasimin, Günəşin bacısı qədər onlara yaxınam. 2 övladları var. Məryəm və Hüseyn. Hazırda da onlardayam. Günəşin vəziyyəti heç də yaxşı deyil, telefonlarına mən cavab verirəm. 10 gün olar ki, Rasimin vəziyyəti pisləşmişdi. Günəş özü də bilirdi ki, o hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər. Rasimi Suraxanı qəbirstanlığında, ata və anasının yanında dəfn etdilər. Onu bu sənətdə “Ramzes” adı ilə tanıyırdılar. Yaxınları, sənət yoldaşları ona bu adla müraciət edirdilər” deyə sənətçi bildirib.

Adının çəkilməsini istəməyən dostu isə Rasim Mehdizadənin ölümü ilə bağlı saytımıza bunları deyib:

“Həkimlər ona demişdilər ki, ürəyində problem var. Ürəyindən əməliyyata gedərkən müayinə olunur. Bəlli olur ki, problem ürəyində yox, böyrəklərində olub. Neçə ay bu insanı həkimlər səhv müalicə ediblər. Sonra gec oldu. Böyrək köçürülməsi üçün donor tapa bilmədilər. Rasim çox yaxşı oğlan idi, dostumuz idi. Çox heyif ondan. Allah rəhmət etsin” deyə mərhumun dostu bildirib.

Seçilən
17
1
moderator.az

2Mənbələr