Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mayın 4-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Qonaqları salamlayan Adil Kərimli iki ölkənin əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında mövcud olan qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər zəminində ildən-ilə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri mədəni əməkdaşlığın da inkişafı üçün yaxşı imkanlar yaradıb. Prezident İlham Əliyevin bu ilin fevral ayında Serbiyaya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026–2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu” mədəni əlaqələrdə yeni səhifə açıb.Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia”nın 3 may tarixindən etibarən Belqradla Bakı arasında birbaşa uçuşlara başlamasının əlamətdar hadisə olduğunu deyən Adil Kərimli bunun digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç səmimi qəbula görə təşəkkür edib, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Serbiyalı nazir də birbaşa aviasiya əlaqəsinin dost ölkələrin daha da yaxınlaşmasında mühüm rol oynayacağını vurğulayıb. Görüş zamanı mədəniyyət sahəsində əlaqələrin perspektivləri və gələcək layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.



Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.