AZ

“Bu ilki çempionat düşündüyümdən daha keyfiyyətli oldu” Qurbanov

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Sıx qrafikdə olsaq da, sona qədər oynadılar, mübarizə apardılar. Oyunçularım xarakter göstərdilər.

– Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?

– Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də belə olmuşdu. Sabah daha dəqiq bilinəcək. Onda həmin hissədə xroniki zədə var.

– Buraxdığınız qolda Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı?

– Hər ikisi. Ayxan baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

– Sanki zərbəyə hazır deyildi…

– Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

– Ramil Şeydayev bu il cəmi bir oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?

– Ramil işgüzar futbolçudur, bu, həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılardan biridir. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

– AFFA İntizam Komitəsi kubokun “Sabah”la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?

– Bu haqda heç nə fikirləşmirəm.

– Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?

– İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orda dünya çempionatı da keçiriləcək. Gəlsə, yox demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Gəlişi çətin görünən prosesdir.

– Yerli “bazar”da diqqətinizdə olan legionerlər var?

– Var, amma klublarındadırlar.

– Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?

– Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli oldu. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşayırsan. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

– “Sabah”ın, yoxsa “Zirə”nin kuboku qazanmasını istərdiniz?

– Hər ikisinə uğurlar arzu edirəm.

– Sizcə, bu ilki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər ehtimalı var?

– Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq özü mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il Çempionlar Liqasında 10 xal. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma bəzi oyunlar var ki, baxırsan ki, bu performansla Çempionlar Liqasına layiqik. “Dinamo” (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa olur. Həmin il Avropa Liqasında da yaxşı oynasaq da, cəmi bir qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı, iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atırlar. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi aparacağıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
futbolpress.az

3Mənbələr