AZ

Qazançı kilsəsi ruslarındır, yoxsa ermənilərin?

Əsrlər boyu Şuşa xanlığının siyasi mərkəzi olmuş Şuşa şəhəri öz memarlıq strukturunda rəngarəngliyi qoruyub saxlayıb. Qala-şəhərin küçələrində gəzərkən tarixən Azərbaycan xalqına məxsus məscidlər, xanlıq dövrünün vüqarlı sarayları, məşhur mədrəsə və yaşayış binalarının izləri ilə addımbaşı qarşılaşmaq mümkündür. Şuşanı unikal edən cəhətlərdən biri də onun müxtəlif dini və mədəni qatları özündə birləşdirməsidir. Zamanla burada fərqli dini icmaların abidələri ucaldılıb. Onlar şəhərin ümumi memarlıq mənzərəsinə özünəməxsus rəng qatıb. XIX əsrdə inşa edilmiş Qazançı kilsəsi də bu zəngin tarixin bir parçasıdır.

Bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri çərçivəsində məhz bu kilsəni ziyarət etməsi təsadüfi deyildir. Beynəlxalq diplomatlar abidə ilə yaxından tanış olarkən, Azərbaycan dövlətinin çoxkonfessiyalı irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi sistemli fəaliyyəti yerində müşahidə ediblər. Səfər zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qonaqlara kilsənin tarixi və hazırda davam edən bərpa işləri barədə geniş məlumat verib. Vurğulanıb ki, bərpa prosesində əsas hədəf abidəni hər hansı kənar müdaxilə olmadan ilkin memarlıq simasına qaytarmaq və yenidən insanların istifadəsinə verməkdir.

Mədəni irsə bu cür yanaşma Azərbaycanın beynəlxalq hüquqa, bəşəri dəyərlərə və multikulturalizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ölkəmiz üçün həm milli-mədəni abidələrin, həm də digər xalqlara və dinlərə məxsus tarixi yerlərin bərpası eyni dərəcədə əhəmiyyətlidir. İşğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri göstərir ki, Azərbaycan mədəni irsi yalnız bir xalqın kimliyi kimi deyil, həm də ümumbəşəri dəyər kimi qiymətləndirir. Bu siyasət çərçivəsində abidələr etnik və ya dini mənsubiyyətinə görə heç vaxt fərqləndirilmir. Əksinə, tarixən mövcud olmuş bütün mədəni izlər mühafizə olunur.

Həyata keçirilən bu sistemli siyasətin ən vacib tərəfi isə mədəni irsin siyasiləşdirilməsindən uzaq durması və abidələrin ilkin formasına qaytarılmasıdır. Bu yanaşma Ermənistan təbliğat maşınının Şuşada guya “erməni kilsəsinin dağıdılması” barədə yaydığı iddiaların əsassız olduğunu sübut edir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun mütəxəssisi Faiq İsmayılovun araşdırmaları göstərir ki, Şuşada erməni kilsələrinin mövcudluğu ilə bağlı iddialar əsasən XIX əsrdə baş verən proseslərdən qaynaqlanır. Qarabağ xanlığının Rusiya tərəfindən ləğvindən sonra Şuşada hərbi idarəetmə qurulub və burada yerləşdirilən rus ordusunun dini ehtiyacları üçün əvvəlcə müvəqqəti ibadət şəraiti yaradılıb. Şəhərdə daimi kilsə tikintisinə dair qərar da məhz həmin dövrə təsadüf edir. Mütəxəssis qeyd edir ki, kilsənin inşasına başlanarkən Şuşada xristian əhali, demək olar ki, yox idi və yerli müsəlman əhali bu tikintidə iştirak etmirdi.

Məhz kadr ehtiyacını qarşılamaq üçün Naxçıvanın Culfa rayonunun Qazançı kəndindən erməni bənnalar və işçi qüvvəsi Şuşaya gətirilib, 1887-ci ildə kilsənin inşası tamamlanıb. Gətirilən işçilərin bir hissəsi sonradan şəhərdə qalaraq kilsə ətrafında məskunlaşıb, həmin ərazi “Qazançı məhəlləsi”, ibadətgah isə inşaatçıların gəldiyi yerə görə “Qazançı kilsəsi” kimi tanınıb. Sonrakı dövrlərdə çar Rusiyası ordusunun şəhəri tərk etməsindən istifadə edən ermənilər bu kilsəni mənimsəyib və abidənin memarlıq quruluşuna kənar elementlər əlavə ediblər.

Hazırda aparılan restavrasiya işləri kilsəni sonradan əlavə edilmiş kənar müdaxilələrdən təmizləyərək ilkin formasına qaytarır. Burada əsas hədəf hər hansı tarixi hekayəni süni şəkildə dəyişdirmək deyil, mövcud reallıqları elmi dürüstlüklə bərpa edərək gələcək nəsillərə ötürməkdir. Atılan bu addımlar Azərbaycanın regionda mədəni davamlılığı təmin edən, sülh və birgəyaşayış dəyərlərini rəhbər tutan müasir dövlət modelini bir daha təsdiqləyir.

Şuşa Qlobal Media Forumunda iştirak edən beynəlxalq ekspertlərin, o cümlədən “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgensin Qazançı kilsəsinin bərpasını tolerantlığın müasir nümunəsi kimi qiymətləndirməsi bu yanaşmanın beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycanın seçdiyi yol dağıtmaq deyil, qorumaq və bərpa etməkdir ki, bu da yüksək humanizm göstəricisidir: “Bu məsələlərə hörmətlə yanaşmaq çox gözəl ideyadır, düzünü desəm, çox təsirləndim”.

Şübhəsiz ki, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın bu sahədə fəaliyyətinə beynəlxalq diqqətin artdığını təsdiqləyir. Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun fikirləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yolların, tunellərin və digər infrastruktur layihələrinin icrası böyük təəssürat yaradır. Səfir Azərbaycan rəhbərliyinin məcburi köçkünlərin qayıdışına və bölgənin bərpasına göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirib. Eyni zamanda, o, Şuşada tikilən yeni məscidi və onun 70 metr hündürlüyündə minarələrini şəhərin memarlıq incilərindən biri kimi dəyərləndirib. Səfir Qazançı kilsəsində aparılan bərpa işlərini isə xüsusi vurğulayaraq abidənin əvvəlki vəziyyətindən daha yüksək səviyyədə bərpa olunduğunu qeyd edib. Bu, Azərbaycan dövlətinin mədəni irsə münasibətinin bariz nümunəsi kimi təqdim olunub.

Bunun əksinə olaraq, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandallıq mədəni irsə münasibətdə tamamilə fərqli və dağıdıcı bir yanaşmanı ortaya qoyub. Uzun illər ərzində yüzlərlə məscid, qəbiristanlıq və tarixi abidə ya dağıdılıb, ya da məqsədli şəkildə təyinatından kənar istifadə olunub. Məscidlərin təhqir edilməsi, dini obyektlərin heyvandarlıq üçün istifadəsi və tarixi memarlıq nümunələrinin məhv edilməsi faktları mədəni vandalizmin açıq təzahürü kimi qiymətləndirilir. Eyni zamanda, bəzi qədim Alban xristian abidələrinin memarlıq xüsusiyyətlərinin dəyişdirilməsi və onların tarixi kimliyinin təhrif edilməsi cəhdləri də mədəni irsin saxtalaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsi olub.

Bu iki yanaşma arasında kəskin ziddiyyət mövcuddur: Azərbaycan qoruma və bərpa siyasəti yürüdür, Ermənistan isə işğal dövründə daha çox məhvetmə və dəyişdirmə praktikasına üstünlük verib. Bu fərq yalnız texniki və ya memarlıq səviyyəsində deyil, həm də siyasi və ideoloji cəbhədə özünü göstərir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mətubata bildirib ki, müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir: “Yuxarıda qeyd olunanlara istinad edərək deyə bilərik ki, tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaq”.

Beləliklə, Qazançı kilsəsinin bərpası Azərbaycanın mədəni irs siyasətinin rəmzi ifadəsidir. Bu siyasət tolerantlıq, multikulturalizm və tarixi ədalət prinsiplərinə əsaslanır və beynəlxalq səviyyədə müsbət qiymətləndirilir. Ermənistanın işğal dövründə həyata keçirdiyi dağıdıcı fəaliyyətlərlə müqayisədə Azərbaycanın seçdiyi yol mədəniyyətin qorunması və sivilizasiyalararası dialoqun inkişafı baxımından daha dayanıqlı və humanist model kimi çıxış edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr