AZ

ABŞ hərbçiləri narkoterrorçuların qayığına zərbə endirib

Kəşfiyyat məlumatları əsasında həyata keçirilən əməliyyat narkotik qaçaqmalçılığı marşrutunu hədəf alıb...

ABŞ hərbçiləri narkotik qaçaqmalçılığı ilə məşğul olan və terror təşkilatları ilə əlaqələndirilən bir qayığa qarşı zərbə endirib. Əməliyyatın ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının nəzarəti altında həyata keçirildiyi bildirilir.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. Rəsmi açıqlamaya görə, “Cənub nizəsi” adlı birgə operativ qrup tərəfindən həyata keçirilən hücum zamanı sözügedən qayığa “ölümcül kinetik zərbə” endirilib. Bildirilir ki, hədəf seçilən gəmi terror təşkilatları tərəfindən istifadə olunurdu və onun fəaliyyəti uzun müddət izlənilirdi.

Komandanlığın yaydığı məlumata əsasən, kəşfiyyat orqanları gəminin hərəkət marşrutunu əvvəlcədən müəyyən edib və onun qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi üçün istifadə edildiyini təsdiqləyib. Bu məlumatlar əsasında əməliyyatın keçirilməsinə qərar verilib.

Hadisənin dəqiq hansı ərazidə baş verdiyi ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. İlkin xəbərlərdə əməliyyatın Karib dənizi regionunda həyata keçirildiyi qeyd olunsa da, sonrakı açıqlamalarda gəminin Sakit okean üzərindən hərəkət etdiyi bildirilir.

Ekspertlər hesab edir ki, bu cür əməliyyatlar ABŞ-ın narkotik qaçaqmalçılığına və onunla əlaqəli transmilli cinayət şəbəkələrinə qarşı mübarizə strategiyasının tərkib hissəsidir. Eyni zamanda, terror təşkilatlarının maliyyələşmə mənbələrindən biri olan narkotik dövriyyəsinin qarşısının alınması məqsədi daşıyır.

Poliqon.info

Seçilən
1
45
poliqon.info

10Mənbələr