AZ

WUF13 zamanı dörd əsas məkan üzrə fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq

Bakı, 5 May. AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təqdim olunacaq nəqliyyat xidmətləri müxtəlif kateqoriyaları əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

Onun sözlərinə görə, xidmətlərə müntəzəm avtobus və transfer daşımaları, rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili, nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması, yol hərəkətinin tənzimlənməsi, xüsusi hərəkət zolaqlarının təşkili və nəqliyyat vasitələri üçün buraxılış sisteminin tətbiqi daxildir.

“Eyni zamanda, istiqamətləndirici işarələrin, informativ xəritə və bukletlərin hazırlanması və paylanması, taksi əməliyyatlarının təşkili, tədbir məkanları daxilində nəqliyyat və qolfkart xidmətlərinin göstərilməsi, eləcə də fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin olunması da nəzərdə tutulur. Bütün bu xidmətlər dövlət qurumları ilə sıx koordinasiya şəraitində və müəyyən edilmiş protokol qaydalarına uyğun şəkildə həyata keçiriləcək”, - deyə Vüqar Aslanov vurğulayıb.

Nəqliyyat sisteminin əsasını dörd əsas məkanın təşkil etdiyini deyən şöbə müdiri bunlara Heydər Əliyev Beynəlxalq Hava Limanı, tədbirin əsas keçirilmə məkanı olan Bakı Olimpiya Stadionu, şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları, həmçinin Bakı şəhəri üzrə rəsmi otellərin olduğunu sözlərinə əlavə edib. Vurğulanıb ki, qeyd olunan məkanlar arasında fasiləsiz və səmərəli nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir.

“Əsas istiqamətlərdən biri Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər mərkəzində yerləşən nəqliyyat mübadilə mərkəzlərinə birbaşa daşımaların təşkilidir. Bu daşımalar 24 saat fasiləsiz rejimdə həyata keçiriləcək və müvafiq cədvəllər əvvəlcədən iştirakçılar və ictimaiyyət üçün açıqlanacaq. İkinci istiqamət hava limanından birbaşa tədbir məkanına daşımaların təşkili, üçüncü istiqamət isə şəhər daxilində yerləşən nəqliyyat mübadilə mərkəzlərindən tədbir məkanına birbaşa nəqliyyat əlaqəsinin qurulmasıdır. Bu mərkəzlər əsasən otellərə yaxın ərazilərdə yerləşir, uzaq ərazilər üçün isə əlavə dayanacaqlar müəyyən edilib. Dördüncü istiqamət ictimai nəqliyyatın bu sistemə inteqrasiyasını nəzərdə tutur. Belə ki, metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzindən 24 saat fasiləsiz xüsusi marşrut xətti fəaliyyət göstərəcək və sərnişinlər birbaşa tədbir məkanına çatdırılacaq. Tədbirlə əlaqədar 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib, 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadə olunacaq, ümumilikdə 67 dayanacaq cəlb ediləcək. Həmçinin hava limanı istiqaməti üzrə 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək”, - deyə Vüqar Aslanov qeyd edib.

Şöbə müdiri iştirakçıların daşınmasının metronun “İçərişəhər”, “Nəriman Nərimanov”, “28 May”, “Gənclik” stansiyaları, həmçinin Şıx, Ağ Şəhər, Təbriz və Koroğlu nəqliyyat mübadilə mərkəzləri vasitəsilə təmin olunacağını da vurğulayıb.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-İlqar Cəfərov
Operator- Ələkbər Baxşıyev
Seçilən
23
7
azertag.az

8Mənbələr