AZ

FT: Moskvada internet kəsintiləri Putinin təhlükəsizliyi ilə əlaqələndirilir

Rusiya hakimiyyəti prezident Vladimir Putinin təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirib...

Poliqon Financial Times-a istinadən xəbər verir ki, bu addımlar onun getdikcə daha çox təcrid olunması və Ukraynadakı müharibəyə fokuslanması fonunda atılır.

Nəşrin məlumatına görə, son aylarda yüksək vəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan Federal Mühafizə Xidməti təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə sərtləşdirib.

Moskva dairələrində Putini tanıyan şəxslərin və Avropa kəşfiyyatına yaxın mənbələrin bildirdiyinə görə, Kreml rəhbəri daha çox vaxtını yeraltı bunkerlərdə keçirir, müharibəni detallı şəkildə idarə edir və mülki məsələlərdən getdikcə uzaqlaşır.

Məqalədə qeyd olunur ki, Putinin təcridi xüsusilə COVİD-19 pandemiyasından sonra daha da artıb. Bununla yanaşı, mart ayından etibarən Kreml daxilində dövlət çevrilişi və ya dronlardan istifadə olunmaqla sui-qəsd ehtimalları ilə bağlı narahatlıq kəskin şəkildə yüksəlib.

Mənbələrdən biri bildirib ki, Ukraynanın dronlardan istifadə etdiyi əməliyyatların yaratdığı təsir hələ də aradan qalxmayıb. Digər mənbə isə təhlükəsizlik narahatlıqlarının ABŞ tərəfindən Venesuela lideri Nikolas Maduronun saxlanılması hadisəsindən sonra daha da gücləndiyini qeyd edib.

Bu risklər fonunda Federal Mühafizə Xidməti əlavə məhdudiyyətlər tətbiq edib. Putinin səfərlərinin sayı azaldılıb, onunla üz-üzə görüşən şəxslər üçün yoxlamalar daha da sərtləşdirilib.

Bildirilir ki, Putin və ailəsi Moskva vilayətində və Valday bölgəsində yerləşən iqamətgahlarına səfərləri dayandırıb. O, daha çox Krasnodar diyarındakı bunkerlərdə qalır və həftələrlə oradan işləyir. Dövlət mediası isə əvvəlcədən çəkilmiş görüntülərlə normal fəaliyyət görüntüsü yaradır.

Prezidentin yaxın çevrəsinə daxil olan əməkdaşlara – aşpazlara, fotoqraflara və mühafizəçilərə – onun yanında mobil telefon və internetə çıxışı olan cihazlardan istifadə etmək, həmçinin ictimai nəqliyyatdan yararlanmaq qadağan edilib. Onların evlərində isə video müşahidə sistemləri quraşdırılıb.

Məqalədə vurğulanır ki, Moskvada müşahidə olunan internet problemləri də qismən prezidentin təhlükəsizliyi və dron hücumlarından qorunma tədbirləri ilə əlaqələndirilir.

Avropa kəşfiyyatının məlumatına görə, təhlükəsizlik qüvvələri genişmiqyaslı yoxlamalar aparır, kinoloji bölmələr cəlb olunur və Moskva çayı boyunca mümkün hücumlara qarşı hazırlıq görülür.

Putinlə ünsiyyətdə olan iki mənbə bildirib ki, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi onun diqqətinin demək olar ki, tamamilə müharibəyə yönəlməsi ilə üst-üstə düşür.

"Prezident hər gün hərbçilərlə iclaslar keçirir və cəbhədə baş verən əməliyyat detallarına qədər diqqət yetirir", deyə nəşr yazır.

Eyni zamanda, müharibə ilə əlaqəsi olmayan rəsmilər onunla yalnız bir neçə həftədən və ya aydan bir görüşə bilir.

Mənbələrdən birinin sözlərinə görə, Putin vaxtının təxminən 70 faizini müharibəyə, qalan hissəsini isə beynəlxalq görüşlərə və iqtisadi məsələlərə sərf edir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr