Xəbər verdiyimiz kimi, ötən gün İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfər edib. Prezident İlham Əliyev və İtaliya rəsmisi mətbuata bəyanatla çıxış ediblər.
Dövlət başçısı çıxış zamanı Azərbaycan və İtaliyanın strateji tərəfdaş olduğunu, Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirdiyini və keçirməyə davam etdiyini qeyd edib.
Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak edirlər:
"Çünki nəticə etibarilə həm enerji infrastrukturunun formalaşmasında, həm də digər istiqamətlərdə iki ölkə arasında əməkdaşlıq formalaşıb. Xüsusən nəzərə alsaq ki, ölkələr arasındakı münasibətlər artıq Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında da müşahidə olunur. Bu da təbii ki, ölkələrin strateji əməkdaşlığından xəbər verir".
Millət vəkili bildirdi ki, İtaliya Avropa İttifaqında aparıcı ölkələrdən biridir:
"Bu səbəbdən İtaliya ilə əməkdaşlığın bu səviyyədə qurulması nəticə etibarilə digər üzv ölkələr üçün də praktiki olaraq bir nümunə kimi xarakterizə oluna bilər. Çünki bir tərəfdən ticarət dövriyyəsində artımlar var, digər tərəfdən fərqli dövlətlərlə, xüsusən Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində əməkdaşlığın güclənməsini müşahidə edə bilərik. Bura eyni zamanda, sözsüz, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq əlavə oluna bilər. Çünki Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun qurulmasında beynəlxalq təşkilatlarla da əməkdaşlığı gücləndirmək və bu istiqamətdə yeni layihələr reallaşdırmaq niyyətindədir".
Aytəkin TOFİQQIZI