AZ

“Tədqiqat məktəbi” layihəsi gənc alimlər üçün hansı imkanları yaradır?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Tədqiqat məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” davam edir.

TurkicWorld “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, layihə gənc tədqiqatçıların elmi fəaliyyətə daha hazırlıqlı qoşulmasına dəstək vermək, akademik yazı mədəniyyətini formalaşdırmaq və onların beynəlxalq elmi mühitə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.

Proqrama maraq yüksək olub. Ümumilikdə 647 doktorant müraciət etsə də, seçim mərhələsindən sonra yalnız 35 nəfər iştirak hüququ qazanıb.
İştirakçılar ölkənin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edirlər. Onların sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Milli Müdafiə Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu və AMEAnın müxtəlif institutlarının nümayəndələri yer alır.

Proqramın ilk üç həftəsi artıq yekunlaşıb. Bu müddətdə iştirakçılar tədqiqat probleminin düzgün qurulması, ədəbiyyat icmalının hazırlanması və tədqiqat dizaynının planlaşdırılması kimi əsas mərhələlər üzrə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılar öz tədqiqat mövzuları üzərində işləyərək konkret nəticələr ortaya qoyublar.
Layihənin əsas xüsusiyyətlərindən biri onun praktik yönümlü olmasıdır. İştirakçılar hər mərhələdə yazılı tapşırıqlar yerinə yetirir, rəy alır və işlərini təkmilləşdirirlər. Bu yanaşma onların tədqiqat bacarıqlarının real akademik fəaliyyət üzərində inkişafına şərait yaradır.

Proqram çərçivəsində, həmçinin Türkiyə və Çindən olan mütəxəssislərlə mentorluq görüşlərinin keçirilməsi planlaşdırılır. Bu görüşlər gənc alimlərə beynəlxalq akademik mühitlə tanış olmaq, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunması tələblərini öyrənmək və peşəkar rəy almaq imkanı verəcək.

Qeyd edək ki, “Tədqiqat məktəbi” növbəti mərhələlərdə akademik yazı, elmi məqalələrin hazırlanması və tədqiqat nəticələrinin təqdimatı istiqamətində təlimlərlə davam etdiriləcək.

Seçilən
17
turkic.world

1Mənbələr