Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenski və Ermənistanın baş naziri Nikol Paşinyanı "iki beyinsiz rusofob" adlandırıb. O, bu iki şəxsin İrəvanda keçirilən görüşü və "Telegram"da ingilis dilində yayılan söhbətləri barədə şərh verib.
Dmitri Medvedev, ingilis dilində ünsiyyət qursalar da, "iki rusofobun rus dilində əla danışdığını" iddia edib. Medvedev həmçinin ingilis dilindən istifadənin "kamera üçün hesablanmış" ola biləcəyini də irəli sürüb. Özünün "Telegram" kanalında o yazıb: "Bu gün İrəvanda rus dilində əla danışan iki beyinsiz rusofob məhdud qabiliyyətlərinə görə zəif ingilis dilində söhbət ediblər. Baxmayaraq ki, bunun kamera qarşısında baş verməsi və sonra tanış, əla və güclü dillərində söhbət etmələri mümkündür". Mesajında istehzalı şəkildə əlavə edib ki, "bizə lazım olan tək şey Tramp və Vensin bu cahillərin ingilis dili imtahanlarından keçməsidir".
Qeyd edək ki, 4 mayda Paşinyan və Zelenski İrəvanda danışıqlar aparıblar. Zelenskinin "Telegram" kanalında verdiyi məlumata görə, tərəflər, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bərpası da daxil olmaqla, iqtisadi tərəfdaşlığın inkişafını müzakirə ediblər. O, bu komissiyanın iclasının Kiyevdə keçirilməsini təklif edib. Zelenski qeyd edib ki, bu, son 24 ildə Ukrayna prezidentinin Ermənistana ilk səfəridir. Bunlar fonunda “Kommersant” nəşri yazır ki, Ermənistanda Avropa Siyasi Birliyinin sammiti “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” şüarı altında keçirilib. Nikol Paşinyanın sözlərinə görə, iştirakçılara “hibrid təhdidlərdən və demokratik institutların dayanıqlığından tutmuş, əlaqəlilik və energetika məsələlərinə qədər əsas mövzuları müzakirə etmək imkanı yaradılıb”. Bununla yanaşı nəşr yazır:
“Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında qeyd olunur ki, İrəvan “ev tapşırıqlarını” yerinə yetirməyi və “Avropa standartlarına tam uyğun ölkə” olmağı planlaşdırır. Sənədə görə, üzvlük məsələsi yalnız Ermənistan bu standartlara cavab verdikdən sonra siyasi qərar mövzusu olacaq: “Əgər Aİ Ermənistanı qəbul etməyə hazır olsa, o zaman ölkə tamhüquqlu üzvlük üçün müraciət edəcək”. Bu mövqe Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən kəskin tənqid edilib. O bunu “öz-özü ilə şahmat oynayıb qalib gəlməyə” bənzədib. “Bilirsiniz, insan deyirsə ki, qəbul etsələr yaxşıdır, etməsələr də qalib gələcəyik, belə insanlar adətən özlərinə qalib gəlirlər”, - deyə Zaxarova bildirib. O, Ermənistanın Avropa standartlarına marağını qəribə adlandırıb və xatırladıb ki, ölkə MDB və Avrasiya İqtisadi Birliyi çərçivəsində tamhüquqlu üzvdür və normativlərin hazırlanmasında iştirak edir.
2026-cı il aprelin 1-də Kremldə Nikol Paşinyanı qəbul edən Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Moskvada Ermənistanın Aİ ilə münasibətləri ilə bağlı müzakirələrə “tam sakit” yanaşırlar. “Biz anlayırıq ki, hər bir ölkə üçüncü tərəflərlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Lakin aydın şəkildə və dürüst demək lazımdır ki, Aİ və Avrasiya İqtisadi Birliyi ilə eyni zamanda gömrük ittifaqında olmaq mümkün deyil”, - deyə o əlavə etmişdi. Bununla belə, “Vətəndaş Müqaviləsi”nin proqramından göründüyü kimi, İrəvanda bunu anlayırlar, lakin Avrasiya İqtisadi Birliyinə üzvlüyü Aİ istiqaməti ilə paralel aparmaq niyyətindədirlər. Eyni zamanda, İrəvanla Brüssel arasında əməkdaşlığın konkret nümunələri Moskvada daha sərt reaksiyaya səbəb olub. Məsələn, Aİ ölkələrinin xarici işlər nazirlərinin 2026-cı il aprelin 21-də təsdiqlədiyi “EUPM Armenia” adlı yeni tərəfdaşlıq missiyası. Missiyanın əsas məqsədi hibrid təhdidlər şəraitində ölkənin dayanıqlığını gücləndirməkdir. Kaya Kallas isə bildirib ki, İrəvan Moldovadakı oxşar missiyanı nəzərə alaraq “zərərli təsirlərə” qarşı mübarizə üçün özü kömək istəyib. Mariya Zaxarova bu təşəbbüsü Brüsselin Ermənistanın daxili işlərinə müdaxilə aləti kimi qiymətləndirib və bunun iyun seçkilərinin nəticələrinə təsir etdiyini iddia edib. “Bu missiya sözlərlə suveren dövlətin işlərinə müdaxiləyə qarşı mübarizə aparmaq niyyətindədir, lakin özü belə müdaxilənin alətidir”, - deyə o bildirib. Ermənistan müxalifəti də hesab edir ki, Brüssel Paşinyanı dəstəkləyir. Sammitdən bir neçə gün əvvəl Ermənistan Respublikaçılar Partiyası, “İrs”, Daşnaksütun, “Çiçəklənən Ermənistan” və “Erməni Milli Konqresi” partiyaları Aİ rəhbərliyinə açıq məktub ünvanlayaraq, seçkilərə bir ay qalmış belə tədbirin keçirilməsinin hakimiyyətə dəstək kimi qiymətləndirilə biləcəyini qeyd ediblər. Müxalifət Paşinyanı beynəlxalq ictimaiyyət üçün “saxta demokratik imic” yaratmaqda ittiham edir və bildirir ki, ölkədə məhkəmələr və hüquq-mühafizə orqanları siyasi rəqiblərə və ruhani şəxslərə qarşı istifadə olunur”.
Tahir TAĞIYEV