AZ

​“Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” mövzusunda tədbirlər keçiriləcək

Generativ süni intellekt (Aİ) sistemlərinin media sektoruna müsbət və mənfi təsirləri, həmçinin bu sistemlərdən effektiv istifadə ilə bağlı beynəlxalq nəzəri yanaşmaları əks etdirən tezislərdən ibarət məlumat bazası formalaşdırılaraq Azərbaycan auditoriyasına təqdim ediləcək.Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. “Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 4 ay müddətində davam edəcək: “Bu müddət ərzində Aİ sistemlərinin mediada effektiv istifadəsi ilə bağlı akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi yanaşmalar araşdırılacaq, ümumiləşdirilərək Azərbaycan auditoriyasına çatdırılacaq. Növbəti mərhələdə isə süni intellektin media sektorunda yaratdığı risklərin azaldılması istiqamətində tövsiyələr təqdim ediləcək. Bu tövsiyələr beynəlxalq sənədlərə, o cümlədən UNESCO-nun “Süni intellekt etikası üzrə Tövsiyələr”inə,Avropa İttifaqının “Süni İntellekt Aktı”na, eləcə də beynəlxalq jurnalist təşkilatlarının irəli sürdükləri “Süni intellekt və jurnalistika üzrə Beynəlxalq Xartiya”nın prinsiplərinə əsaslanacaq. Məqsədimiz Azərbaycan mediasında Aİ texnologiyalarından etik və effektiv istifadə vərdişlərinin formalaşmasına töhfə verməkdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində jurnalistlərin, sosial media fəallarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək, mövzu geniş formatda müzakirəyə çıxarılacaq. Həmçinin, mövzu üzrə maarifləndirici podkastlar hazırlanaraq ictimaiyyətə təqdim olunacaq: “Bu fəaliyyətlərin media savadlılığının artırılmasına və AI texnologiyalarının məsuliyyətli istifadəsinə töhfə verəcəyini düşünürük”.

Seçilən
1
3
metbuat.az

4Mənbələr