AZ

“9 may qələbə günü” və ya Zəfərə aparan yolda azərbaycanlıların rolu

Azərbaycan xalqı daima mübariz ruhu ilə yaddaşlarda qalıb. Zamanın sınağından üzüag, alnıaçıq çıxmağı bacaran bu xalqın övladları vətənə bağlılıqları ilə həmişə seçilib, sevilib. Təsadüfi deyil ki, tarixin müxtəlif dövrlərində müqəddəs torpağımızın hər qarışı uğrunda yüzlərlə mərd el oğlumuz canından kecib, ölümsüzlük qazanıbdır.

Oğul və qızlarımızın dəfələrlə vətən, torpaq uğrunda sonadək canı-qanı bahasına qəhrəmancasına düşmənlə üz-üzə dayanması və müqəddəs amallar uğrunda apardığı mübarizələr xalqımızın şanlı zəfər tarixindən, döyüş salnamaləri ilə zəngin irsindən xəbər verir.

Qədim dövrlərdən bu günə kimi unudulmaz döyüş salnamələri yaradan xalqımızın mərd övladları 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsində də qəhrəmanlıqları, göstərdikləri şücaət və rəşadətləri ilə tarixə öz adlarını qızıl hərflərlə yazıblar. Çox da uzaq olmayan bu tarixə nəzər salanda zəfərə aparan yolda onların danılmaz xidmətləri olduğunun şahidi oluruq.

 

1941-ci ildə başlayan muharibə 1418 gün davam edəcəkdi

 

.... 1941-ci ilin iyun ayının 22-də Hitlerin başçılığı ilə faşist Almanyası SSRİ üzərinə hücuma kecdi. Böyük Vətən Müharibəsi kimi tarixə keçən bu müharibə elə 1418 gun davam etdi. Azərbaycan da istər-istəməz onun iştirakçısına çevrildi. SSRİ-nin tərkib hissəsində olan ölkəmiz də bütün varlığı ilə müharibədə faşizm üzərində qələbəyə çalışırdı. Öz nefti, pambığı, taxılı və yüzlərlə əsgəri ilə müharibəyə qatılan Azərbaycan qələbənin əsas təminatçısına çevrildi.    

 

Ön cəbhədə Azərbycanı 5 diviziya təmsil edirdi

 

Ön cəbhədə Azərbaycanı bir-birindən güclü 5 diviziya təmsil edirdi. 402, 416, 223, və 271-ci diviziyalar Qafqazdan Berlinə qədər döyüş yolu keçib, 77-ci diviziya isə müdafiə əməliyyatlarında iştirak edib. Qeyd edək ki, 416-cı Azərbaycan diviziyası Taqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə “Taqanroq divizyası” fəxri adına layiq görülüb. Bu diviziya 1942-ci ilin oktyabırından 1945-ci ilin may ayınadək Qafqazdan Berlinədək 2500 km döyüş yolu keçərək düşmənin 23 000 əsgər və zabitini məhv edib, 5500 nəfəri əsir alıb. Diviziyanın döyüşçüləri Berlində Branderburq darvazası üzərinə qələbə bayrağını sancıb. Məhz bu rəşadətə görə diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Elə müharibə dövründə 271-ci diviziyaya “Qorlovka diviziyası”, 72-ci diviziyaya “Simferepol diviziyası”, fəxri adları verilib. 223-cü diviziya isə Yuqoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə “Belqrad diviziyası” fəxri adını alıb.

 

Azərbaycanlılar bütün növ hərbi əməliyyatlarda fərqlənirdilər

Böyük Vətən Müharibəsi illərində Azərbaycan övladlarının qəhrəmanlıqları dillər əzbəri olub. 1941-ci ildə Novqorod şəhəri yaxınlığında gedən döyüşlərdə kiçik-leytenant İsrafil Məmmədov göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı idi. Hüseynbala Əliyev Leninqrad göylərində düşmənin 6 təyyarəsini vurub, 17 yara alsa da təyyarəni yerə endirə bilibdir. Tank bölməsinin komandiri Həzi Aslanov Moskva yaxınlığında gedən döyüşlərdə fərqləndiyinə görə “Qırmızı ulduz” fəxri orderi ilə təltif edilib. 1942-ci ildə Stalinqrad cəbhəsində Həzi Aslanovun tank polku böyük qəhrəmanlıq göstərib və həmin ilin dekabr ayının 22-də o, Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. 1944-cü ildə Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxrı adı alıb. Lakin bu haqda fərman onun ölümündən 47 il sonra 1991-ci ildə verilib. Azov dənizi sahilindəki Tuapse uğrunda gedən döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini məh edərək, öz həyatı bahasına komandirini xilas edir. Ölümündən sonra ona da Sovet İttifaqı Qəhrəmanı adı verilib. Naxçıvan Muxtar Respublikasından 30 min nəfərin iştirak etdiyi döyüşlərdə 3 nəfər- Abbas Quliyev, Nəcəfqulu Rzayev və Qəzənfər Əkbərov Sovet İttifaqı Qəhrəmanı fəxri adı alıb.

O illərdə ordudan ayrı düşmüş azərbaycanlı əsgərlər partizan dəstələrinə qoşulur, əsir düşərək geri qayıda bilməyənlər də onlarla birlikdə mübarizəni davam etdirirdilər. Fransada faşistlərə qarşı partizan müharibəsinə başçılıq edən Azmedi Mişel və yaxud Xarqo ləqəbli Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək medalı ilə təltif olunub. Yuqoslaviyada və İtaliyada partizan dəstələrinə başçılıq edərək alman əsgərlərinə böyük zərbələr vuran “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin başına isə 4 yüz min pul qoyulub. 1944-cü ildə öldürülən bu mərd azərbaycanlıya yalnız 13 ildən sonra 1954-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Serbiyada onun xatirəsini əks etdirən böyük abidə ucaldılıb. Tank qoşunları generalı Həzi Aslanov, diviziya komandiri general-mayor Mahmud Əbilov, korpus komandiri general mayor Yaqub Quliyev, diviziya komandiri general-mayor Tərlan Əliyarbəyov və bu kimi yüzlərlə Azərbaycan övladının müharibə dövründə göstərdikləri xidmətlər, şücaət və qəhrəmanlıqlar heç zaman unudulmur.

Qeyd edək ki, müharibə dövründə 674 min Azərbaycan döyüşçüsündən 300 minə yaxını həlak olub. 123 nəfər döyüşdə göstərdiyi şücaətə və rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı, 30 nəfər isə şöhrət orderinin hər üç dərəcəsi ilə təltif edilib.

 

Azərbaycanlılar arxa cəbhədə

 

Müharibə illərində ön cəbhədə olduğu kimi arxa cəbhədə də müharibənin qazanılması üçün səylər göstərilirdi. Belə ki, o dövrdə SSRİ-də istehsal olunan neftin 75, benzinin isə 90 faizini Azərbaycan nefçiləri təmin edirdi. Arxa cəbhə hesab olunan Azərbaycanda 70 hərbi hospital yaralılara köməklik göstərirdi. Görkəmli akademik Yusif Məmmədəliyevin başçılığı ilə Bakı şəhərində laboratoriyalarda alınan yüksək oktanlı benzin aviasiya qoşunlarının, habelə hərbi təyyarələrin uçuş təminatında, bütövlükdə qələbənin əldə olunmasında həlledici rol oynayıb.

Xalqın könüllü surətdə cəbhə üçün 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqrazı müdafiə fonduna təqdim etməsi, 1,6 milyon ədəd müxtəli əşya, 125 vaqon isti paltar, o cüümlədən Naxçıvan Muxtar Respublikasından 180 milyon 89 min manat nəğd pul, 12 kq gümüş, 160 mindən artiq isti paltar dəsti, 10 bin bağlama göndərilməsi əsgərlərin qələbəyə ruhlanmasına xidmət etirdi.  

 

Bütün sosial zümrələrdə qələbəyə inam güclü idi

 

Müharibə dövründə Azərbaycanın bütün bölgələrində qələbəyə inam hissi duyulurdu. İstər sosial zümrədə, istərsə də ədəbiyyat və mədəniyyət sahələrində bu his çox güclü idi. Həmin dövrdə hərbi vətənpərvərlik ruhunda əsərlər, şeirlər, poemalar, hekayə, povest və romanlar yazılırdı. Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm və s. şairlər, Süleyman Rüstəmov, Mir Cəlal Paşayev, Mehdi Hüseyn, İlyas Əfəndiyev və başqa yazıçılarımız müharibənin odlu-alovlu günlərini öz yaradıcılıqlarında əks etdiriblər. Ü.Hacıbəyov, S.Rüstəmov, Q.Qarayev, C.Hacıyev kimi bəstəkarlar vətənpərvərlik ruhunda mahnılar bəstələyiblər. Demək olar ki, Azərbaycan mədəniyyətinin bütün sahələrində ön cəbhədə əsgərlərin qələbə qazanacağına inam yaradılırdı.

1945-ci il mayın 9-da Böyük Vətən Müharibəsi Sovet qoşunlarının qələbəsi ilə başa çatdı. Və bu qələbədə Azərbaycan xalqının, onun qəhrəman övladlarının, təbii sərvətlərinin rolu danılmazdır.

Vətənimizin, torpağını həyatda hər şeydən müqəddəs sayan vətənpərvər gənclərimizin sayəsində 44 günlük Vətən müharibəsində də qələbə qazandıq. Hər bir azərbaycanlının bundan sonra da daim mübariz ruhda olacağına inanırıq. Bu elə bir ümumxalq işidir ki, hər bir kəs fədəkarlıq göstərməlidir. Çünki azadlıq qılıncların kölgəsindədir. Belə olmasaydı, nə alman faşizmi, də erməni faşizmi üzərində qələbə çala bilməzdik. 

Qələbə günün mübarək Azərbaycan!

Bəxtiyar ƏLİYEV 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
25
46
herbiand.az

10Mənbələr