Bakı, 5 may, AZƏRTAC
Müasir Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti xüsusi yer tutur. Onun siyasi fəaliyyəti yalnız müəyyən bir dövrü əhatə etməklə kifayətlənmir, həm də uzunmüddətli strateji inkişafın əsasını təşkil edir. Heydər Əliyev irsi bu gün Azərbaycanın qazandığı uğurların, xüsusilə də hərbi-siyasi qələbələrin ideoloji və institusional bünövrəsini formalaşdırıb.
Bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya Institutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədovanın AZƏRTAC-a təqdim etdiyi xəbər verir ki, “Heydər Əliyev irsi: Şanlı Zəfərdən parlaq gələcəyə” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası güclü mərkəzləşdirilmiş idarəetmə, milli maraqlara əsaslanan xarici siyasət və hüquqi dövlət quruculuğu prinsiplərinə söykənirdi. 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində ölkədə sabitliyin təmin olunması, iqtisadi tənəzzülün qarşısının alınması və beynəlxalq münasibətlər sisteminə inteqrasiya onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu mərhələdə qəbul edilən qərarlar Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Heydər Əliyev irsinin mühüm tərkib hissələrindən biri də milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin formalaşdırılmasıdır. Bu ideya cəmiyyətin müxtəlif təbəqələrini vahid milli məqsəd ətrafında birləşdirərək dövlətin ideoloji dayaqlarını gücləndirib. Azərbaycançılıq həm milli kimliyin qorunmasına, həm də qlobal inteqrasiya proseslərində ölkənin özünəməxsus mövqeyinin müəyyənləşdirilməsinə xidmət edir.
İkinci Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycan dövlətinin uzun illər apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir. Bu Zəfər yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, milli birliyin və strateji planlaşdırmanın təzahürü idi. Heydər Əliyev tərəfindən müəyyən edilmiş ordu quruculuğu, milli həmrəylik və diplomatik balans prinsipləri bu uğurun əsasını təşkil edib.
Prezident İlham Əliyev tərəfindən bu gün həyata keçirilən siyasət Heydər Əliyev irsinin davamı kimi çıxış edir. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri və iqtisadi təşəbbüslər Azərbaycanın davamlı inkişaf strategiyasını əks etdirir. Bu proseslər ölkənin regional və qlobal mövqeyini daha da möhkəmləndirir.
Heydər Əliyev irsi müasir Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən fundamental dəyərlər sistemidir. Şanlı Zəfər bu irsin praktik nəticəsi kimi çıxış edir və gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Azərbaycan bu strateji xətt üzrə irəliləyərək parlaq gələcək qurmaq istiqamətində inamla addımlayır.