Bağdad ixracı artırmaq üçün riskləri alıcıların üzərinə qoyub...
Poliqon xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, İraqın dövlət neft marketinq şirkəti SOMO may ayı üçün Basrah Medium markalı xam neftə ciddi endirimlər tətbiq edib.
Məlumata əsasən, təklif olunan endirim rəsmi satış qiymətindən hər barel üçün 33,4 dollara qədər aşağıdır. Bu, qlobal enerji bazarında son dövrlərdə müşahidə olunan qeyri-müəyyənlik və risklər fonunda alıcıları cəlb etmək məqsədi daşıyır.
Bununla yanaşı, müqavilə şərtlərinə görə, alıcılar neftin daşınmasını özləri təşkil etməlidirlər. Xüsusilə də daşınmanın Ormuz boğazı vasitəsilə həyata keçirilməsi onların məsuliyyətinə verilir. Bu isə bölgədəki təhlükəsizlik risklərini və logistika çətinliklərini birbaşa alıcıların üzərinə qoyur.
Ekspertlər qeyd edirlər ki, belə yüksək endirimlər Bağdadın ixrac həcmlərini qorumaq və büdcə gəlirlərini təmin etmək üçün atdığı addım kimi qiymətləndirilir. Çünki Yaxın Şərqdə artan gərginlik, xüsusilə Ormuz boğazında təhlükəsizlik problemləri neft ticarətinə ciddi təsir göstərir.
Analitiklərin fikrincə, İraqın bu addımı qlobal bazarda qiymət rəqabətini daha da gücləndirə bilər və digər istehsalçı ölkələri də oxşar addımlar atmağa vadar edə bilər. Bununla yanaşı, risklərin alıcılara ötürülməsi bazarda yeni balans formalaşdırır və ticarət şərtlərini daha sərt edir.
Poliqon.info