ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin deputatları mətbuatda adətən siyasi məsələlərin şərhində yer alır. Bu bəzən həmin deputatların ədəbi görüşləri, ictimai məsələlərə subyektiv baxışlarını öyrənməyə mane olur. Cəmiyyət deputatları sadəcə siyasi fiqur kimi tanıyır.
Gununsesi.info olaraq “Danışır deputat” adlı yeni bir rubrika yaradırıq ki, bu rubrikada Milli Məclisin deputatları ilə ədəbi-bədii söhbətlər apara, daha fərqli istiqamətdə və ədəbi bədii söhbətlər apara biləcəyik.
Rubrikamızın ilk qonağı yazıçı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafadır.
– Fazil müəllim, ədəbiyyat sahəsini nə üçün seçdiniz? Yəni ədəbiyyata gəlmək səbəbiniz nədir?
– Əslində, mən ədəbiyyat sahəsini indi seçməmişəm. Orta məktəb illərimdən həm mütaliə, həm də bədii yaradıcılıqla məşğul olmuşam. Çoxsaylı şeirlərim olub ki, dövri mətbuatda geniş şəkildə çap olunub. Düşünürdüm ki, elə ədəbiyyat sahəsini də seçməliyəm. İki il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənədlərimi verdim. Hər iki ildə də konkursa düşdüm, qiymətlərimi məqsədli şəkildə aşağı saldılar. Daha sonra hərbi xidmətə yollandım və hüquq sahəsinə yönəldim.
– Hansı kitablar sizin dünya görüşünüzün formalaşmasında mühüm rol oynayıb?
Hesab edirəm ki, hər bir insanın həyatında kitablarla tanışlıq və kitab mühitinin içində olmaq həyatı üçün böyük bir dönüm nöqtəsidir. Ona görə də, çoxsaylı mütaliə etmək və mütaliəni vərdişə çevirmək insanı həmişə formada saxlayan ən vacib amillərdən biridir.
Mən də bu məsələdə hər zaman çalışmışam ki, mütaliə vərdişimdən kənara çıxmayım. Mən mütaliəni və zəruri bilgilər əldə etməyi özüm üçün həyati ritual sayıram.
Bu baxımdan da, bizim dünyagörüşümüzün formalaşmasında həm kitablar, həm müzakirələr, həm də mübahisələr böyük rol oynayır. Həm də, sonradan elmi tədqiqat sahəsində insanın işinə yarayır. Çünki dünyagörüşünün geniş olması gələcəkdə konkret sahə üzrə araşdırmada insanın işini sadələşdirir. Bu baxımdan da, kitabların həyatımızdakı rolu əvəzolunmazdır.
– Həm deputat, həm yazar olmaq sizə çətinlik yaradır, yoxsa daha çox insanla ünsiyyət imkanı tanıyaraq yazmaq həvəsi?
– Əslində, deputat fəaliyyəti hansısa şəkildə yaradıcılığa mane olmur. Yaradıcılıq insanın təbiətində olursa, onun hansı peşəyə sahib olmasının əhəmiyyəti qalmır. Boş vaxtlarımızı yaxud sərbəst zamanlarımızı hansısa süni formatda doldurmaqdansa, tədqiqatla oxumaqla doldurmağa çalışırıq. Bu da həm də deputat fəaliyyətində də işimizə yarayır. Çünki rastlaşdığımız seçici yalnız hansısa iş həyatının, peşə sahibi deyil, həm də düşüncə insanı olur.
Eyni zamanda, deputat fərqli düşüncədə olan və fərqli platformalarda çalışan insanlarla ünsiyyətdə olur. Onların problemlərini anlamaq üçün həm hüquqşünas olmalısan, həm iqtisadçı olmalısan, həm də məişət problemlərinin bilicisi olmalısan. Bunlar hamsı insanlarla ünsiyyət üçün kömək edir. Bir də psixoloji həddləri aşa bilirsən. Ona görə də, hazırlıqlı olmaq və yetkin düşüncəyə sahib olmaq bu mənada insana lazım olur.
– Necə düşünürsünüz, yaradıcı birliklərin, məsələn Azərbaycan Yazıçılar Birliyinin (AYB) dövlət tərəfindən maliyyələşməsi nə qədər düzgündür? Bu yazıçı azadlığını məhdudlaşdırmır?
– Məncə, AYB-nin dövlət tərəfindən maaliyyələşdirilməsi vacibdir. Çünki Azərbaycanda oxucu kontingenti say etibarilə elədə geniş deyil. Və dövlətin dəstəyi olmadan yazıçının yazdığı əsərlərlə ayaqda qalması çox çətindir. Xüsusilə də, o əsərlər kütləyə xitab edən əsərlər deyil, peşəkar nöqteyi-nəzərdən ədəbiyyatın inkişafına yönəlmiş əsərlər olursa, bunun satışı gəlir gətirmir.
Belə bir vəziyyətdə mütləq dövlətin yaradıcılığa müdaxilə etmədən maddi baxımdan ədəbiyyat mühitinə dəstək verməsi normal qəbul olunmalıdır. Yazıçıları taleyin ümidinə buraxmaq olmaz. Bunun maddi cəhətdən sıxıntısını çəkən insanlar öz potensialını ortaya qoymaqda çətinlik çəkəcəklər.
Ona görə də, AYB keyfiyyətcə bir az fərqli olmalı və kütləvilikdən xilas olmalıdır. Mən AYB-nin kütləvi mahiyyətinə o qədər də müsbət münasibətim yoxdur. Qafiyə düzəldən hər kəs AYB-yə üzv ola bilər, kitab yazan hər kəs üzv ola bilər deyə bir yanaşma olmamalıdır.
Keyfiyyətli ədəbiyyat mühitinin bir episentri olmalıdır və bu baxımdan nüfuz da daha yüksək olar və dəyərləndirmə zamanı da hansısa narazılıq simptomları olmaz. Bəzən bunun əksini görürük.
AYB-nin başında duran Anar kimi görkəmli yazarı, eyni zamanda oradakı dəyərli yazıçılarla birgə elementar və zövq tərəfini canlandıra bilməyən, cızma-qara ilə tanınan adamların orada qeydiyyatda olması AYB-ni müəyyən mənada yataqxana modelinə çevirir. Əslində biz AYB-ni daha çox elitar bir qurum kimi formalaşdırsaq ədəbiyyata daha çox fayda vermiş olar.
– Kitablarınızda cəmiyyətə çatdırmaq istədiyiniz əsas nüanslar nələrdir? Sizcə, bunu bacarırsızmı?
– Əvvəla kitablarda müxtəlif ideyaların cəmiyyətə açıq şəkildə çatdırılması və kimsənin rəyi olmadan ancaq sənə məxsus fikirlər kimi təqdim olunması mənim üçün önəm daşıyır. Mənim heç bir kitabımda oxunmasını tövsiyə edən bir rəy olmur. Bu mənim əvvəldən seçdiyim metoddur.
Bu söz mənimdir və mən sözümü iddialı şəkildə ortaya qoymağa və mübahisələndirməyə hazıram. İstər din, istər tarix istərsə də fəlsəfəyə dair mətnlərdə mən bu xətti qoruyuram. İndiyə qədər çap edilən 30-dan çox kitabım orijinal mətnlərdən ibarətdir.
Ayrı-ayrı məqalələr toplusundan ibarət əsərlər hesab edirəm ki, öz oxucusunu tapmaqdadır. Biz kütləviliyə yönəlmədən öz keyfiyyətli oxucusunu axtaran yaradıcılıq hədəfidir. Düşünürəm ki, bu istiqamətdə daha aktual və cəmiyyətin faydalanacağı ideyaları yayğınlaşdırmağa çalışmalıyıq.
– Hazırda mütaliə etdiyiniz kitab var? Hansı kitabları tövsiyə edə bilərsiniz?
– Hazırda iki kitabı mütaliə edirəm. Birincisi, Daron Acemoğlunun “İqtidar və texnoloji” kitabıdır. İkincisi də, XX əsrin böyük alman filosofunun “Həqiqət və yöntəm” kitabıdır. Hər ikisi çox maraqlı kitablardır. Birinə də yeni başlamışam. Mən paralel kitabları oxumağı çox sevirəm.
Üçüncü kitabım isə Kitab maqazinləri Seoldan sankt-peterburqa qədər. Burada da dünyada olan kitab dükanlarının müqayisəli təqdimatı var. Mənim maraq dairəmə yaxın olduğuna görə bu sahədə də mütaliə edirəm.
– Bu gün Azərbaycan ədəbiyyatında çatışmaz olan sizcə nədir?
– Bu barədə fikir bildirmək çox risklidir. Çünki buna mənim yanaşmam peşəkar olmaya bilər. Amma Azərbaycan ədəbiyyatının ən böyük problemi dünya ədəbiyyatı içərisində özünü tapa bilməməsidir. Dünya ədəbiyyatında mövzular ümumi dünya mədəniyyətinə uyğunlaşdırılması yaxud yön verməsi kimi tendensiya özünü göstərir, klassiklərdən tutmuş indiyə qədər.
Amma bizim XX əsr ədəbiyyatımızda mənim ən dəyər verdiyim əsər Süleyman Sani Axundovun “Qaraca qız” əsəridir. Bu kitabın mövzusu və obrazları dünya ədəbiyyatına girməyə layiqdir. Biz bunu nə dərəcədə tərcümə edib və bu sıraya qoşa bilmişik? Bu özü sual doğuran məsələdir. Hər halda bu kimi ədəbiyyat mövzularını biz dünyəviləşdirmək baxımından çox işlər görməliyik. Çatışmayan məncə dünya mədəniyyətinə uyğun gələn və başqa xalqları heyrətləndirən mövzu kəşfidir. Bu olsa məncə ədəbiyyatımızın adından daha böyük platformalarda danışa biləcəyik.
– Həm deputat, həm yazar olaraq gənc yazıçılara dəstək olursunuzmu? Onlara nə tövsiyyə edərdiniz?
– Ədəbiyyat adamlarına istənilən formada dəstək olmağa çalışıram. Hər halda bizim də gücümüzün bir həddi var. Amma mümkün olan bütün variantlarda dəstəyimi əsirgəmirəm. Bu istər hansısa platformada iştirakın təminatı olsun, istərsə də başqa bir şey ki, mən hər zaman dəstək olmağa çalışıram.
Amma bütövlükdə bu dəstək ayrı-ayrı şəxslərin verdiyi dəstək olmamalıdır. Mən o ideyanı hər zaman dəstəkləmişəm ki, ölkəmizdə “İstedadları dəstəkləmə fondu” yaradılmalıdır. Bu fonda da insanlar yaradıcılığı dəstəkləmək üçün vəsait qoymalıdırlar. Bu olarsa, fond çox geniş işlər görə bilər. İstedadlı adamlara dəstək olmaq daha rahat olar.
Bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür. Bu fond təkcə ədəbiyyata yox, teatr sahəsinə, rəssamlıq sahəsinə, kino sahəsinə də aiddir. Sənət sferasında istedadlı şəxslərin öləziyib sıradan çıxmasının qarşısını almaq olar.
Əslində bizim kimi cəmiyyətlər bu cür istedadların qorunması hesabına irəli gedə bilərlər. Bizdə kütləviliyin hansısa tərəqqiyə gətirəcəyini gözləmək sadəlövhlükdür. Bizdə çatışmayan elitarlığı qorumaqdır. Biz bunu edə bilsək hər halda 5-10 istedadlının çiynində bütöv bir xalqın tərəqqisi özünü dərhal biruzə verəcəkdir.
– George Orvell deyir ki, azadlıq 2+2-nin 4 olduğunu deyə bilməkdir. Haqlıdır? Sizcə azadlıq nədir?
– Öncə də bəhs etdiyim Qademerin Həqiqət və Yöntəm kitabında məsələ həqiqətin deyilməsi deyil, üslubun doğru olmasıdır. Çünki üslubu doğru olmayan həqiqət fayda vermir. Və fikrimcə azadlıq insanın Allah olma istəyidir və bu istəyi reallaşdırmağa nə Allah icazə verir, nə hökümət nə də insanın yaşadığı cəmiyyət.
Azadlıq daha çox insanın öz potensialını kəşf etmə imkanıdır. Bu imkanı insanın əlindən alırlarsa, insan hansısa bir faydalı varlıq olmaqdan çıxır və öz potensialını doğru kəşf etməyən insan da bu cəmiyyətdən ya qisas alır ya da zərər vurmağa başlayır.
Ona görə də, biz azadlığı öz potensialını düzgün kəşfetmə kimi anlamalıyıq. Ondan o tərəfi isə açığı başqa cür nə cəmiyyətin, nə hökümətin nə də cəmiyyətin icazə vermədiyi bir boşluğun içində qalmalı olursan.
Bu baxımdan, bəzən istəklərdən imtina edən insanın qarşısına sual çıxır. Müəyyən həzzlərdən imtina etməli olursan. Amma əsl həzz öz potensialının kəşfindən aldığın həzzdir ki, bu zaman real imkanlarla real varlıq olaraq öz faydalı yaşamını həm özünə, həm də cəmiyyətə inandırmağı bacaracaqsan.
– Hər zaman deyilir ki, Şərq və Qərb mədəniyyəti arasında uçurum var. Sizcə bu uçurum nədən ibarətdir? Bu gün də varmı?
– Mədəniyyətin bu bölgüsü əslində tərəfimizdən qəbul olunub. Çünki mədəniyyət özü insanlığa bütövlükdə bəxş olunmuş dəyərdir. Bu dəyəri Çinli də, Şərq də, Yunan da verə bilər. Bu dəyərləri bütövlükdə qazandırma missyasını daşımaqdır vacib olan. Bunu sonrakı dövrlərin nəsilləri bu dəyərləri necə tətbiq edib həyatlarında yaşadacaqlar bu məsələnin digər tərəfidir.
Biz onun üzərindən Qərb və Şərqi bölməməliyik. Vahidlik ideyası var ki, bu ideyadan çıxış etməliyik. Bu baxımdan, mən Şərq və Qərb mədəniyyətləri anlayışını doğru hesab etmirəm.
“Şərqli kimi yaşamaq” və “Qərbli kimi yaşamaq” adlı qəliblər var ki, insanlar özlərini bu qəliblərə salırlar. Şərqdə bir Qərb mədəniyyətinin elementi kimi də yaşaya bilərsən ki, bu sənin azadlığınla və özünü kəşfinlə bağlı məsələdir.
Qərbdə də bir Şərqli kimi yaşaya bilərsən. Bu məkan və mədəniyyət məsələsinin önəm daşımadığını, əsas məsələnin öz potensialına münasibətin olduğu görünür.
Mənbə: Crossmedia.az
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.