Bakı, 5 may, AZƏRTAC
Gürcüstan və Azərbaycan aqrar sahədə əməkdaşlığın daha da inkişafı və dərinləşməsi baxımından əhəmiyyətli potensiala malikdir.
Bu barədə “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda iştirak edən Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Laşa Dolidze AZƏRTAC-a açıqlamasında bildirib.
Ticarət və iqtisadi əlaqələrdən danışan nazir müavini son illərdə davamlı artım nümayiş etdirən içkilərin ixracının dinamikasını vurğulayıb. O qeyd edib ki, Gürcüstan ixrac istehsalının artırılmasında Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
Laşa Dolidze deyib: “Bizə məlumdur ki, bu sahədə böyük irəliləyişlər əldə etmisiniz və hazırkı sərgi həmin təcrübəni ətraflı araşdırmaq üçün əla fürsət verir”.
O, həmçinin tədbirin ölkələrin öz nailiyyətlərini nümayiş etdirmək üçün platforma qismində əhəmiyyətini vurğulayıb. Nazir müavinin sözlərinə görə, Gürcüstan tərəfi həm ənənəvi məhsul çeşidlərini, həm də kənd təsərrüfatı sektorundakı innovativ inkişafları təqdim edir.
Forumun təşkili ilə bağlı təəssüratlarını bölüşən Laşa Dolidze təqdim olunan ekspozisiyaların yüksək texnoloji səviyyəsini vurğulayıb: “Bu, çox yaxşı təşəbbüsdür. Sərgidə bizim üçün xüsusi maraq doğuran bir çox maraqlı məhsul və texnologiya nümayiş olunur. Hər şey yüksək səviyyədə təşkil olunub və inanıram ki, bu platforma perspektivdə böyük potensiala malikdir”.
Nazir müavininin sözlərinə görə, o, “Caspian Agro”ya ikinci dəfədir qatılır, amma Gürcüstan Azərbaycanda keçirilən kənd təsərrüfatı sərgilərində uzun illərdir ki, fəal iştirak edir və bu, iki ölkə arasında aqrar sahədə strateji tərəfdaşlığın təzahürüdür.