ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, münasibətlər yalnız bir sahəyə bağlı deyil, enerji, ticarət, sənaye, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələr paralel şəkildə inkişaf edir.
İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan isə İtaliya üçün həm enerji təhlükəsizliyi, həm də Cənubi Qafqazda sabit və etibarlı tərəfdaş baxımından mühüm ölkədir. Bu münasibətlərdə qarşılıqlı hörmət və praqmatik yanaşma var. Hər iki ölkə əməkdaşlığa uzunmüddətli baxır və bu da əlaqələrin davamlı inkişafına imkan yaradır. İtaliyada yaşayan azərbaycanlılar bu münasibətləri gündəlik həyatlarında, ictimai mühitdə daim hiss edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasov deyib.
Onun sözlərinə görə, son illərdə İtaliyada Azərbaycan haqqında məlumatlılıq artıb. Müxtəlif tədbirlərdə, universitet mühitində və ictimai görüşlərdə Azərbaycan haqqında daha çox suallar verilir.
“Əvvəllər Azərbaycan daha çox enerji ölkəsi kimi tanınırdısa, indi italyanlar ölkəmizi həm də mədəniyyəti, turizm potensialı, Qarabağın bərpası, təhsil əlaqələri və beynəlxalq tədbirlərlə tanıyırlar. Azərbaycan mədəniyyəti İtaliyada maraqla və rəğbətlə qarşılanır. İtalyanlar tarixə, incəsənətə, musiqiyə və mədəni irsə çox dəyər verən xalqdır. Buna görə də Azərbaycan mədəniyyətinin zənginliyi onların diqqətini cəlb edir. Xüsusilə muğam, xalçaçılıq, milli rəqslər, Novruz bayramı, Azərbaycan mətbəxi və Qarabağ mədəni irsi təqdim olunanda böyük maraq yaranır. Məsələn, burada mütəmadi şəkildə müxtəlif tədbirlər - mədəniyyət günləri, sərgilər, konsertlər, tələbə görüşləri və Azərbaycan tarixi ilə bağlı təqdimatlar həyata keçiririk. Tədbirlərimizdə tez-tez görürük ki, italyan qonaqlar Azərbaycan haqqında daha çox məlumat almaq istəyirlər. Onlar üçün Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı bir ölkə kimi görünür. Bu, münasibətlərin artıq yalnız rəsmi səviyyədə deyil, insanlar arasında da inkişaf etdiyini göstərir”, - deyə soydaşımız vurğulayıb.
İtaliyada yaşayan azərbaycanlı icması barədə danışan F.Abbasov diqqətə çatdırıb ki, soydaşlarımız say baxımından çox böyük olmasa da, kifayət qədər fəal və vətənpərvər icma yarada biliblər. Burada tələbələr, sahibkarlar, elm adamları və müxtəlif sahələrdə çalışan peşəkarlarımız fəaliyyət göstərirlər. Azərbaycan-İtaliya Birliyi icmanı gücləndirməyə, soydaşlarımızı bir araya gətirməyə və Azərbaycanı İtaliya ictimaiyyətinə düzgün şəkildə tanıtmağa çalışır. Birliyin fəaliyyətində mədəni tədbirlərlə yanaşı, Xocalı soyqırımı ilə bağlı anım mərasimləri xüsusi yer tutur. Bu tədbirlərdə məqsəd Xocalı həqiqətlərini italyan ictimaiyyətinə çatdırmaq, faciənin humanitar mahiyyətini izah etmək və tariximizin bu ağrılı səhifəsinin unudulmamasına nail olmaqdır.
Gələcəkdə münasibətlərin ən çox təhsil, yaşıl enerji, biznes, turizm və mədəniyyət sahələrində genişlənəcəyini düşündüyünü bildirən soydaşımız hesab edir ki, xüsusilə təhsil sahəsi çox böyük potensiala malikdir: “Humanitar və mədəni əlaqələrin inkişafında dövlət qurumlarının, səfirliklərin, diaspor təşkilatlarının və icma üzvlərinin birgə fəaliyyəti çox vacibdir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini xüsusi qeyd etmək lazımdır. Komitənin dəstəyi xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha koordinasiyalı, sistemli və təsirli fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın Romadakı və Vatikandakı səfirliklərinin aktiv dəstəyi də icma üçün çox önəmlidir. Onların tədbirlərdə iştirakı, diasporla əməkdaşlığı və Azərbaycan icmasına göstərdikləri diqqət bizim fəaliyyətimizə ciddi mənəvi və təşkilati güc verir”.
Burada diasporun rolunun körpü yaratmaq olduğunu vurğulayan Fərid Abbasov əlavə edib: “Biz Azərbaycanı yalnız rəsmi tədbirlərdə deyil, gündəlik həyatda, universitetlərdə, iş yerlərində və ictimai mühitdə təmsil edirik. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada təhsil alan azərbaycanlı tələbələrin sayı artır və bu gənclər gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacaqlar. Eyni zamanda, yaşıl enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq daha da aktuallaşacaq. Azərbaycan artıq bu istiqamətdə yeni təşəbbüslər irəli sürür, İtaliya isə texnologiya və təcrübə baxımından önəmli tərəfdaş ola bilər. Turizm sahəsində də böyük imkanlar var. İtalyanların Azərbaycana, azərbaycanlıların isə İtaliyaya marağı artır. Gələcəkdə daha çox gəncin layihələri, universitet təqdimatları, mədəniyyət gecələri, yerli bələdiyyələrlə əməkdaşlıq və İtaliya mediası ilə əlaqələrin qurulması bu sahədə daha böyük nəticələr verə bilər”.
Müxbir – Ceyhun Xəlilov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.