AZ

WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatı keçirilib

Mayın 5-də 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib. 

Sözügedən brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov çıxış ediblər. 

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov WUF13 nəqliyyat sistemini, tədbir məkanına gediş və nəqliyyat zonalarının idarə edilməsini və rəqəmsal xəritəni təqdim edib. Brifinq iştirakçılarına nəqliyyat marşrutları, nəqliyyat mübadilə mərkəzləri və keçidlər barədə məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov qeyd edib ki, WUF13 çərçivəsində ictimai nəqliyyatın fasiləsiz və səmərəli fəaliyyəti təmin olunacaq. Nəzərdə tutulmuş marşrutlar üzrə xüsusi zolaqlar təşkil olunur.  Zəruri nişanlar quraşdırılır, nişanlama xətləri çəkilir. Tədbirlərlə bağlı nəqliyyat əməliyyatlarının planlanması aparılıb, marşrutlar və nəqliyyat mübadilə mərkəzlərinin (NMM) fəaliyyətinin təşkili nəzərdə tutulub. Taksi nəqliyyatının optimal fəaliyyəti istiqamətində də tənzimləmələr aparılacaq. Mikromobilliyin qonaqlar üçün əlçatanlılığın artırılması istiqamətində tədbirlər görüləcək. AYNA-nın Monitorinq Mərkəzindən real vaxt rejimində avtobusların hərəkəti operativ tənzimlənəcək.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev bildirib ki, qeyd edilən günlərdə həm tədbir, həm də digər yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə yol polisi ilə birlikdə yollar tənzimlənəcək. Yarana biləcək nəqliyyat sıxlığının vaxtında və operativ qarşısını almaq üçün zəruri küçə və prospektlərdə işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilməklə dərhal tədbirlər görüləcək.

Brifinq media nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası ilə yekunlaşıb.

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr