AZ

“Kino İttifaqına həmin şəxsi sədr gətirəcəyik, Şəfiqə Məmmədova bundan inciməyəcək” Şeyx Əbdüllə MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moderator.az xəbər verir ki, Musavat.com-un əməkdaşı Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov ilə söhbətləşib.

Şeyx Əbdül müsahibəsində səhhəti, son günlər kino camiəsində baş verən proseslər və ümumilikdə kino sahəsindəki vəziyyət barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Səhhətiniz necədir? May ayında Rusiyaya planlaşdırılan səfəriniz qüvvədə qalır, yoxsa?

- Bu səfəri artıq iyun ayına keçirmişik. Çünki müalicə prosedurlarım hələ tamamlanmayıb. Onlar bitmədən, yarımçıq saxlayıb heç yerə gedə bilmərəm. Üstəlik, mayın 10-12-si Kino İttifaqının mükafatlandırma mərasimidir, mən də orada mütləq iştirak etməliyəm. Paralel olaraq İttifaqın qurultayına hazırlıq gedir. Bütün bunlarla yanaşı, şirin canımla da mübarizə aparıram ki, bir az özümə gəlim, ayağa qalxım.

- Bəs Kino İttifaqının qurultayı nə zaman olacaq?

- Onu da mayın 10-15-i aralığı üçün planlaşdırmışıq. Tədbir ya Nizami Kino Mərkəzində, ya da Aktyor Evində keçiriləcək.

- Hazırda Kino İttifaqı ilə münasibətləriniz necədir?

- Çox yüksək səviyyədədir. Artıq Kino İttifaqı ilə bir araya gəlmişik və qərara almışıq ki, qurultayımızı keçirək, yeni sədrimizi seçək, sonra da birlikdə kinostudiyamızın bərpası ilə məşğul olaq. Yəni hər şey birgə, əl-ələ verərək həyata keçiriləcək.

- Bəs kimi İttifaqın sədri görmək istərdiniz?

- Konkret olaraq məsələ böyük kino məbədimizin bərpası ilə bağlıdır. Əsas iş kinostudiyanın dirçəldilməsidir. Ona görə də elə bir insan seçilməlidir ki, onun Kino İttifaqında, kinostudiyada və ümumilikdə bu sahədə nüfuzu olsun, səsi eşidilsin. Yəni bizə lazım olan odur ki, bu şəxs məsələləri yüksək səviyyədə çatdıra bilsin. Və belə bir adam da var.

- Adını açıqlaya bilərsiniz?

- Onu deyə bilərəm ki, çox tanınmış kino xadimimizdir. Qurultaydan əvvəl ad çəkmək istəmirəm.

- Siz qurultayda çıxış edəcəksiniz?

- Əlbəttə, mən kino sahəsini təmsil edən ağsaqqal kimi qurultayda çıxış edəcəm, məruzə edəcəm və ümumi istiqaməti də mən verəcəm. Biz kino və kinostudiya haqqında düşünürük, kiminsə şəxsi iş yeri axtarmırıq. Kimə iş yeri lazımdırsa, gedib başqa yerdə tapa bilər. Amma biz bu gün birlikdə kinostudiyanı bərpa etməliyik.

- Şəfiqə Məmmədova sədr seçilməsə, incik qala bilərmi?

- Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın. İnşallah, mayın 10–15-i aralığında baş verənlər hər kəsin ürəyincə olacaq.

- Ötən həftə iki bədii film təqdim olundu – “Akinak” və “Tağıyev: Məktəb”. İlin sonuna qədər daha 10-a yaxın filmin təqdimatı gözlənilir. Sizcə, bu, milli kinomuzun dirçəliş mərhələsinə daxil olduğunu deməyə əsas verirmi?

- Hər iki filmin təqdimatında iştirak etmişəm. Deyə bilərəm ki, “Tağıyev: Məktəb” filmi bədii yaradıcılıq baxımından yüksək səviyyədədir. Allahdan bir arzum var: sağlamlığım bərpa olunsun və kinostudiyanın açılışını görüm. Ondan sonra rahat şəkildə ayaqlarımı uzadıb ölə bilərəm. Çünki mənim həyatım, taleyim kino ilə bağlıdır, başqa sənətim, başqa peşəm yoxdur. Kino sahəsindəki mövcud vəziyyəti görmək mənim üçün böyük mənəvi sarsıntıdır. Ona görə də əlimdən gələni edirəm. Bəzən emosional oluram, bəzən sərt sözlər deyirəm, bəzən çağırışlar edirəm. Amma bunların heç birində şəxsi məqsəd, qərəz yoxdur. Yalnız kino məbədimizin inkişafı üçün çalışıram.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
moderator.az

3Mənbələr