AZ

Azərbaycan İtaliya münasibətlərində təhsil sahəsi də prioritet təşkil edir

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında keçirilən son görüş Azərbaycan-İtaliya münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda humanitar müstəvidə də dərinləşdiyini göstərir. Xüsusilə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gündəmə gətirərək tərəflər arasında əlaqələrin daha geniş və uzunmüddətli xarakter aldığını ortaya qoyur.

Belə ki, Son illərdə iki ölkə arasında humanitar sahədə formalaşan əməkdaşlıq artıq konkret layihələrlə müşayiət olunur. Azərbaycanda İtaliya ali təhsil modelinə əsaslanan universitetin fəaliyyəti və burada yüzlərlə tələbənin təhsil alması bu istiqamətdə əməkdaşlığın institusional mərhələyə keçdiyini göstərir. Bu, yalnız akademik mübadilə deyil, eyni zamanda bilik transferi, müasir təhsil yanaşmalarının tətbiqi və kadr hazırlığı baxımından da strateji əhəmiyyət daşıyır.

Bununla yanaşı, mədəniyyət sahəsində qarşılıqlı təşəbbüslərin artması, birgə layihələrin genişlənməsi və humanitar əlaqələrin dərinləşdirilməsi Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli inkişafını təmin edən əsas istiqamətlərdən biri kimi çıxış edir. 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki,  Prezident İlham Əliyevlə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında keçirilən son görüş Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini və tərəflər arasında strateji tərəfdaşlığın dərinləşdiyini bir daha təsdiqlədi.

"Bu görüş Azərbaycanla İtaliya arasında əməkdaşlığın yalnız enerji və iqtisadi sahələrlə məhdudlaşmayaraq, əlaqələrin humanitar istiqamətlərdə, xüsusilə təhsil və mədəniyyət sahəsində dərinləşdirilməsi üçün mühüm siyasi iradənin mövcud olduğunu göstərdi. Verilən əsas mesaj ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər çoxşaxəlidir və insan kapitalına yönəlmiş əməkdaşlıq prioritetlər sırasındadır.

Azərbaycanda İtaliya Universitetinin fəaliyyət göstərməsi təhsil sahəsində əməkdaşlığın artıq institusional və davamlı mərhələyə keçdiyini nümayiş etdirir. Bu, sadəcə akademik layihə deyil, eyni zamanda iki ölkə arasında bilik, təcrübə və innovasiyaların mübadiləsi üçün mühüm platformadır. Belə təşəbbüslər Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirir və gənclərimiz üçün Avropa təhsil standartlarına çıxışı genişləndirir".

Deputat vurğulayıb ki, hazırda 500-dən çox tələbənin təhsil aldığı bu universitetin gələcək inkişaf perspektivləri kifayət qədər genişdir:

"Düşünürəm ki, yaxın illərdə mühəndislik, texnologiya, dizayn, memarlıq və idarəetmə kimi sahələr üzrə yeni proqramların açılması gözləniləndir. Eyni zamanda ikili diplom proqramlarının genişləndirilməsi və tədqiqat yönümlü fəaliyyətlərin gücləndirilməsi də prioritet istiqamətlərdən olacaq.

Ümumilikdə, təhsil sahəsi Azərbaycan-İtaliya humanitar əməkdaşlığında strateji əhəmiyyət daşıyır. Çünki məhz təhsil vasitəsilə uzunmüddətli tərəfdaşlıq, qarşılıqlı anlaşma və peşəkar kadr potensialı formalaşır. Bu sahədə əməkdaşlıq gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".

V.Qafarov onu da əlavə edib ki, mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün isə birgə sərgilərin, festivalların, kino və teatr layihələrinin təşkili, həmçinin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır:

"Bundan əlavə, mədəni irsin qorunması və bərpası sahəsində birgə layihələrin həyata keçirilməsi də əməkdaşlığı daha da zənginləşdirə bilər.

Gələcək perspektivdə iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün rəqəmsal təhsil, innovasiya və startap ekosistemləri, eləcə də birgə elmi-tədqiqat mərkəzlərinin yaradılması kimi yeni istiqamətlər ön plana çıxa bilər. Hesab edirəm ki, bu sahələrdə təşəbbüslərin artırılması Azərbaycan-İtaliya münasibətlərini daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan verəcəkdir", - deyə deputat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
modern.az

1Mənbələr